Jan 5 oktyabr 1876-cı ildə Londonda Şarl və Cenni Longenin ailəsində anadan olmuşdur. Ailəsi onu Conni deyə səsləyirdi. Jan ailənin ikinci oğludur.[5] Longe ailəsi nəvələri ilə oynamağı sevən Cenninin atasını – Karl Marksı tez-tez ziyarət edirdi.[6]
Ailə 1881-ci ilin fevralında Fransaya köçmüşdü.[6] 1882-ci ilin yayında Karl Marks Janın xalası Eleonora Marksla birlikdə üç ay Longe ailəsində qonaq qalmışdı. Bu zaman Cenni sidik kisəsi xərçəngindən əziyyət çəkirdi. Janın anası bu hadisədən bir il sonra dünyasını dəyişmişdi. Ailənin yükünü yüngülləşdirmək üçün Eleonora 1882-ci ilin avqustunda Janı İngiltərəyə aparmış, onun təhsili və tərbiyəsi ilə məşğul olacağına söz vermişdi. Eleanora ona öz oğlu kimi qayğı göstərirdi.[7] Fransaya qayıtdıqdan sonra Jan təhsilini davam etdirmək üçün bir müddət atasının ailəsi ilə Kan şəhərində yaşamışdı.
Siyasi fəaliyyəti
Parisdə universiteti bitirdikdən sonra Longe jurnalist kimi çalışdı və hüquqşünas təhsili aldı. "Le Populaire" qəzetinin təsisçisi və redaktoru olan Jan həm də "L'Humanite" qəzetində çalışırdı.[8] O, Fransanın əsas sosialist partiyalarından birində – İşçi İnternasionalının Fransa Seksiyasında (SFİO) fəal idi. Bu zaman bələdiyyə sədri olan Jan həm də Fransa Deputatlar Palatasının üzvü kimi fəaliyyət göstərirdi.[9][10]
Birinci Dünya müharibəsi zamanı Jan pasifist idi, lakin eyni zamanda müharibə kreditlərini dəstəkləyirdi. 1918-ci ildə Strasburq Konqresində onun siyasət sənədi sosialist SFİO-nun əksəriyyəti tərəfindən qəbul edilmişdi. 1920-ci il Tur Konqresində kommunistlər çoxluğu əldə etdikdən sonra o, azlığı dəstəkləmiş və mərkəzçi Vyana İttifaqına qoşulmuşdu. Jan 1927-ci ildə əsası qoyulan və Komintern tərəfindən dəstəklənən İmperializm əleyhinə Liqanı tənqid edirdi.[11]
Longe 1930-cu ildə Brüsseldə Sosialist İnternasionalının iclasında[12] və 1935-ci ildə Parisdə sionist qrup qarşısında çıxışında sionist tərəfdarı mövqeləri dəstəklədiyini ifadə etmişdi.[13]
O, həmçinin cinayətə təhriketmə və adamöldürmə cinayətinin köməkçisi ittihamları ilə mühakimə olunmaq üçün Bombeydən İngiltərəyə aparılarkən Marseldə dayanmış gəmidən qaçan və Fransa jandarmı tərəfindən tutulana qədər sahilədək üzən siyasi məhbus Vinayak Damodar Savarkarı vəkil kimi təmsil etmişdi. Bu iş Fransa sosialist mətbuatının tənqidinə səbəb olmuşdu. Mətbuat Savarkarın Fransa torpaqlarında Britaniya polisləri tərəfindən həbs edilməsini Fransanın suverenliyinin pozulması kimi qiymətləndirmiş və bu hadisənin nəticəsində Savarkarın şəxsi hüquqlarının tapdalanmasını qınamışdı.
Solçu və liberal mətbuatın təzyiqləri davam etmiş və 1910-cu ilin oktyabrında hər iki ölkəni işi Haaqa Daimi Arbitraj məhkəməsinə aparmağa vadar etmişdi. Paris Hind Cəmiyyətinin qurucularından biri olan, Bombeyli inqilabçı, parsi qadın Bhikayji Kamanın səyləri nəticəsində Savarkarın Haaqadakı nümayəndəsi kimi çıxış etmək üçün Longe etibarnamə almağı bacarmışdı. Lakin arbitraj Fransa və İngiltərə arasında olduğundan məhkəmə Longenin Savarkar adından memorandumunu qəbul etməmiş, bunun səlahiyyətləri xaricində olduğunu bildirmişdi. Lakin Longe israr etmiş və memorandumun surətlərini məhkəmə üzvlərinə şəxsən təhvil vermişdi.[14]
Ailəsi və ölümü
Jan Longe 1900-cü ildə Anita Devu (1875–1960) ilə ailə həyatı qurdu. Onların iki oğlu var: hüquqşünas və jurnalist Robert Jan Longe (1901–1987) və memar Karl Jan Longe (1904–1981). Jan Longenin kiçik qardaşı Edqar Longe də aktiv sosialist idi.[9]
↑“Jean Longuet, grandson of Karl Marx, father of modern Socialist, announced himself as a Zionist in a speech to a Zionist group here” (The Sentinel (Chicago), 30 May 1935, p. 29).