Milli şüur

Milli şüur – milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir.

Milli şüurun komponentləri

Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir.

Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir.

Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır.

Milli vicdan

Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir.

Milli mənlik

Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır.

Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir.

Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.

XX yüzilliyin əvvəllərində Ə. Ağaoğlu öz əsərlərində milli şüurun və milli dərketmənin olmamasını türk xalqlarını bir-birindən təcrid edən, onların yaxınlaşmasını çətinləşdirən bir amil kimi demişdir: "daima dini mübahisələrlə məşğul olan və həmişə özgələrin hakimiyyəti altında yaşayan adamlar arasında milli şüur və milli özünüdərk necə yarana bilər?".

Əgər bu gün Qarabağ torpaqları düşmən əlindədirsə, onda bizim milli şüurdan danışmağa mənəvi haqqımız çatmır. B. Vahabzadə göstərir ki, Vətən əxlaqı güclü olmasa, biz nə müstəqilliyimizi, nə azadlığımızı və nə də bütövlüyümüzü qoruya bilərik.

Vaxtilə bu fikri Böyük Atatürk də söyləmişdir: "Milli şüur, hər şeydən öncə, müstəqillik şüurudur. Düşmən süngüsü altında milli birlik olmaz".

B. Vahabzadə "Vicdan, namus və ləyaqət" adlı məqaləsində yazırdı: "İnsanlıq ləyaqətini addımbaşı alçaldan bir rejimdə – qorxu və repressiyanın hökm sürdüyünü bir zamanda hansı ləyaqətdən, hansı vicdandan və namusdan söhbət gedə bilər? Odur ki, insanlığa xas olan üç sifət – vicdan, namus və ləyaqət ilk növbədə cəmiyyət tərəfindən qorunmalı, yalnız bundan sonra ayrı-ayrı fərdlərdən umulmalıdır".

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!