Maykl Ceksonun son günləri (ing.The Last Days of Michael Jackson) — 24 may2018-ci ildə ABC telekanalında yayımlanmış iki saatlıq sənədli film.[1] Xüsusi televiziya buraxılışında Maykl Ceksonun uşaqlığından həyata keçirilməmiş "This Is It" adlı sonuncu konsert turuna kimi olan bütün hadisələrdən, sənətkarın yaradıcılığı və irsindən bəhs edilir. Filmdə sənətkarın əvvəl heç yerdə yayımlanmamış Barbara Uolters və Dayan Soyerlə olan müsahibələrindən, həmçinin yaxınları və dostları ilə olan söhbət yazışmalarından da istifadə edilmişdir.[2] Film 5.56 milyon nəfər tərəfindən canlı izlənilmiş və əsasən mənfi qarşılanmışdır.
Maykl Ceksonun varisləri yayım gününün elan edilməsindən bir gün əvvəl onu tənqid edərək, filmin Maykkl Ceksonun varisləri tərəfindən sifariş və ya sponsorluq edilmədiyini, varislərdən heç bir razılığın alınmadığını və ehtimal ki, onların intellektual hüquqlarının pozulduğunu bildirmişlər.[3]
“Ulduz dincəlmək şansı əldə edəcəyi bir məkana ehtiyac duyur, - onun da ürəyi var. O da insandır. Qoy onun da yatağı, yastığı olsun. Mən daha nə verə bilərəm? İnsanlar hər dəfə daha çox tələb edirlər, lakin, bir addımı atdınsa onu geri qaytarmaq mümkün deyil.”
Maykl Ceksonun son günləri filminin ilk treyleri 18 may 2018-ci ildə çıxarılmışdır.[4] Film, ABŞ televiziya şəbəkəsi ABC tərəfindən 24 may 2018-ci ildə efirə verilmişdir.
Qəbulu
İzləyicilər
Premyera efiri zamanı film, 5.56 milyon nəfər tərəfindən izlənmişdir.[5]
Reaksiyalar
Sənədli film, yer verilmiş çoxsaylı qeyri dəqiqliklərə, papparazilər, tabloid müxbirləri və Popun kralı ilə heç vaxt görüşməmiş insanların fikirlərinə istinad edildiyinə görə həm fanatlar, həm də tənqidçilərin mənfi rəylərini almışdır. Filmdə Ceksonun əziyyət çəkdiyi Vitiliqo xəstəliyinin, körpə yaşlarından atası tərəfindən istismar edilməsi, həyata keçirdiyi humanitar və xeyriyə fəaliyyətinin tamamilə unudulması tənqid hədəfinə çevrilmişdir.[6]
Məhkəmə işi
Maykl Ceksonun varisləri federal müəllif hüquq pozuntusu iddiası ilə The Walt Disney Company və ABC telekanalını məhkəməyə verərək, iki saatlıq yayım ərzində onlarla müəllif hüququ ilə qorunan materialdan icazəsiz istifadə olunduğunu bildirmişlər.[7]