Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr.cavalerie, it.cavaleria, от lat.caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü.
Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı.
Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi.
Yaranması və inkişafı
Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu. İlk dəfə qoşun növü kimi e.ə IX-cu əsrdə Assuriya ordusunun tərkibində tətbiq olunmağa başlandı. Midiya şahı Kiaksarskif süvarilərini ayrıca qoşun növü kimi istifadə edirdi. E.ə VI-cı əsrdə Əhəmənilərin ordusunda süvarilər əsas qoşun növü kimi, qılınc və qalxanla silahlanmış ağır, həm də yay-ox və kiçik mizraqlarla silahlanmış yüngül qoşunları təşkil edirdilər. Süvarilərin döyüşünü yüngül atlılar başlayırdı, onlar düşmənin səflərini ox və mizraqlarla pozurdular və ağır süvarilərin hücumu üçün imkan yaradırdılar. Döyüşü ağır süvarilər bitirirdi. Təxminən eyni quruluşa e.ə. III əsrdə parfyan süvariləri də malik idilər. Qədim Yunan polisləri Sparta və Afinada süvarilər azsaylı idi. Daha çox at yetişdirilən Fessaliya və BeotiyaFivaya daha çoxsaylı süvari qoşunu yaratmağa imkan verdi. E.ə IV-cü əsrin birinci yarısında fivalı sərkərdə Epaminond ilk dəfə süvarilərin piyadalarla qarşılıqlı uzlaşmasını tətbiq etdi və bunun köməyi ilə düşməni Levktra və Mantineya döyüşlərində məğlub etdi. Ən yüksək inkişafını əntiq dünyada atlı qoşun Makedoniyalı İskəndərin ordusunda tapdı. O müstəqil qoşun növünə, qoşunların döyüş sıralarının çevik qüvvəsinə, rəqibə zərbəni endirən əsas qüvvəyə çevrildi(Qranik, Qidasp, İss və Qavqamel döyüşləri). Süvarilərin əsas altbölmələri, 64 nəfərdən ibarət il idi(eskadron tipli altbölüm). Kavaleriya ağır, orta, və məğlub edilmiş rəqibi təqib edən yüngül süvarilərə bölünürdü. Sonralar dimaxilər(həm atlı, həm də piyada vuruşa bilən süvarilər) hissələri yarandı. Roma ordusunda kavaleriya yardımçı qoşun hissəsi idi. Təşkilat baxımından o leqiona daxil idi, və hərəsində 30 nəfər olan turmalara bölünürdü, öz növbəsində turmalar isə oluqlardan ibarət üç dekuriyaya bölünürdü. Nizə və qılıncları olan romalı süvarilər at minməyə yaxşı öyərdilməmişdilər və atlardan ,əsasən, nəqliyyat vasitəsi kimi istifadə edirdilər.
Bunun əksinə olaraq Karfagen süvariləri əla döyüş qabiliyyətinə malik idilər. Hannibal Punik müharibələrində süvarilərdən çox məharətlə, məsələn Kanna döyüşündə, istifadə etmişdi. E.ə VII-III əsrlərdə skiflərin, məsələn farslara qarşı məharətlə istifadə etdikləri, çoxsaylı süvari qoşunu vardı. Parfyanların süvariləri də romalılara qarşı Karr döyüşündə çox ustalıqla süvarilərdən istifadə edib, onları darmadağın etmişdilər.
Katafraktarilər
Katafraktarilər-(yunan katafrakto- zirehli).
E.ə IV-cü əsrdə Yunanıstanda, e.ə V-ci əsr fars və midiyalı süvarilərinin təcrübəsindən istifadə edərək yaratdıqları, sonralar öz inkişafını Makedoniyalı İskəndərin qoşununda tapan, ağır silahlanmış zirehli süvarilər. Torpaq əyanlarından komplektləşdirilirdi.
