Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir.[1]
1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir.[2]
1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.[3][4]
Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir.[5] O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur.[3]
↑Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 340.
↑Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 350.
↑Азәрбајҹан Коммунист Партијасынын Мәркәзи Комитәсиндән, Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әтиндән, Азәрбајҹан ССР Назирләр Советиндән // Коммунист. № 237 (16366). 10 октјабр 1976-ҹы ил. С. 1.
↑Xəlilov Məmməd Rza oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 97.