Lina Vasiliyevna Kostenko (19 mart 1930[1][2]) — XX əsrin altmışıncı illərinin sovet və ukraynalı yazıçısı, şairə, ictimai xadim. O, 1967-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.
Həyatı
O, 1930-cu il martın 19-da Ukrayna SSR-nin Rjişev şəhərində müəllim ailəsində anadan olub. 1936-cı ildə ailə Kiyevə köçür və Lina burada 123 saylı orta məktəbdə təhsil alır. 1956-cı ildə bitirdiyi Kiyev Pedaqoji İnstitutunda, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır.
Lina Kostenko 1950–1960-cı illərin əvvəlində gənc ukraynalı şairlərin qalaktikasında ilk və ən diqqət çəkənlərdən biri olub. Kostenkonun həmin illərdə "Dnepr" jurnalında dərc olunmuş əsərlərində "insanların standartlaşdırılmasına, sadələşdirilməsinə və primitivləşməsinə qarşı üsyanı" açıq-aydın səslənirdi.[3][4].
Onun "Yerin şüaları" (1957) və "Yelkənlər" (1958) şeirlər topluları oxucuların və tənqidçilərin marağına səbəb olmuş, 1961-ci ildə işıq üzü görən "Könül səyahətləri" kitabı uğur qazanmaqla yanaşı, həm də şairənin əsl yaradıcılıq bacarığını ortaya qoymuş və onun adının Ukrayna poeziyasının görkəmli ustadları sırasına daxil olmasına səbəb olmuşdur.[5] Ədəbiyyatşünaslar görə Kostenkonun ilk toplularında artıq milli əsaslara qayıdış, onların yenidən düşünülməsi və yenilənməsi, humanist dəyərlərin yüksəlişi müşahidə olunurdu.[6][7]
Durğunluq dövründə yaradıcı düşüncə azadlığına qoyulan məhdudiyyətlər və müxtəlif "rüsvayçılıqlar" Kostenkonun şeirlərinin uzun müddət praktiki olaraq çap olunmamasına səbəb oldu. Lakin o illərdə şairə hər şeyə baxmayaraq, lirik janrlarla yanaşı, "Marusya Çuray" povesti üzərində də çox çalışıb.
1967-ci ildə Lina Kostenko, Pavel Tıçina və İvan Draç Harvard Ukrayna Tədqiqatları İnstitutunun yaradıcısı Omelyan Pritsak tərəfindən Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. TASS-ın məlumatına görə, Nobel Komitəsi nominasiyanı "siyasi təsirlərə" və "xüsusi dil imtahanı"nın keçirilməsinin çətinliyinə görə rədd edib.[8]
L. Kostenkonun "Əbədi çayın sahilində" (1977), "Marusya Çuray" (1979), "Unikallıq" (1980) kitabları müasir Ukrayna poeziyasının fenomeninə çevrilmişdir.
Şairə həmçinin "Əriməyən heykəllər bağı" (1987) şeirlər toplusu, uşaqlar üçün "Ağsaqqal padşah" (1987) şeirlər toplusunu da yazıb. A. Dobrovolski ilə birlikdə "Saatını yoxla" (1963) filminin ssenarisini yazılmışdır.
2010-cu ildə onun ilk böyük nəsr əsəri — "Ukraynalı dəlisinin qeydləri" romanı nəşr olundu.[9]
O, Avromeydanı dəstəkləyib və 2014-cü ildə könüllü batalyonların əsgərləri, Milli Qvardiyanın və Ukrayna Silahlı Qüvvələrinin əsgərləri qarşısında çıxış edərək 2014-cü ildə dəfələrlə Ukraynanın şərqindəki münaqişə zonasına gedib.[10]
Şəxsi həyatı
Lina Kostenko iki dəfə ailə həyatı qurub və iki övladı var.
Yerji-Yan Paxlevski ilə ilk evliliyindən olan qızı Oksana Paxlevskaya Kiyev yazıçısı,[11] 2010-cu ildə Ukraynanın Taras Şevçenko adına Milli mükafatı laureatıdır.[12]
1960–1970-ci illərdə A. Dovjenko kinostudiyasının direktoru Vasili Tsvirkunovla[13] ikinci evliliyindən oğlu Vasili proqramistdir və ABŞ-da yaşayır.[11]
Mükafatları
- "Kiyev-Mohila Akademiyası" Milli Universitetinin fəxri professoru
- "Marusya Çuray" romanı və "Unikallıq" toplusuna görə T. Q. Şevçenko adına Ukrayna SSR Dövlət mükafatı (1987)
- Antonoviç Fondu mükafatı (1989)
- Petrarka mükafatı (İtaliya, 1994)
- Beynəlxalq Olena Teliqa mükafatı (2000)
- Ukrayna Prezidentinin fəxri nişanı (1992)
- V dərəcəli Müdrik Şahzadə Yaroslav ordeni (2000)
- Çernovtsi Milli Universitetinin fəxri doktoru (2002)
- O, açıq şəkildə Ukrayna Qəhrəmanı titulundan imtina edib.
- Fəxri Legion ordeni (2022)
Lina Kostenkonun əsərləri ingilis, belarus, eston, italyan, litva, alman, rus dillərinə ("Seçilmiş şeirlər kitabı", tərcüməsi Vasili Betaki, Paris, 1988), slovak və fransız dillərinə tərcümə olunub.
İstinadlar
Xarici keçidlər
| |
---|
Foto, video və audio | |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
|