Hunlar tarixdə ilk dəfə yəhərdən istifadə etməyə başladılar. Döyüş vaxtı hun döyüşçüsü üzənginin üzərində ayağa qalxırdı ki, bu ona dayanıqlıq, və ayaqlarını sallayaraq atlarda oturan romalı süvarilər üzərində böyük üstünlük verirdi. Roma süvariləri hun süvarilərinə müqavimət göstərə bilmirdilər və tamamilə məğlub olub, döyüş meydanından qaçırdlar. Hunların hərbi taktikası mükəməl idi. Romalılarla döyüşdə hunlar ilk növbədə onların süvarilərinə hücum edirdilər və onları ya darmadağın edirdilər, yaxud qaçmağa məcbur edirdilər. Sonra onlar, piyadaları öz cərgələrini dəyişməyə məcbur edirdilər, dövrəyə alaraq və ətraflarında çaparaq üzərlərinə ox yağdırırdılar. Roma piyadalarını yoraraq və haldan salaraq, onlara sarsıdıcı zərbə endirirdilər.[1]
Ərəb süvariləri
Ərəb süvarilərinin silahları zəngin və çeşidli idi. Döyüşçünün iki və möhkəm yayı, düz və iti ucu, möhkəm gövdəsi və dəmir pərləri olan 30 oxdan ibarət kolçanı; tiyəsi keyfiyyətli dəmirdən olan uzun qamışdan cidası; əyri kəsici-çapıcı qılıncı;döyüş toppuzu yaxud ikitiyəli baltası; qıraqları iti tiyəli diski; sapan üçün içində 30 daş olan iki kəsmə çantası olmalı idi. Ərəb süvari qoşunu iki hissəyə ağır və yüngül süvarilərə bölünürdü. Yüngül süvarilər uzun yüngül mizraqlarla silahlanırdılar. Bu silahlar Avropa cəngavərlərinin silahlarından xeyli yüngül və eyni zamanda xeyli möhkəm idi. Müdafiə təchizatı zirehdən, papağın üstünə geyilən dəbilqədən, iki qolçaqdan, iki qamaşdan və iki qıçlıqdan ibarət idi. Yürüş üçün atlara ağır nallar vururdular.
Döyüşdə ərəblər geniş olaraq pusqulardan, hücumlardan(xüsusi ilə sübh çağı) tətbiq edirdilər. Süvarilər ərəb ordusunda, adətən atlarla və dəvələrlə daşınan piyadalardan bir neçə dəfə az idilər. Yüksək hərəkətlilik ərəb ordusunun xüsusiyəti idi. Bu xüsusiyəti nəzərə alaraq komandanlıq geniş şəkildə gözlənilməzlik amilindən istifadə edirdi.
Yüngül atlılardan ibarət avanqard adətən irəli çəkilirdi və öz növbəsində ərazinin öyrənilməsi və düşmənin müşahidəsi üçün irəliyə kəşfiyyat dəstələri göndərirdi. Əsas qüvvələrin başında, cinahlardan, hətta sürətli yürüş vaxtı süvarilərdən geriyə qalmayan piyada oxçuların qoruduğu, ağır süvarilər gedirdi. Ağır süvarilərin ardınca piyada qoşun gedirdi. Onun yürüş qaydasının mərkəzində təchizatla, sursatla və çadırlarla yüklənmiş dəvələr yerləşirdi. Ardınca isə hücum texnikasını, mancanaqları və səhra hospitalını daşıyan dəvə karvanı gedirdi. Yürüş kolonunun arxası aryerqard tərəfindən qorunurdu. Səhra hospitallarının təsis edilməsi IX-cu əsrin əvvəlinə aiddir. Rəqiblə ilk təmasdan sonra yüngül süvari avanqard, geriyə əsas qüvvələrinə doğru çəkilirdi. Bu vaxt piyadalar düzülürdü.
Ərəblərin sıraları cəbhədən və içərilərinə doğru aralı dururdu. Beş cərgəyə düzülən hər sıranın öz poetik adı vardı:
Birinci sıra "Köpək hürüşməsi sübhü" süvarilərin səpələnmiş düzülüşündən ibarət idi.
İkinci sıra "Kömək günü"
Üçüncü sıra "Sarsılma axşamı"
İkinci və üçüncü sıralar əsas qüvvələr idi, onlar xüsusi şahmat qaydasında düzülürdü.
Dördüncü sıra - ümumi rezerv - bayrağı qoruyan.
Döyüşü, düşmənin sırasını pozmağa çalışan, ilk sıra başlayırdı. Sonra onu ikinci və üçüncü sıralar dəstəkləyirdi. Ərəblərin əsas piyada qüvvələri, süvarilərə dayaq olaraq, müdafiə döyüşünə üstünlük verirdilər. Ərəb süvariləri inadkarlığı ilə seçilirdilər, onlar adətən düşmənin cinahlarını almağa çalışırdılar.
