Məmməd Həsən oğlu Nəsirbəyov (6 iyun 1897, Naxçıvan – 17 aprel 1980, Bakı) — bəstəkar.
Həyatı
Məmməd Nəsirbəyov 6 iyun 1897-ci ildə Azərbaycanın ayrılmaz bölgəsi, əsrarəngiz gözəlliyi ilə hər kəsi valeh edən Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun atası Mirzə Cəlil Məmmədquluzadə ilə eyni parta arxasında oturmuş, onunla eyni fikirli, eyni əqidəli silahdaş olmuş, əvvəl Naxçıvanda, sonra isə İrəvan seminariyasında təhsil almışdır. Seminariyada oxuduğu illər demokratik hərəkatın fəal üzvlərindən olmuş tələbə yoldaşları ilə birlikdə seminariyanın rəhbərliyi tərəfindən təqib olunmuşdur. İrəvan seminariyasını bitirdikdən sonra 1887-ci ildə Mirzə Həsən Nəsirbəyov Naxçıvandan Bakı şəhərinə iki ay yarım müddət ərzində piyada yol gəlmiş və bu şəhərdə məskunlaşmışdır. Mirzə Həsən İçəirşəhərdə yaşayır və burada mədrəsənin nəzdində ibtidai məktəb açır. Nəriman Nərimanov təhslini başa vuraraq Bakıya gəldikdə Mirzə Həsən Nəsirbəyovla dərs ilinin sonunadək eyni mənzildə yaşayaraq birlikdə çalışır.
Mirzə Həsənin övladı Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verir. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayarkən Məmməd məktəbin xor kollektivində iştirak edir, gözəl, cəlbedeci səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edir.
1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəylinin Naxçıvana gəlişi və bir ilədək bu şəhərdə yaşaması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inikişafına, musiqiçilərin, aktyorların, eləcə də gənc Məmmədin yaradıcılıq həyatına mühüm təsir göstərir. Zülfüqar Hacıbəyli Naxçıvan teatrında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", özünün "50 yaşında cavan" musiqili komediyalarını səhnələşdirərək tamaşaya qoyur. Bəstəkar "Evliykən subay" operettasını Naxçıvanda yaşayarkən tamamlayır və 1912-ci ilin mart ayında Naxçıvan teatrının səhnəsində bu əsər tamaşaçılara təqdim olunur. Zülfüqar Hacıbəyli Nacxçıvanda ardıcıl olaraq Şərq musiqisindən ibarət müsamirələr təşkil edir.
Zülfüqar Hacıbəylinin Naxçıvana yaradıcılıq səfəri şəhərin musiqi, teatr həyatını canlandırır, gənc musiqiçilərin, aktyorların yaradıcılıq həyatına yeni rəng verir.
Onu qeyd etmək yerinə düşərdi ki, bəstəkar Naxçıvanda yaşadığı dövrdə xoş xəbər alır- oğlu dünyaya gəlir. Zəmanəsinin görkəmli dirijoru Niyazi.
Musiqiyə, teatr sənətinə böyük həvəsi olan Məmməd yuxarıda qeyd edilən musiqili komediyalardan parçalar öyrənir və ifa edir.
1914-cü ilin sonunda Nəsirbəyovların ailəsi Bakı şəhərinə köçür və gənc Məmməd xalq musiqisinin öyrənilməsinə xüsusi önəm verərək tar çalmağı öyrənir, xalq mahnı və rəqslərinə, muğamlara marağı daha da artır. O dövrdə musiqi təhsili almaq üçün məktəb olmadığından, musiqi və ustad yanında fərdi şəkildə məşğul olurdular. 1923-cü ildə Üzeyir Bəyin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd solo oxumaq fənni üzrə Aleksandr Kolotovdan, tar üzrə dərsləri isə muğam bilicisi Mansur Mansurovdan alır. Üzeyir Bəy yeni nəsil bəstəkar, dirijor, musiqişünas hazırlamaq məqsədilə məktəbdə istedadı ilə fərqlənən şagirdlərdən ibarət dərnək təşkil edir. Bu dərnəkdə Məmməd Nəsirbəyov, Asəf Zeynallı, Əşrəf Həsənov, Əbdülrəhim Kərimov bəstəkarlıq, dirijorluq, müsiqişünaslıq sahəsində ilk sınaq addımlarını atırdılar. Üzeyir Bəy şəxsən onlara rəhbərlik edir, eyni zamanda, musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənlərini tədris edirdi. Növbəti ildə məktəbin hesabat konsertində Məmməd Nəsirbəyov tarda "Rast" muğamını tam, ustalıqla ifa etmişdir. Məktəbin illik hesabat konserti Azərbaycanın musiqi həyatının böyük uğuru, inkişafın ilk mərhələsi idi, əlbəttə ki, təhsil sahəsində.
