"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri[1]. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi[2].
Tarixi
Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə[3], sonra da Tehranda[2] nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır[2]. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü[2]. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki,
"...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..."[2]
Fəaliyyəti
"Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi[1]. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu[2]. Əşrəfəddin Gilaninin qəzetin səhifələrində çıxan satiraları həm bədii düşüncə, həm
ideya yönü, həm də deyim yolu baxımından Azərbaycan mollanəsrəddinçilərinin məsləkləri ilə eyni idi[4]. O, şeirlərdə günün vacib məsələlərini həm satira, yumor dili ilə, həm də lirik tərzdə ifadə edirdi[4].