Rəqib ilk sarsıntı keçirəndən sonra, onlar ümumi hücuma keçirdilər, sonra isə onu tam məhv edilənə qədər təqib edirdilər. Təqibi də süvarilər aparırdı.[2]
Avropa cəngavərləri
VIII-IX-cu əsrlərdən Qərbi Avropada feodal orduların əsas qüvvəsi kimi atlı cəngavərlər çıxış etməyə başladı. İlk dəfə bu qoşun 732-ci ildə Puatye döyüşündə öz gücünü göstərdi. Zirehə bürünmüş, ağır nizələrlə və qılınclarla silahlanmış cəngavərlər rəqibə, ya daraq, ya da küt paya (qaban başı, ya da dəmir donuz) adlandırılan cərgədə hücum edirdilər. Daraq adətən piyadalara, paya isə cəngavər qoşununa qarşı istifadə olunurdu. Belə ki, cəngavərlər, ortasında piyadalar olan payanın, perimetri boyu bir neçə cərgəyə düzülürdülər. Piyadalar cəngavərlərin geri otrutduğu rəqibi bitirirdilər. Ancaq sarsıdıcı qüvvə kimi məşhurlaşan cəngavərlər, atlı qoşunun əsas üstünlüyü olan çeviklikdən məhrum oldular. Onların ordusu yöndəmsiz və ləng idi, cinah zərbələrindən qoruna, rəqibi qova və piyada kimi döyüşə bilmirdi. Buna misal kimi Batı xanın cəngavərlərin ordularını 1241-ci ildə Liqnitsa yaxınlığında darmadağın etməsini və 1242-ci ildəki Buz döyüşünü göstərmək olar.
Monqol və tatar atlıları
XIII-XII-ci əsrlərdə monqollar süvarilərin kütləvi istifadəsi ilə tanınmışdılar. Monqol və tatarların süvari qoşunları yüksək döyüş qabiliyyətinə malik idi və uzun müddət döyüşlərdə özünə tay bilmirdi.
Monqol süvarilərinin zərbə qüvvəsi çoxdandır tarixi rəvayətlərlə bəzədilib. Bu fikirlər ədalətlidir. Lakin bunun səbəbi nədədir? Monqolların yaraqları yetərincə güclü və məntiqli idi.
Monqol süvarilərinin gücünün mahiyətini açmaq üçün monqol atlarının müstəsna keyfiyyətlərini də qeyd etmək lazımdır.[3].
Həm ölçülərinə həm də eksteryerinə görə o Altay, Yakutiya aborigen növlərinə aiddir.[4].
Bunlar bəstə boylu, çox tüklü, xüsusi ilə qışda, güclü ayaqları üstündə və güclü konstitusiyası(quruluşu) olan, olduqca dözümlü və tələbsiz heyvandır. Ağır yaşayış şəraitində baş verən təbii seçim, həm yük daşımaq üçün həm də sürmək üçün yararlı, dördnala qaçışda yetərincə çevik, dinc, qorxmaz və sədaqət kimi qiymətli keyfiyyətləri olan növün formalaşmasına gətirib çıxarmışdır. Belə atlar uzaq keçidlərin ağır şəraitinə asanlıqla dözürdülər, hər yerdə otlaq tapırdılar, qışda dırnaqları ilə qarın altından ot tapırlar, həmişə çevik qovğaya hazırdılar. Şübhə yoxdur ki, keyfiyyətinə görə unikal at ilxılarına malik monqolların hərbi potensialı çox güclü idi və onların süvari dəstələri keyfiyyətinə görə bütün başqa Asiya və Avropa süvari dəstələrini üstələyirdi.[5].
