Leyla Məmmədbəyova əslən Qubadan olsa da 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub və ilk təhsilini Bakıda alıb.[2][3] 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar.[3]Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər.[3]
Karyerası
İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.
Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi.
Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə təqaüdə çıxmışdır.
Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.[3]
Şəxsi həyatı
Leyla Məmmədbəyova 1925-ci ildə Nardaran qəsəbəsində dünyaya gəlmiş, Azərbaycanın tanınmış mütəxəssislərindən olan Bəhram Firudin oğlu Məmmədbəyovla ailə həyatı qurmuşdur. 16 yaşında ikən ilk övladı dünyaya gəlib.[3]
Qadın təyyarəçiyə bir sıra şeir və kinofilm həsr olunmuş, 1995-ci ildə haqqında sənədli film də çəkilmişdir. 1934-cü ildə çəkilən "İsmət" bədii filmi məhz Leyla xanıma həsr olunmuşdur.
↑Tahirqızı, Ü. Şərqin əfsanəvi xanımı: Leyla Məmmədbəyova: O, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdı: ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Xalq cəbhəsi.- 2014.- 5 aprel.- S.15.
↑Kazımzadə, A. Kinomuzun "İsməti": ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Kaspi.- 2014.- 15–17 mart.- S. 22–23.
Mənbə
Покорение неба. Журнал "Баку". Номер: Март — Апрель 2011