Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Qazax qəzasının Salahlı kəndində mülkədar ailəsində doğulmuşdur. Bəzən adı "Məhəmməd ağa" şəklində də yazılır. Atası Mustafa ağa Mirzalı ağa oğlu Vəkilov (1833–1883), anası Fatma xanımdır. Mustafa ağa Krım müharibəsi zamanı Qafqaz cəbhəsində gedən döyüşlərdəQazax bəy sotnyasının (yüzlük) sıralarında hərbi əməliyyatlarda iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə, ordu komandanlığı tərəfindən gümüş temlyak gəzdirmək hüququnda yunker rütbəsinə layiq görülmüşdür.
Məmməd ağa Vəkilov Qori Seminariyasını bitirmiş (1883), Kutaisi quberniyasında kənd müəllimi işləmiş, sonra Kutaisi hərbi qubernatorluğu hərbi-xalq idarəsində dövlət müşaviri rütbəsində yazı tərcüməçisi işləmişdir.
Sonra xidməti vəzifəsi Tiflisə dəyişdirilmiş, 1905-ci ildən Qafqaz canişini Vorontsov-Daşkovun dəftərxanasında, hərbi-xalq işləri idarəsində, 1913-cü ildən Xüsusi Şöbədə çalışmışdır. Bu illərdə Tiflisin mədəni və ictimai həyatında yaxından iştirak etmiş, şəhərin türk əhalisi arasında hörmətli şəxslərdən biri olmuşdur. Ən yaxın dostları sırasında Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli kimi ziyalılar vardı.
Xalqının maariflənməsi yolunda var qüvvəsi ilə çalışan Məmməd ağa XX yüzilin əvvəllərində Tiflisdə hər dildə bir neçə qəzet çıxdığı halda, Qafqazın etnik spektrində çoxluq təşkil edən Azərbaycan türklərinin dilində bircə qəzet ("Şərqi-rus") çıxmasından narahat olduğundan, təşəbbüsdə bulunaraq 1905-ci ilin iyununda türkcə "İqbal" qəzeti nəşr etmək arzusu ilə canişin dəftərxanasına rəsmi ərizə ilə müraciət edir. Həmin komitənin sədri Qakkel iyunun 20-də Vəkilovun ərizəsinə rədd cavabı verməyi məsləhət görür. Səbəb – Şərq dilləri üzrə senzor qıtlığı göstərilirdi.
Onun yaxın dostu Cəlil Məmmədquluzadə də bu vaxt "Novruz" adlı qəzet buraxmaq üçü ərizə vermişdi. Qanunun tələb etdiyi təhsil senzinə malik olan hər iki şəxs rədd cavabı alsalar da, geri çəkilmirlər. Maraqlıdır ki, hər iki qəzetin hökumətə təqdim edilən proqramları eyni olmuşdur.
Ruhdan düşməyən dostlar taktikanı dəyişirlər. C. Məmmədquluzadə avqustun 13-də Qafqaz canişininə ərizə ilə müraciət edərək "Novruz" qəzetini nəşri barədə onu verilən hüquqdan Məmməd ağa Mustafa ağa oğlu Vəkilovun xeyrinə əl çəkdiyini bəyan edir. Üç gün sonra – avqustun 16-da Vəkilov icazənamə alır. Həmin ilin oktyabrında Vəkilov "İqbal"ı çıxarmaq üçün hökumətdən "Novruz"un hesabına aldığı hüququ Cəlil Məmmədquluzadəyə qaytarır. Lakin sonra Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalını çıxarmaq qərarına gəldiyindən bu niyyət gerçəkləşməmiş qalır.
Məmməd ağa Vəkilov 1912-ci ildən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti idarə heyətinin sədri idi.
Birinci Cahan Savaşı ərəfəsində zabit hazırlığı məktəbində Osmanlı türkcəsindən dərs demiş, hətta 1914-cü ildə həmin məktəbin müəllimi general-mayor M. D. Qutorla birlikdə 68 səhifəlik "Türk dilinin qısa qrammatikası" (Osmanlı türkcəsinin – İ. U.) kitabını nəşr etdirmişdir. Çar Nikolayın 1915-ci ildə Qafqaz səfəri əsnasında Tiflisdə Sərdar Sarayında onun şərəfinə verilən ziyafətdə Qafqaz müsəlmanları adından "salam" nitqi söyləməyin ona etibar olunması Məmməd ağanın hökumət yanında böyük etimad sahibi olmasından xəbər verirdi.