1927-ci ildə Məmməd Bakı Musiqi Texnikumunda təhsilini davam etdirir. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəyli, vokal fənnini Marqarita Kolotova, bəstəkarlıq üzrə Nikolay Xeyf, orkestrləşməni isə Stefan Ştrasser tədris edirdilər. 1932-ci ildə Məmməd Nəsirbəyov Pyotr Çaykovski adına Moskva Konservatoriyasında professor Litinskidən kompozisiya və polifoniyadan dərs alır. Bir ildən sonra Bakıya qayıdır və Bakı Konservatoriyasında Leapold Rudolfun, Pyotr Ryazanovun, Boris Zeydmanın sinfində təhsilini davam etdirir. Azərbaycan xalq musiqisinin əsaslarını isə yenə də Üzeyir bəydən öyrənir.
Məmməd Nəsirbəyov təhsil aldığı illər ərzində skripka, fortepiano, valtorna alətlərində çalmağı öyrənir. 1940-cı ildə o, Ü. Hacıbəyli adına Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsini müvəffəqiyyətlə bitirir.
Məmməd Nəsirbəyovun bəstəkarlıq yaradıcılığı müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir.
Bəstəkarın yaradıcılığında simfonik, kamera, xor musiqisi, müxtəlif alətlər üçün yazdığı instrumental əsərlər, Azərbaycan xalq çalğı alətləri orkestri üçün, mahnı və rəqs ansamblı üçün suitalar, mahnı və romanslar əsas yeri tutur. Vaxtilə onun əsərləri tez-tez konsert salonlarında səslənib, eləcə də tədris müəssisələrində tədris planına daxil edilmişdir. Bir sıra əsərləri Bakıda "Azərnəşr", "İşıq" nəşriyyatında, Moskva şəhərində çap edilmişdir.
Bəstəkarın simfonik orkestr üçün yazdığı "Suita", Azərbaycan xalq çalğı alətləri orkestri üçün "Şənlik" suitası, "Naxçıvan" rəqs suitası, "Nizami" suitası (sözləri Məmməd Rahimindir), simli kvartet üçün "Suita", "solist, qarışıq xor və fortepiano üsün "Kantata", Nizaminin, Füzulinin, C. Cabbarlının, M. S. Ordubadinin, S. Vurğunun, M. Seyidzadənin, N. Rəfibəylinin, S. Rüstəmin, N. Gəncəlinin, Ş. Abbasovun, İ. Soltanın sözlərinə bəstələdiyi mahnı və romanslar, eləcə də fortepiano üçün "Fantaziya", "Ekspromt", "Qaytağı", "6 prelüd", "9 fuqa", "24 pyes", "12 uşaq pyesləri", "12 xalq mahnı və rəqslərin işləməsi", skripka üçün "Variasiyalar", müxtəlif alətlər üçün bəstələdiyi əsərlər onun zəngin yaradıcılığından xəbər verir.
Məmməd Nəsirbəyov bir musiqişünas kimi də Azərbaycan musiqisinə öz dəyərli töhfələrini vermişdir.
"Elementar musiqi nəzəriyyəsi", "Homofon musiqi formasının öyrənilməsində sistemli rəhbərlik", "Alətşünaslıq və orkestrləşdirmə məsələləri üzrə ensiklopedik lüğət", "Azərbaycan xalq musiqisi ladlarının quruluşu və münasibətləri cədvəli", "Musiqi təlimi" elmi-nəzəri kitabları musiqi nəzəriyyəsi sahəsində tədqiq olunan əvəzsiz, dəyərli əsərlərdəndir.
