Murad Kajlayev (15 yanvar 1931, Bakı – 23 dekabr 2023[1], Mahaçqala) — bəstəkar və pedaqoq, dirijor. SSRİ xalq artisti (1981),
Həyatı
Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq idi.
Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxır. Və onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul edirlər. 1949-cu ildə M. Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alır.
SSRİ Bəstəkarlar İttifaqının Nizamnaməsinə görə hər bir bəstəkar Ali musiqi məktəbini bitirib, iki il sınaq yaradıcılığı mərhələsini keçir, sonra isə Ittifaqa daxil olmaq haqqında ərizə vermək hüququnu qazanırdı. Lakin istisna olaraq M. Kajlayev hələ tələbəlik illərində SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul olunur. Əlbəttə, bu onun çox böyük fitri istedadından və yazdığı əsərlərin yüksək səviyyəsindən xəbər verirdi. Sonrakı illərdə o, Mahaçkalaya köçərək, öz bəstəkar həmkarları olan H. Həsənov, N. Daqirov və S. Ağababovla birlikdə Dağıstan Muxtar Respublikasında peşəkar bəstəkarlıq yaradıcılığının təməlini qoyur.
Dağıstanda yaşayarkən o, müəllimliklə də məşğul olur. M. Kajlayev Mahaçkalanın musiqi texnikumunda dərs deyir, vokal-instrumental ansambla rəhbərlik edir, 1957–63-cü illərdə Dağıstan radiosu simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, 1963–73-cü illərdə Dağıstan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi işləmiş, nəhayət, 1989-cu ildən bu günümüzə qədər isə Moskvada Yuri Silantyev adına Akademik Böyük estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. M. Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən almışdır.
M. Kajlayevin Rusiyanın Dövlət teleradio orkestri ilə ünsiyyəti 50 ildir ki, davam edir. Keçən əsrin 50-ci illərinin ortalarında orkestr ilk dəfə öz konsert repertuarına onun əsərlərini daxil etmiş və bu orkestr bəstəkarın əsərlərini ilk dəfə xarici ölkələrdə səsləndirmişdir. Elə həmin illərdə də gənc bəstəkar bu tanınmış kollektivi idarə etməyə başlamışdır.
15 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə M. M. Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib.[5]
23 dekabr 2023-cü ildə 92 yaşında vəfat edib.[6]
Yaradıcılığı
Bakıda təhsil alarkən o, simli kvartet, fortepiano və skripka üçün kamera-instrumental əsərlər və "28 qəhrəman-Panfilovçular" simfonik poemasını yazmışdır. Bu əsərlər onun yaradıcılığında mühüm yer tutur. M. Kajlayevin ən uğurlu səhnə əsərlərindən biri "Dağlar qızı" 1968-ci ildə Sankt-Peterburqun opera və balet teatrında tamaşaya qoyulmuşdur. Bu balet indi də onun 1984-cü ildə etdiyi ikinci redaksiyası ilə Sankt-Peterburq teatrında göstərilir və hər dəfə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Məşhur Misir bəstəkarı Qamal Əbdül Rahim "Dağlar qızı" baleti haqqında: "M. Kajlayevin "Dağlar qızı" baletinin musiqisi ilə görüşüm məni valeh etdi. Bu musiqi milli klassik formanı özündə parlaq surətdə təcəssüm etdirir. Buna görə də onun emosional təsiri çox böyükdür. Dağıstan bəstəkarının baleti təkcə sovet tamaşaçısını deyil, bir çox ölkələrin, eləcə də mənim ölkəmin tamaşaçılarını valeh edir".
1960-cı illərdə zəmanəmizin dahi bəstəkarı Dmitri Şostakoviç o zaman gənc Murad Kajlayev və onun "Dağlar qızı" baleti haqqında aşağıdakı fikirlərini söyləmişdir: "Onun musiqisində dinləyiciləri cəlb edən təkcə səs palitrasının rəngərəngliklə təsviri deyil, həmçinin milli temperament, teatrallıq, jestlər, mimika, rəqs hərəkətləri, dramaturgiyanın inkişafı prosesləridir. Onun anadangəlmə özünəməxsus yaradıcılıq naturası Kajlayevi məhz səhnəyə, musiqi teatrına, baletə bağladı. Elə bu məziyyətlərin nəticəsində Rəsul Həmzətovun poeması əsasında Dağıstanın ilk şedevr baleti yarandı".
Filmoqrafiya
- Sovet Azərbaycanı (film, 1977)
- Məhəbbətim mənim, kədərim mənim (film, 1978)
- Qəribə adam (film, 1979)
İstinadlar
Xarici keçidlər