1578-ci ilin payızında Osmanlı ordusu Tiflisi və Şirvanı ələ keçirdi. Atası mənşəcə adıq olan Özdəmiroğlu Osman paşa Şirvan bəylərbəyi təyin edildi və ona vəzifəsi ilə birlikdə, sərdar rütbəsi də verildi. Osmanlı ordusunun əsas hissəsinin qışı Ərzincanda keçirməsinə görə Şirvan bəylərbəyiliyi vəzifəsi təhlükəli vəzifə hesab edilirdi.[1][2][3] Həmçinin, qüvvələri məhdud olan bu bəylərbəyinə tapşırılan vəzifələrdən biri də Şirvanı geri almaq üçün ola biləcək Səfəvi hücumlarının qarşısını almaq idi. Osman paşanın Şirvanda möhkəmlənə bilməsi üçün Səfəvilərin Şirvan bəylərbəyisi Araz xan Rumlunun qüvvələrini məğlub etməli idi. Araz xan Osmanlı Şamaxını tutmamış oranı tərk etmiş və Kür çayının sahillərinə geri çəkilmişdi. Hərbi əməliyyatların əvvəllərində Krım tatarlarının süvari dəstələrinin varlığı Osmanlı ordusunun döyüş manevr qabiliyyətinin xeyli yüksəlməsinə səbəb olmuşdu.[4] Həmçinin, o da məlum idi ki, Səfəvi şahı vəliəhd oğlu Həmzə Mirzənin nominal komandanlığı altında 12 minlik ordunu Şirvanı geri almağa göndərmişdi.[5] Bu zaman Həmzə Mirzə Peçeviyə görə azyaşlı[6], Rəhimizadəyə görə isə, 8 yaşlı oğlan idi.[7]
Osman paşa Araz xana iki cinahdan hücum etməyi planlayırdı, lakin gözlənilmədən onun özü Araz xanın hücumuna məruz qaldı.[8][9] Araz xan tələsirdi, çünki o, Həmzə Mirzə və Məhdi Ülyanın komandanlığı altında əsas Səfəvi ordusunun yaxınlaşmasından xəbərdar idi. Həmçinin, Şirvan əmirləri Şirvanı döyüşsüz tərk etdikləri üçün şahın gözündən düşəcəklərindən qorxurdular.[5][10]
Şamaxı uğrunda döyüş 9 noyabr 1578-ci ildə başladı[8][11] və bir neçə gün davam etdi. Üçüncü günün səhərində Krım xanının qardaşı olan Adil Gəray 15 minlik tatar ordusunun komandanlığıda Osmanlı ordusunun yardımına yetişdi. Bu döyüşün nəticəsinin müəyyən olunmasında həlledici faktor oldu və Səfəvi ordusu məğlub edildi.[2][12][13]Araz xan və oğlu Osmanlı ordusuna əsir düşdülər və edam edildilər.[14][10][15] Osmanlı ordusu qələbə qazansa da, hər iki tərəf xeyli sayda itki vermişdi.[12][16]
Araz xanın düşərgəsinə hücum
Osman paşa tatarları mükafatlandırdı və onların şərəfinə 3 gün qonaqlıq keçirdi, lakin mükafatlandırma görünür Adil üçün o qədər qaneedici olmamışdır və ya yağmalama onun üçün adi bir şey idi.[15]Adil Gəray və sancaq bəyi Areşa Piyalə bəy Araz xanın düşərgəsinə hücum etmək qərarına gəldi.[2] Döyüşdən sağ çıxa bilən və qaçan qızılbaşlardan düşmən ordusunun yaxınlaşdığını öyrənən Həmzə Mirzə düşərgə salmağı, onu mühafizə etməyi və çay boyunca patrul gəzməyi əmr etdi. Talışlardan olan əmirlər Cavaddakı körpü üzərində Şamaxıdan geri çəkilən qızılbaşların çayı keçməsi üçün mühafizəyə başladılar (Kür və Arazın birləşdiy yerdə). Bu zaman olar Adil Gərayın yaxınlaşması barədə məlumat aldılar. Onlar tatarların çayı keçməsinin qarşısını almaq üçün körpünü uçursalar da, özlərini çatdıran tatar süvarilər çaya baş vurdular və onu keçib döyüşməyə başladılar.[10]
