Kuman dili, həmçinin polovets dili və ya qıpçaq-polovets dili — XI–XIV əsrlərdə Dunay və Volqa arasındakı çöldə yaşamış kumanların danışdığı dil.
Hazırda istifadə olunmayan kuman dili bugünkü Krım tatar və Qaraçay-balkar dillərinə yaxınlığı ilə diqqət çəkir. Kumanlar Şərqi Avropada istifadə olunan türk ləhcələrindən birində danışırdılar.
Bu dilin sonuncu daşıyıcısı İştvan Varro 1770-ci ildə vəfat edib.
Kumanlar XIII–XIV əsrlərdə Şərqi Avropada yaşamış türk tayfasıdır. Onlar tarix boyu qıpçaqlarla birlikdə olduqlarından, müəyyən zaman sonra onları qıpçaqlarla eyni xalq hesab etmişlər. Kuman türkcəsində Şərqi Avropada, Qara dənizin şimalında və qismən də Balkanlarda danışılmışdır.
Kuman dili haqqında məlumat XIV əsrin əvvəllərinə aid latın-fars-kuman lüğəti, qrammatikası isə "Kodeks kumanikus" tərəfindən verilir. "Kodeks Kumanikus" türklər tərəfindən yazılmayan, amma kuman dilinin danışıq xüsusiyyətlərini və öz dövründəki türk dilinin quruluşunu əks etdirən mühüm bir əsərdir.
Atamïz, kim köktäsen! alɣïšlï bolsun seniŋ atïŋ!
Kelsin seniŋ χanlïχïŋ, bolsun seniŋ tilemegiŋ nečik kim köktä, alley yerdä!
Kündegi ötmäkimizni bizgä bügün bergil.
Daɣï yazuqlarmïznï bizgä bošatqïl, nečik biz bošatïrbiz bizgä yaman etkenlergä.
Daɣï yekniŋ sïnamaqïna bizni küvürmägil, basa barča yamandan bizni qutχarɣïl. Amen.
Azərbaycan dilinə tərcüməsi:
Göydə olan, Atamız! Alqışlı olsun sənin adın!
Gəlsin sənin xanlığın, olsun sənin istədiyin – necə ki, göydə, eləcə də yerdə!
Gündəlik çörəyimizi bizə bu gün ver.
Və günahlarımızı bizə bağışla – necə ki, biz bizə pislik edənləri bağışlayırıq.
Və şeytanın sınağından bizi qoru. Bütün pisliklərdən bizi qurtar. Amin.