Səfəvi və Osmanlı süvariləri
Səfəvi süvariləri
Səfəvi dövlətində mərkəzləşdirilmiş nizami ordu yox idi. Ordu ayrı-ayrı feodalların və əyalət bəylərbəylərinin qoşunlarından təşkil olunurdu. Bunlar demək olar ki istisnasız olaraq Azərbaycan tayfalarının əmirləri tərəfindən gətirilən dəstələr idi. Bu qoşunlar (mülaziman, nökəran) feodalların özləri tərəfindən təchiz olunurdu və saxlanırdı. I İsmayılın hərbi qüvvələri prinsipial olaraq Ağqoyunlu tayfa qoşun sistemindən fərqlənmirdi. Səfəvilərin müharibə üçün çıxardıqları qoşunların sayı dəqiq məlum deyil. Alessandri hesab edir ki, onların qoşunlarının sayı 60 minə çatırdı. 1568-ci ildə Səfəvi sarayında olan C. Vekyetti də hesab edirdi ki, 60 mindən artıq qoşun çıxarmaq mümkün deyildi. Bu barədə dəyərli məlumatları Minadoi verir. O hesab edir ki, Səfəvilər döyüşə 60 min süvari çıxarırdılar, lakin əgər bütün hakimlər və feodallar qoşunlarını göndərilsəydi onların saylarını 130-140 minə çatdırmaq olardı. Qazi Əhmədin məlumatlarına görə, I Təhmasibin vəfatı zamanı şahın məvacibində “qızılbaş tayfa və nəsillərindən” olan 200 min adam vardı. Lakin bu qoşunların heç də hamısını, feodalların özbaşınalığına görə, döyüş meydanına çıxarmaq mümkün deyildi. Feodal yığma(çərik) qoşundan başqa şahın yanında 4500-6000 nəfərlik qorçu qvardiyası da vardı. Onlara qorçubaşı rəhbərlik edirdi. Bundan başqa şah xidmətində analoji finksiya üçün 700 yasavul vardı. Qorçuların 4 mini torpaq təltiflərindən dolanırdı, qalan 2 min şahın məvacibində idi.
Qorçular tayfa kavaleriyasından ibarət idi. Onların yay-ox, nizə, qılınc, xəncər, döyüş baltası və qalxanları vardı. Döyüş vaxtı onlar yanaqlarını örtən zirehli qoruyucuları olan dəbilqələr geyirdi. Ordu ,əsasən, çevik süvarilərdən ibarət idi, piyadalar az idi. Silahlanmaları barədə Alessandri məlumat verir ki, onların qalxanları, qılıncları, tüfəngləri(muşket, arkebuz) vardı. Arkebuzların lülələrinin uzunluğu 9 düymə çatırdı, atdığı güllələrin çəkisi isə 50-70 qram təşkil edirdi. Alessandri yazır ki, onlar arkebuzlardan çox asanlıqla istifadə edirdilər və bu ağır silah onların qılıncla, yay-oxla və qalxanla döyüşmələrinə əngəl olmurdu. Arkebuzu kürəklərində gəzdirirdilər. O Səfəvilərin istehsal etdiyi silahların keyfiyyətinə diqqətini cəlb edirdi. Ümumi yayılmış yanlış təsəvvürə görə qızılbaşların odlu silahı yox idi. Lakin İbrahim Əmini və başqa anonim mənbə qızılbaşların hələ Bakının alınması zamanı odlu silahdan(atəş-i-top-u-tüfəng) istifadə etdikləri barədə yazırlar. Məlumdur ki, qızılbaşlar Təhmasibin 1538-ci ildə Şirvana yürüşü və Buğurt qalasının mühasirəsi zamanı toplardan istifadə etdikləri deyilir. Lakin bu toplar əsasən mortir tipli silah yaxud təsadüfən onların əlinə avropalılardan keçən odlu silahlar idi. Minorski iddia edir ki, Səfəvilər top və tüfənglərdən ilk dəfə 1552-ci ildə Ərcişin mühasirəsində yararlanıblar.
Şah Abbasın keçirdiyi islahatlar nəticəsində qızılbaş ordusu tədricən öz tayfa səciyyəsini itirməyə başladı. Bu islahatın nəticələrindən birinə əsasən qeyri türklərdən ibarət 44 minlik qulam ordusunun təşkil olunması idi. Onlar xəzinədən məvacib alırdılar və tamamilə şahdan asılı idilər. Əvvəlcə onlar piyada kimi təşkil olunmuşdular. Hər 4-5 əsgər silah-sursatın daşınması üçün bir qatırla təchiz olunurdu.
“Təzkirət əl mülük” əsərində döyüş alayı “Qulam sərkare xassey-şərife” kimi qeyd olunur. Onların qul adlandırılması kölə olmaları demək deyildi, qul burada dövlətin, xanədanın qulu mənasında idi. Şardenin dediyinə görə I Abbas onlara ithafən “süvari yeniçərilər” deyirdi. Onlar süvari idi. Əsasən soyuq silahlarla yaraqlanırdılar. Xüsusi hərbi xidmət zamanı onlara odlu silahdan istifadə etməyi öyrədirdilər[6].
