Məmməd Yaqub oğlu Qazıyev (1921, Gəncə – təq. 2001) — həkim, tibb elmləri doktoru, RSFSR əməkdar həkimi, Azərbaycan SSR sosial təminat naziri (1974–1988).
Həyatı
Məmməd Yaqub oğlu Qazıyev 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi burada bitirdikdən sonra Sovet Ordusunda xidmət etmiş, müharibə iştirakçısı olmuşdur. 1941-ci ildən təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş, burada komsomol komitəsinin katibi seçilmişdir. 1946-cı ildən isə Moskva Dövlət Tibb İnstitutunun aspirantura pilləsində davam etdirmişdir. Tibb elmləri doktoru elmi dərəcəsini almışdır.[1]
Moskvada olduğu dövrlərdə Məmməd Qazıyev SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Daimi Nümayəndəliyinin işçisi olmuşdur. 1949-cu ildən Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında (ÜİHİMŞ) bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildən Azərbaycan SSR sosial təminat naziri olmuşdur.[2]
Məmməd Qazıyev 1944-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədri və IX, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[2] "Vətən müharibəsi", "Xalqlar dostluğu", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş, "RSFSR əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.[1]
Ailəsi
Məmməd Qazıyev Adilə xanımla ailə qurmuşdu. Nailə və Aliyə adlı qızları var.[1] Qızı Aliyə Qazıyeva Heydər Babayevin həyat yoldaşıdır
İstinadlar