Bu zaman Səfəvi əmirləri başqa bir yerdə də tatar bölməsinin olduğunu və onlara arxadan hücum etdiyini öyrəndilər. Qarışıqlıq düşdü və düşərgəni müdafiə etmək mümkün olmadı. Təlaş içində geri çəkilən səfəvilərin düşərgəsi ələ keçirildi. Düşərgədəkilərin xilas olma şansları olmadı. Qadınları və uşaqları, qənimətləri ələ keçirən Adil Gəray həmin gün çayı keçərək Şirvana geri döndü.[17] Bütün tarixçilrə qeyd edir ki, tatarlar qəflətən düşərgəyə hücum etmiş və çox sayda qənimət ələ keçirmişdir.[2][18][10][15] "Ərəş xanının 70 gözəl arvadı və qızı, təxminən 50 kənizi və gənc oğlu əsir götürüldü."[19] Bu hadisənin müasirləri (İbrahim Rəhimizadə, Mustafa Əli Gelibolulu və Dal Mehmed Asafi) bu hücumu və soyğunu qınamışdı, çünki bu hadisə Ramazan bayramında baş vermişdi.[15]Peçevi iddia edirdi ki, tatarlar düşərgəyə öz istəkləri ilə hücum etməmişdilər, tarixçi bildirirdi ki, tatarlar düşərgəyə Osman paşanın əmri əsasında hücum etmişdirlər.[19]
Döyüş
Səfəvilər vəliəhd şahzadə Həmzə Mirzənin rəhbərliyi altında ordu topladılar. Əsində isə orduya Şah Məhəmməd Xudabəndənin vəzir Mirzə Salman rəhbərlik edirdi. Oruc bəyə görə, bu ordu Ərəşi alan ordu ilə eyni ordu olmuşdur.[14] Osmanlı mənbələrinə görə, ordudakı döyüşçü çayı 50–100 min arasında dəyişirdi. Mirzə Salman Kür çayını keçmiş və 26 noyabr tarixində Şamaxıya yaxınlaşıb, şəhəri 3 günlük mühasirəyə almışdır.[6][20] Osman paşa Adil Gəraya məktub göndərmiş və qənimətləri ataraq Şamaxıya gəlməyi əmr etmişdir.
Mirzə Salman və əmirlər Qarabağdan təcili hərəkətə başladılar və Qoyun ölümü keçidindən Kürü keçərək Şirvana daxil oldular. Onlar Osman paşanı Şamaxı qalasında mühasirəyə aldılar. Mühasirə zamanı qızılbaşlar qalaya girmək istəyən bir neçə tatarı ələ keçirdilər. Onlarda Adil Gərayin Osman paşaya məktubu var idi. Qızılbaş əmirləri məktubu oxuyub öyrəndilər ki, tatar xanı Əbubəkr Mirzə ilə birlikdə rumlu tayfasının düşərgəsini talan etmiş, indi isə təcili qaydada şimala, Osman paşanın köməyinə tələsir . Şamaxı ətrafında qalmaq əmirlərə çox təhlükəli göründü.[21] Çünki aydın idi ki, tatarlar gələnə qədər onlar Osman paşanın uğurlu müdafiə olunduğu qalanı ala bilməyəcəklər. Eyni zamanda əmirlər şübhə edirdilər ki, tatarlar cənubdan gələcəyə təqdirdə, onlar bir neçə cəbhədə vuruşmaqla döyüşü uda biləcəklər. Araz xanın faciəli taleyi də bunu düşünməyə əsas yaradırdı . Buna görə də əmirlər Şamaxı yaxınlığında Vəli Xəlifə Şamlının başçılığı altında 3 min nəfərlik dəstə qoyaraq Mirzə Salman, qorçibaşı Qulu bəy Əfşar, Şahrux xan möhrdar, Məhəmməd xan Türkman, Pirə Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, Müseyib xan Şərəfəddin oğlu Təkəli, İmamqulu xan Qacar, Əmir Həmzə xan və digər "adlı-sanlı" əmirlərlə cənuba, tatarlara qarşı yerimək barədə qərar qəbul etdilər.