Məmməd Bəy oğlu Xeyirov (1925, Susayqışlaq kəndi, Xaçmaz rayonu, Azərbaycan SSR – 2008, Bakı şəhəri, Azərbaycan) — görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru (1975), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) müxbir üzvü.[1]
Məmməd Xeyirov 1925-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur.
O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmişdir. 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1975-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.
Pedaqoji və elmi fəaliyyəti[1]
O, 1941–1944-cü illərdə Xaçmaz rayon orta məktəbində fizika və riyaziyyat fənlərindən dərs demişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universietinin Rentgen-struktur analiz laboratoriyasında laborant, baş laborant və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1951–1957-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. M.Xeyirov elmi fəaliyyətə 1957-ci ildə Azərbaycan Dövlət Neftçıxarma İnstitutunda böyük mühəndis vəzifəsində başlamışdır. Görkəmli alim, bu institutun Litologiya laboratoriyasının nəzdindəki Süxurların fiziki üsullarla tədqiqi bölməsində axtarış-kəşfiyyat quyularından kern nümunələrinin rentgen quruluş təhlili ilə tədqiqatlar aparmışdır. Həmçinin o, "Azəbaycan neft təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Elmi əsərləri və ixtiraları[1]
M.Xeyirov 370 dərc olunmuş elmi əsərin, o cümlədən 8 monoqrafiya (həmmüəlliflərlə) və 2 ixtiranın müəllifidir.
İstinadlar
- ↑ 1 2 3 4 "Xeyirov Məmməd Bəy oğlu. AMEA-nın vəfat etmiş müxbir üzvləri". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.