IBM PC/XT <pi-si iks-ti> – (XT – “eXtended Technology” sözlərinin qısaltması); IBM PC kompüterlərinin ikinci nəsli. 1983-cü ilin martında IBM 5160 tipli maşın kimi yaradılıb. Onaltıbitlik Intel 8088 prosessorunun bazasında qurulub. İstehsalı 1986-cı ilədək davam edib.
Orijinal IBM PC kompüterindən fərqli olaraq sistem blokunda 10 Mbayt (sonradan 20 Mbayt) tutumu olan sərt disk quraşdırılmışdı. Operativ yaddaşı 128 Kbayt, yaxud 256 Kbayt idi (640 Kbaytadək artırıla bilərdi). İkinci sərt disk və disksürən (5¼") əlavə etmək imkanı vardı. Baza konfiqurasiyası monoxrom MDA, yaxud 16-rənglik CGA monitoru ilə təchiz edilmişdi. Klaviaturası 84 klavişdən ibarət idi. Əməliyyat sistemi olaraq PC-DOS 2.0 istifadə olunurdu.