XIV-cü əsrdə odlu silahın yaranması və bununla bağlı olaraq piyadaların və artilleriyanın rolunun artması köklü surətdə süvarilərin inkişafına təsir etdi. XV -ci əsrin axırlarına doğru cəngavər kavaleriyası tamamilə əhəmiyyətini itirdi. Süvarilərin müdafiə təchizatı getdikcə yüngülləşirdi, və XVI-cı əsrdə, odlu silahlı yüngül kavaleriya ön plana çıxdı. Eyni zamanda döyüşün taktikası da dəyişirdi. Döyüş üçün süvarilərin düzülüş dərinliyini 8-10, və bundan da çox, cərgəyə qədər artırıldı.
Kirasirlər-(kirasа frans. cuirasse- zireh) - ağır süvarilər.
XVI-cı əsrin sonunda kirasirlər sonralar isə draqunlar ortaya çıxdı. XVII-ci əsrin birinci yarısında İsveç, Fransa, İngiltərə və başqa Avropa ölkələrində kirasir və draqun alayları yaradılır. Kavaleriyanın bu yöndə böyük yenidən təşkilini İsveç kralı Qustav Adolf(1611-1632) keçirir. İsveçlilərin süvari alayı, dörd kornet(taqım) daxil olan və 125 atlıdan ibarət olan 4 eskadrondan təşkil olunurdu. İsveç kirasirləri və draqunları döyüşdə 3-4 cərgəyə, ordu döyüş qaydasında isə iki cərgəyə düzülürdülər. Belə düzülüşlə süvarilər yenə sarsıdıcı qüvvəyə çevrilirdilər. Ağır zirehli cəngavərlərdən fərqli olraq kirasirlərin zirehi yüngül idi, bundan başqa kirasirlər odlu silahlanmışdılar. Rəqibin odlu silahından əsas yayınma vasitəsi zireh deyil, çeviklik olurdu.
Draqunlar-lat. draco-ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir; başqa qaynaqlara görə frans. dragon - qısa muşket) - orta süvarilər.
Bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağa bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vuruşan dimaxoslarından(yunan - ikili döyüşçülər) götürürlər.
İlk dəfə draqunlar XVI-cı əsrdə Fransada,atlarda vuruşan piyadalar kimi yaradılıblar. XVII-ci əsrin birinci yarısında süvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmilləşdirilmiş odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər. XVII-ci əsrin əvvəlində Otuzillik müharibədə əsasən süvarilər kimi istifadə olunurdular. XVII-ci əsrin sonunda Fransa, Avsrtiya, Prusiya və İngiltərə qoşunlarında üstünlük təşkil edirdilər və əsasən ağır(bəzən orta) süvarilərə aid edilirdilər. Yüngül kavaleriyanın artımı ilə XVII-ci əsrin əvvəlində draqunların sayı azaldı. 1877-78 illər rus-türk müharibəsi göstərdi ki, draqunlar öz əhəmiyətini itirməyib.
Qusar- macar. - yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdi. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər. Onlar macar qalxanı (tarç) ilə müdafiə olunurdular, qılınc və xəncərlərdən istifadə edirdilər. Öz inkişafının ən yüksək mərhələsini qusarlar Polşada keçdilər. 1576-cı ildə Polşa kralı Stefan Batori macar qalxanını zirehlikirasaya dəyişdi. Qolçaqlar mütləq atributa çevrildi, ancaq bunu hər qusar ala bilmirdi. Öz hesabına təchiz edilən qusarların geyimləri müxtəlif olurdu. Bəzən yoxsullaşmış zadəganların - şlyaxtanın yaxşı ekipi üçün pulu çatmırdı, buna görə də onların himayədarları(yoldaşlar) olurdu. Yoldaşlar öz pullarına onları ekiplə təmin edirdilər və bəzi imtiyazlara malik idilər. Qusarlar artıq odlu silahdan fitilli tapançalardan və tüfənglərdən istifadə etməyə başladılar. Qanadlı polyak qusarları bütün Avropada məşhur idi. (1682)Vyana altında döyüş osmanlıların darmadağın edilməsində Yan Sobeskinin qusar qoşununun böyük rolu olmuşdur. XVIII-ci əsrdə kavaleriya islahatçısı kimi Prusiya kralı II Fridrix və onun generallarından biri F. Zeydliz məşhurlaşdılar. Yüksək çevikliyi və təlimi ilə seçilən kirasir, draqun və qusarlardan ibarət prus kavaleriyası sıx döyüş səfləri ilə rəqibin cinahlarına və arxasına hücum edirdi. Bu çox vaxt döyüşün taleyini həll edirdi, məsələn (1757)Rosbax döyüşü, (1757)Zorndorf döyüşü.
