Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdəHiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılmışdır.
Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur.
VII–VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu.
Bəzi tədqiqatçılar IX–X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir:
1) Tümar — məscid və binaların kitabələrində istifadə edilmişdir;
2) Sicillat — sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir;
3) Ühud — əmr və sərəncamların yazılışında istifadə edilmişdir;
4–5) Müamərat və əmanat — order və sənədlərdə işlədilirdi;
6–9) Dibac, mədih, mürəssə, riyaş — bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi;
10–12) Qübar, həsən və bəyaz — dini əsərlərin yazılışında istifadə edilmişdir.
VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
Azərbaycanda nöqtəsiz, nöqtəli və çiçəkli kufi xəttindən əsasən kitabələrin yazılışında istifadə edilmişdir. AMEAƏlyazmalar İnstitutunda nöqtəli kufi xətti ilə köçürülmüş yalnız bir əlyazma saxlanılır.
Mack, Rosamond E. Bazaar to Piazza: Islamic Trade and Italian Art, 1300–1600, University of California Press, 2001 ISBN 0-520-22131-1
Wolfgang Kosack:Islamische Schriftkunst des Kufischen Geometrisches Kufi in 593 Schriftbeispielen. Deutsch — Kufi — Arabisch. 380 Seiten. Verlag Christoph Brunner, Basel 2014, ISBN 978-3-906206-10-3.