Millətpərvər ziyalılar dəstəsinə mənsub olan Məmməd ağa Vəkilov Azərbaycanın istiqlalı ideyasına rəğbətlə yanaşmış, millətin taleyində həlledici rol oynamış olan həmin dramatik hadisələrdə bir kənarda durub baxmamışdır.
Məmməd ağanın həyatı 1918-ci ildən sonra Bakı ilə bağlı olmuş, burada demokratik cümhuriyyət süqut edən günədək parlament dəftərxanasının rəisi vəzifəsində çalışmış, yeni dövlət quruculuğunda qüvvəsini əsirgəməmişdir.
Sovetləşmədən sonra bir müddət Darülmüəllimatda (Qızlar Seminariyası) türk dilindən dərs demiş, lakin sonra pensiyaya çıxmış, heç bir yerdə işləməmişdir.
Məmməd ağa Vəkilov ictimai, siyasi və pedaqoji fəaliyyəti ilə yanaşı Azərbaycan lüğətçiliyinə də böyük töhfə vermiş, bu vacib iş üzərində bütün ömrü boyu çalışmışdır. Hazırladığı materialları 30-cu illərin sonlarında SSRİ EA Azərbaycan Filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru Heydər Hüseynova təqdim etmiş, zəhmətinin qonorarını almışdır. Lakin 1940–46-cı illərdə Heydər Hüseynovun redaktorluğu altında çapdan çıxan rusca-azərbaycanca lüğətlərdə tərtibçilərdən biri kimi Məmməd ağa Vəkilovun adına rast gəlinmir. Görünür, o səbəbdən ki, Məmməd ağa Vəkilov demokratik cümhuriyyət dönəmində parlament dəftərxanasının rəisi olmuş, oğlu Mustafa "xalq düşməni" kimi məhkum edilərək sürgünə göndərilmişdi.
H. Hüseynovun redaktorluğu ilə 1939-cu ildə nəşr edilmiş "Azərbaycanca-rusca lüğət" ilə, yenə onun redaktorluğu ilə 1941-ci ildə nəşr edilmiş eyniadlı lüğətin təkmilləşdirilmiş variantının müqayisəsi göstərir ki, məhz ikincinin təməlində Məmməd ağanın lüğəti durur. Buna sübut kimi lüğətdə Qazax dialektinə, xüsusən də Salahlı şivəsinə məxsus çoxlu sayda söz və ifadələrin yer almasını göstərmək olar. Digər tərəfdən, lüğətə yazılmış ön sözdə də qeyd edilir ki, "1939-cu ildə institutumuz tərəfindən nəşr edilmiş "Azərbaycanca-rusca lüğət"in yenidən işlənmiş və xeyli artırılmış təb'idir". Lüğətin bu nəşrinə 17 min söz (törəmə söz və misallardan başqa) salınmışdır.
Məmməd ağanın bu 30 illik əməyinin bəhrəsi şübhəsiz ki, Azərbaycan lüğətçiliyinə böyük töhfə sayıla bilər. Yeri gəlmişkən, Məmməd ağa Vəkilovun lüğətçilik fəaliyyətindən o vaxtın elm adamları xəbərdar imişlər. Onun türkologiya elmi üçün bu və digər xidmətlərindən Rusiya alimləri də xəbərdardır. Məmməd ağa Vəkilovun adı Rusiyada hazırlanmış türkologiya ensiklopediyasına düşmüşdür.
Ailəsi
Məmməd ağa Vəkilov öz həmkəndlisi Mədinə xanım Əmiraslan ağa qızı Şıxlinskaya ilə (general Əli ağa Şıxlinskinin əmisi qızı) 1898-ci ildə Tiflisdə evlənmişlər. Yeganə oğluna atası Mustafa ağanın adını qoymuşdur. Mustafa ağa Vəkilov ADR hökumətinin Avropaya göndərdiyi 100 tələbədən biri idi. Parisdə Sorbonna Universitetinin hüquq fakültəsini bitirib 1924-cü ildə Bakıya qayıtmışdır. Azərbaycanda ilk hüquq professoru kimi tarixə düşmüşdür. 1938-ci ildə repressiya olunmuş, şimal konslagerində həyatını itirmişdir.
Məmməd ağa Vəkilov 1941-ci ilin əvvəllərində gözlərini həyata yummuş, Dağüstü qəbiristanlıqda qohumların yanında dəfn edilmişdir. Lakin baş daşı qoyan olmadığından bu böyük insanın məzarının yeri itmişdir. Mədinə xanım müharibədən sonrakı illərdə Bakıda vəfat etmişdir.
Mənbə
İsmayıl Umudlu. Vəkiloğulları, Bakı, "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh.365–387, 536 səh.