Ulanlar
Ulan(türk. oğlan, gənc, cavan)- yüngül süvari növü. İlk dəfə XIII-XIV-cü əsrlərdə monqol-tatar qoşununda, yay-ox əvəzinə flüqerli nizələrlə silahlanmış süvari hissələri kimi yaradılıb. XVI-cı əsrdə Litva və Polşaya köçmüş tatarlardan təşkil olunan ulan hissələri, qeyri-nizami süvari qoşun kimi istifadə edilib. XVIII-ci əsrdə ulan hissələri Avstriya və Prusiyada, XIX-cu əsrin əvvəllərində isə Fransada tətbiq olunmağa başlayıb. Avropa ölkələrində ulanlararın silahını əyri qılınclar, flüqerli nizələr, sonralar tapançalar, XIX-cu əsrin ortasından isə karabinlər təşkil edir. Ulanlar xüsusi geyim forması ilə seçilirdilər. Onların dörkünc üstü olan papaqları vardı-ulan papağı. Rus ordusunda ilk ulan alayı 1803-cü ildə yaradılıb. 1830-cu ildə 21 ordu və iki qvardiya ulan alayı vardı. 1882-ci ildə, iki qvardiya alayından başqa, onların hamısı draqun hissələrinə çevrildi, 1907-ci ildə isə yenidən bərpa edildi. 1914-cü ildə rus ordusunda 2 qvardiya və 17 ordu ulan alayı vardı[7].
Reytar (alm. reyter - "atlı") XVI-XVII-ci əsrlərdə Avropada muzdlu atlı alaylar. Müasirləri kirasirlərdən fərqli olaraq reytarlar əsasən odlu silaha üstünlük verirdilər.
Onların arsenalı bir neçə iri kalibrli tapançadan ibarət idi. Qılınc isə yardımçı səciyyə daşıyırdı.
XVI-ci əsrin 50-ci illərinin əvvəllərində reytarlar tamamilə soyuq silahdan imtina etdilər. Əvəzində odlu silahların sayı üçdən beşə qədər artdı. Misal üçün kirasirlər ancaq bir cüt tapança daşıyırdılar. Tapançaların baha olması səbəbindən reytar xidmətinə daxil olanlara birdəfəlik əlavə ödənişlər edilirdi.
Rəqibləri də əsasən zirehli olduğundan reytarlar adətən düşmənə yaxın məsafədən atəş açırdılar. Rəqibə yaxınlaşmaq üçün yorğadan istifadə olunurdu, lakin əlverişli şəraitdə, əgər relyef və intizam səviyyəsi sıranın saxlanmasına imkan verirdisə, yüngülcə dördnala da çapırdılar. Odlu silahların doldurulması uzun vaxt apardığına görə, əsas taktiki fənd kimi, o zaman piyadaların arasında geniş yayılmış karakole taktikasından istifadə edirdilər. Belə ki, əsgərlərin birinci cərgəsi yaylım atəşi verəndən sonra dərhal geriyə dönüb arxaya çəkilirdi və ən sonuncu cərgənin arxasına, silahları doldurmaq üçün, keçirdi. Həmin vaxt ikinci cərgə irəliyə çıxıb yeni yaylım atəşi açaraq eynən əvvəlki cərgənin hərəkətlərini təkrar edirdi. Karakole üçün reytarlar, bir birinin ardınca hərəsi 20 atlıdan ibarət 10-15 sıraya düzülürdülər. Yaylım atəşindən sonra birinci cərgə iki hissəyə bölünürdü, bir hissəsi sağa arxaya, o biri hissəsi sola arxaya çəkilirdilər.
