Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə hazırkı Tovuz rayonununAşağı Quşçu kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax şəhərindəki pedaqoji texnikuma daxil olmuş, oranı bitirdikdən sonra Pambıqçılıq İnstitutunda oxumuş, 1933-cü ildə institutun mexanikləşdirmə fakültəsini bitirmişdir.[1]
Mahmud Məmmədov əmək fəaliyyətinə 1928-ci ildə başlamış, Tovuzda kəndli gənclər məktəbində, fabrik-zavod şagirdliyi məktəblərində, şoferlər məktəbində dərs demişdir. 1933–1937-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun traktor və avtomobil kafedrasında assistent işləmiş, iki il baş müəllim olmuş və kafedra müdirini əvəz etmiş, institutun fakültə dekanı vəzifəsində çalışmışdır.[1] Texnika elmləri namizədi elmi dərəcəsini almışdır.[2]
1943–1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini işləyən Mahmud Məmmədov 1950-ci ildən 1954-cü ilin sentyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun direktoru olmuşdur. Sonra isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır.[1]
1955-ci ilin aprel ayında Mahmud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilərək iki il yarımdan artıq bu vəzifədə işləmişdir. 1958-ci ilin yanvar ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.[3]