[22] Qoşununun bir hissəsini mühasirəni davam etdirmək üçün şəhərin yanında saxlayan Mirzə Salman tatarlarla döyüşmək üçün təxminən 20 minlik qoşunla yola düşdü.[6][23] Onu müşayiət edən Səfəvi sərkərdələri arasında Məhəmməd xan Türkman, Durmuş xanın nəvəsi Məhəmməd xan Ustaclı, Şərəfəddin xan Təkəli, İmamqulu xan Qacar və digərləri var idi.[17][24]Adil Gəray və onun qardaşları – Səadət Gəray və Əsgər Gəray Həmzə Mirzənin qoşunlarının gəlməsi, Şamaxını mühasirəyə alması xəbərini eşidib mühasirəyə alınmış Osman paşanın köməyinə çatmaq üçün şimala hərəkət etdilər. Şamaxıya doğru irəliləyən Adil Gəray 28 noyabr 1578-ci ildə Ağsu çayı sahilindəki Mollahəsənli qəsəbəsində Səfəvi ordusu ilə üzləşdi.[22]
Şərəf xan və Oruc bəyə görə, Mirzə Salman düşərgə yeri seçimində səhvə yol verən və mühafizəçi təyin etməyən Adil Gəraya hücum etdilər.[14] Onun ordusunda ümumilikdə 12 min tatar və 4–5 min ləzgi, şirvanlı və qarabökrlü var idi. İskəndər bəy Münşi obrazlı şəkildə qeyd edirdi:
Ölülərin qanına bulaşmış döyüş meydanı lalələr örtülmüş çəmənliyi xatırladırdı.[22]
Səhər başlanan döyüş axşama qədər davam etdi. Şamaxı yaxınlığında qalmaq əmri almış bir sıra qızılbaş əmirləri düşmənin başlıca qüvvələri ilə döyüşdə iştirak etməyi özləri üçün şərəf işi sayaraq mühasirəni özbaşına tərk etmiş, qızılbaş qoşunlarına qoşularaq onların sıralarını xeyli gücləndirmişdilər. Tatarlar bütün günü hər vasitə ilə onları darmadağın etməyi qərara almış qızılbaşların ardı-arası kəsilməyən hücumlarını dəf etmişdilər.[22]
Qızılbaş ordusunun tədricən üstünlüyü ələ aldığını görən Adil Gəray ordusunu ruhlandırmaq üçün özü döyüşə girdi və qısa müddət sonra Baba Xəlifə Qaramanlının başçılıq etdiyi dəstə tərəfindən nizə ilə atından yerə salındı. Qızılbaşlar onu öldürək istəsələr də, tanıyaraq sağ buraxıb, əsir etdilər. Adil Gəray əsir düşdükdən sonra tatar ordusu vahimə içində qaçmağa başladı. Sonda yalnız bölgəni tanıyan ləzgilərin, şirvanlıların və qarabörklülərin bir hissəsi dağlara qaçaraq canını xilas edə bildilər. Araz xan Rumlu məğlub edilərkən tatarların əlinə keçən bütün qənimət geri qaytarıldı.[25]
Tatar ordusu darmadağın edildi, döyüşçülərin çoxu qaçmağa başladı və Adil Gəray 2 min nəfərlə meydanda qaldı və əsir düşdü.[24][26] İbrahim Rəhimizadəyə görə, əsirlərin gözəlliyi tərəfindən gözləri kor olan, başı əyləncəyə və eyş-işrətə qarışan təhlükəsiz geri çəkilmə təşkil edə bilmədi.[27][24]
Tatarlara edilən ilk Səfəvi hücumuna Həmzə xan Ustaclı komandanlıq edirdi.[17]