Məmməd Nəsirbəyovun zəngin yaradıcılıq irsi tədqiqatçılarımız tərəfindən dərindən araşdırılmalı və bu əsərlər vaxtında olduğu kimi, konsert salonlarında, tədris, elmi müəssisələrdə istifadə olunmalıdır. Çünki bu əsərlər zəngin musiqi xəzinəmizin diqqəti cəlb edən dəyərli nümunələridir.
Məmməd Nəsirbəyovun əmək fəaliyyəti Azərbaycan musiqi həyatının quruculuq illərinə təsadüf edir. Üzeyir Bəyin sevimli tələbəsi kimi gənc Məmməd bu quruculuq işlərində yaxından iştirak edir. 1920–1922-ci illərdə Üzeyir Bəyin təşəbbüsü ilə Siyasi İdarənin nəzdində Azərbaycan Xalq Çalğı Alətləri Orkestri yaradılır. Orkestrin tərkibi 70 nəfər musiqiçidən və 10 nəfər tanınmış xanəndə, müğənnilərdən ibarət idi. Məmməd bu orkestrdə tarzən vəzifəsində çalışırdı. Orkestr əsasən hərbi və dəniz donanması hissələri üçün konsertlər verirdi. Gözəl, lirik tenor səsə malik olan, artıq musiqiçi kimi püxtələşən Məmməd 1919–1924-cü, 1930–1932-ci illərdə opera teatrında əvvəl xor artisti kimi, sonra isə solist kimi fəaliyət göstərir. Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında Əsgərin ariyasını müvəffəqiyyətlə ifa edir. 1931–1937-ci illərdə Radio Komitəsində solist kimi çalışır.
Nəsirbəyov yeni nəsil musiqiçilərin yetişdirilməsinə, təhsilinə diqqətlə yanaşaraq sonrakı illərini pedaqoji fəaliyyətə həsr etmişdir. O, Bakı şəhərinin dağlıq hissəsində 1, Suraxanıda 5, Maştağa kəndində 11 saylı uşaq musiqi məktəblərinin yaradılmasının təşəbbüskarı və fəal iştirakçısı olmuşdur. Bu məktəblərdə direktor vəzifəsində işləyərək həmin məktəbləri təşkil etmiş, eyni zamanda, musiqi nəzəryyəsi fənnini tədris etmişdir.
Məmməd Nəsirbəyov musiqi məktəbində təhsil alan şagirdləri həvəsləndirmək məqsədilə onların evlərinə gedir, öz vəsaiti hesabına onları musiqi ədəbiyyatı ilə təmin edir, musiqi alətlərini təmir edirdi. Bu işlərə onun əməkhaqqının 1/3 hissəsi gedirdi. O, pedaqoji, teatr texnikumlarında, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ardıcıl olaraq pedaqoji fəaliyyətini davam etdirmiş, gənc musiqiçilərin təhsilinə hər zaman diqqətlə yanaşmışdır.
Böyük Vətən Muharibəsi illərində o, dəfələrlə Bəstəkarlar İttifaqı və İncəsənət İşləri üzrə İdarə tərəfindən hərbi hissələrə ezam olunmuş, əsgərlərə patriotik, döyüş ruhlu mahnılar öyrədərək onları qələbəyə səsləmişdir.
Məmməd Həsən oğlu Nəsirbəyov SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə 6.06.1945-ci ildə Böyük Vətən Müharibəsi illərində əməyinə görə medalla təltif olunmuşdur. Onun yaradıcılığı müxtəlif fəxri-fərmanlarla, medallarla qiymətləndirilmişdir.
Nəsirbəyovlar ailəsi, eləcə də bu nəsil ilə yaxın qohum olan Rza Təhmasib, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Müzəffər Nəsirli Azərbaycan incəsənətində, ədəbiyyatında öz layiqli imzalarını atmışlar.
İstinadlar