Kazaklar
Kazak -türk-Qoçaq, qaçaq, qazağ. Kazak qoşunları Rusiyanın XVII-XXci əsrlərdə apardığı bütün müharibələrdə iştirak ediblər. Qeyri-nizami kazak süvari qoşunu Yeddiillik (1756-1763), Vətən(1812) müharibələrində və rus odrusunun xarici yürüşündə(1813-14), Krım müharibəsi(1853-56), Rusiya-Osmanlı müharibəsi (1877-1878) və Birinci Dünya müharibəsində iştirak etmişdilər. Birinci Dünya müharibəsi ərəfəsində kazak qoşunlarında 54 ayrı alay, 6 plastun taboru, 23 batareya, 11 ayrı yüzlük, 4 ayrı atlı və piyada diviziya, imperator konvoyu (ümumiyyətlə 68,5 min) vardı. 1917-ci ildə rus ordusunda 164 alay, 54 batareya, 6 plastun taboru, 179 ayrı yüzlük və başqa hissələr və bölüklərdə ümumiyyətlə 200 min adam vardı. Birinci Dünya müharibəsində əməliyyatlarda iştirak edən kazak qoşunlarına, öz qərargahı ilə yürüş atamanı başçılıq edirdi.
Kazak qoşunlarının hərəkətləri döyüş meydanında çevikliyi, cəbhədən hücumların sürətliliyi və cinahlara və arxaya zərbələrin geniş istifadəsi ilə səciyyələnirdilər. Hücumda kazaklar axınla, yaxud sıx səfli atlı kütlə ilə hərəkət edirdilər. Müdafiədə atdan düşürdülər, atıcı silahlardan və toplardan istifadə edərək, yenidən atlanıb hücuma keçirdilər.
Bu dövrdə kavaleriya ağır(kirasirlər),orta(draqun, karabiner, atlıqrenader) və yüngül(qusar, ulan və yüngül atlı alaylar)a bölünür.
XIX-cu əsrdə kütləvi orduların yaranması ilə, bir sıra ölkələrdə strateji və qoşun süvarilərinə bölünməyə başlayır. Strateji süvarilər müstəqil döyüş əməliyyatları apara bilirdilər, və süvari briqada, diviziya və korpuslardan ibarət idilər. Qoşun süvariləri(taqımdan alaya qədər)piyada bölüklərə(hissələrə) daxil idilər, əsasən kəşfiyyat,öz qoşunlarının cinahlarının qorunması, keşikçi və rabitə üçün istifadə edilirdi.
Süvari diviziyalar və korpuslar ilk dəfə Napoleon ordusunda yaradılmışdılar. Süvari korpus, ümumi sayı 7-9 min adam olan, 2-5 süvari diviziyadan ibarət idi. Süvari diviziyaya, hərəsi iki alaydan ibarət, iki briqada daxil idi. 1812-ci ildə fransız ordusunda 4 süvari korpus vardı. Eyni vaxtda rus ordusu 5 süvari korpus, 16 süvari diviziya və 65 süvari alaydan(5 qvardiya, 8 kirasir, 36 draqun, 11 qusar, 5 ulan)ibarət idi. Süvari diviziya 3-(2 draqun və 1 yüngül süvari)- briqadadan ibarət idi.
1833-cü ildə rus ordusunda 13 süvari(2-kirasir, 2-draqun, 9-yüngül süvari) diviziya var idi. Onlar hərəsində iki alay olan, iki briqadadan ibarət idi.
XIX-cu əsrin Avropa ordularında atəşin gücünü nəzərə alsaq o qədər də effektli istifadə olunmurdular və çox itki verirdilər. Nəticədə onların sonrakı istifadəsi ilə bağlı şübhələr yaranmağa başladı.
Ancaq 1861-1865-ci illər ABŞ Vətəndaş müharibəsi, iri süvari kütlələrinin, düşmənin arxalarında və kommunikasiyaları boyu effektiv istifadəsi imkanlarını göstərdi. Amerika süvariləri həm atlı, həm də piyada döyüş üçün yaxşı hazırlanmışdılar. Atdan düşərək tez, özləri üçün düzəltikləri səngərlər vasitəsi ilə müdafiə olunurdular, düşmənin həmləsini dəf edəndən sonra isə, yenidən atlı sırada döyüşürdülər.
1862-ci ildə rus ordusunda süvarilərin korpus bəndi ləğv edildi.
Kavaleriya Ən Yeni Dövrdə
1877-1878-ci illər rus-türk müharibəsi ərəfəsində rus ordusunda, tərkibi fərqli olan 19 süvari(3 qvardiya, 14 ordu, 1 kazak və 1 qafqazlı) diviziya var idi.
Mənbələr
Военная энциклопедия в 8 томах. 3 "Д" -квартирьер Москва Военное издательство 1995