Döyüşün təsviri mənbələrdə müxtəliflik göstərməkdədir. İsgəndər bəy Münşi və Şərəf xan tatarların cəsur formada döyüşdüyünü, döyüşün bütün gün boyunca davam etdiyini yazır,[17]Oruc bəy isə, Səfəvi ordusunun cəld hərəkət etdiyini, tatarların hücuma məruz qaldıqlarını bildikdə artıq yarısının öldürüldüyünü və Adil Gərayın əsir düşdüyünü yazmışdır.[28][29] İbrahim Peşevi durmaq bilməyən yağışın təsiri nəticəsində tatarların hərəkət edə bilmədiyini və Səfəvi ordusunun tez bir zamanda onların dörd bir yanını mühasirəyə aldığını bildirir.[28] Tarixçilər tatarların məğlubiyyətinin əsas səbəbi kimi təkəbbürlülüyü və diqqətsizliyi göstərirlər.[26]
İbrahim Rəhimizadəyə görə, Adil Gəray "qəzəbli şir kimi döyüşə atılmış"dır.[30][31] Baba Xəlifə Qaramanlı adında Səfəvi döyüşçüsü tatar komandanı atından yerə salmış və onu öldürmək istəyərkən Adil Gəray ona öz adını demiş və əsir düşmüşdür.[17][32] Komandansız qalan tatarlar döyüş meydanından qaçmağa başladılar, yerdə qalanları isə qətlə yetirildi. Bölgəni tanıyan şirvanlılar və ləzgilər qaçmağı bacardılar. Qəlbə qazanan Səfəvi ordusu bölgədə tatarlar tərəfindən tərk edilmiş böyük qənimətlərin qaldığını gördülər və tatarları təqib etməyi dayandırdılar. Tatarların Araz xanın düşərgəsindən ələ keçirdikləri demək olar ki, hər şey Mollahəsənli də Səfəvi ordusunun əlinə keçdi.[17] Təxminən 30 tatar zadəganı, 2 min adi döyüşçüsü əsir düşdü. Osmanlı sancaq bəyi Areşa Piyalə bəy də əsir düşənlər arasında idi.[2][14][24][30]
Nəticə
Osmanlı ordusu ümidsiz vəziyyətdə idi. Osman paşa tatarların Mollahəsənlidəki məğlubiyyət xəbərini Şamaxıdakı ordudan gizlətdi və onların qələbə qazandığını elan etdi. Uydurduğu hekayəyə inandırıclıq qazandırmaq üçün toplardan qələbə atəşləri edilməsini əmr etdi, lakin həqiqət tez bir zamanda qaladakı döyüşçülər arasında yayıldı və əsgərlərin bir çoxu fərariliyə başladı.[33] Osman paşa Şamaxını tərk edərək Dərbəndə doğru geri çəkildi. Qızılbaş ordusunun aramsız hücumlarına məruz qalan və pərən-pərən salınmış Osmanlı ordusuna qənimət əldə etmək üçün yerli əhali də hücumlar təşkil edirdi. Yorğunluqdan geri qalan bütün Osmanlı piyadaları beləcə həyatını itirdi, sağ qalmağı bacarmış ordusu ilə Dərbəndə çatan Osman paşa qızılbaş qələbəsindən ruhlanan yerli əhalinin üsyan qaldraraq şəhəri ələ keçirdiyini gördü. Üsyançılar onları şəhərə buraxmaq istəmirdilər. Yaınız güc tətbiq edildikdən sonra şəhər daxil olmaq mümkün oldu. Osmanlı ordusunu Şabrana qədər izləyən qızılbaş ordusu onların bütün top və digər hərbi ləvazimatları ələ keçirmişdilər.[34]
Şamaxıdakı qızılbaş ordusunun bir hissəsi Ərəşə getdi. Ərəş qalasının geri alınması və Osmanlı komandanının öldürülməsindən sonra Səfəvi ordusu Qarabağa geri döndü. Şirvanın bir çoxu yenidən Səfəvilərin hakimiyyəti altına qayıtdı, paytaxt Qəzvinə və bütün ölkəyə "fəthnamələr" ("Qələbə məktubları") göndərilirdi.[35] Lakin onlar sonda üstünlüklərini möhkəmlədməyi bacarmadılar.[15]