Hellovin 2 (ing.Halloween II) — 1981-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmə 18 yaş üzəri baxmaq olar.[2] Con Karpenter filmin rejissorluğundan imtina etmiş və filmin çəkilməsini Tommi Li Vollesə təklif etmişdir. Amma sonra filmə Rik Rozental rejissorluq edir. Tommi Li Volles isə bir müddət sonra ilk filmlərin süjeti ilə əlaqəli olmayan Hellovin 3: İfritələrin vaxtı filminin rejissoru olur.[3]
Xəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
Filmin başlanğıcı, ilk filmin sona çatdığı yerdən başlayır. Həkim Lumis ilk filmin sonunda silahı ilə Maykla atəş etmiş, Maykl atəşin təsiri ilə evin balkonundan aşağı düşmüşdür. Həkim Lumis aşağı endiyi zaman Mayklın düşdüyü yerdə yalnız onun bədəninin izini görür. Bu müddətdə Lori Stroud şəhər xəstəxanasına aparılmışdır. Xəstəxanada Cimmi Stroud adında həkim Lorinin vəziyyətini nəzərdən keçirir. Bu müddətdə Maykl qəsəbənin hər yerində Lorini axtarmağa başlayır. Cimmi xəstəxanada Loriyə, onu öldürmək istəyən şəxsin, maskalı seriyalı qatil olan Maykl Mayers olduğunu izah edir.
Həkim Lumis və Heddonfild polisi şerif Li Brekett qəsəbədə Mayklın axtarışına başlayırlar. Bu müddətdə Bennett "Ben" Tramer adlı gənc, Maykl Mayersin geydiyi kostyumun eynisini geymişdir. Həkim Lumisin avtomobili Ben Tramerin avtomobili ilə toqquşur və partlayış baş verir. Ben Tramer partlayış zamanı ölür. Həkim Lumis və Heddonfild polisi gəncin stomatoloq qeydlərinə baxdıqları zamanı həmin gəncin 18 yaşında olduğu aydın olur. Amma Maykl 21 yaşındadır. Beləliklə, gəncin Maykl Mayers olmadığı aydın olur. Bu müddətdə Həkim Lumis və Heddonfild polisi ibtidai məktəbə qəribə şəxsin hücum etdiyi xəbərini alırlar. Onlar ibtidai məktəbə getməyə məcbur olurlar. Müəllimin masasının üzərindəki bir şəkildə qız uşağı vardır. Maykl ibtidai məktəbə girib bu şəklin üzərinə bıçaq batırır. Ayrıca sinfin lövhəsində "Şamhain" yazır. Bu söz oradakı polislərə mənasız gəlsə də, Həkim Lumis "Şamhain" anlayışının Kelt mədəniyyətində, əsasən, 31 oktyabr tarixində ritual ayin mərasimində işlədilən ifadə olduğunu başa düşür. Bu ayində dəlilər və heyvanların qurban edildiyindən bəhs edilir.
Maykl Mayers, radiodan verilən elanda Loriyə Heddonfild Xəstəxanasında saxlanıldığını öyrənir. Bu səbəbdən xəstəxanaya yola düşür. Yolda gedərkən tibb bacısı Merion Çembers, Həkim Lumisə Lorinin Maykl Mayersin qardaşı olduğunu söyləyər. Bunu eşidən Həkim Lumis, silahını sürücü olan Marşala tərəf tutaraq, ona xəstəxanaya dönməsini əmr edir. Bu müddətdə Maykl xəstəxanada çoxlu insanları qətlə yetirmişdir. Həkim Cimmi Stroud əməliyyat otağında Xanım Alvesin vəhşicəsinə qətlə yetirildiyini görür. Bu hadisədən vahimələnən Cimmi tələsərək otaqdan çıxmaq istəyir, lakin bu zaman ayağı büdrəyərək yerə yıxılır və huşunu itirir.
Həkim Lumis, sürücü və tibb bacısı xəstəxanaya gəldikləri zaman Maykl, Loriyə hücum edir. Bu zaman Həkim Lümis, Maykla beş dəfə atəş açır və onun öldüyünü zənn edir. Marşal Mayklın ölüb-ölmədiyini xəbər almaq üçün onun yanına gəlir. Lakin bu zaman Maykl Marşalın boğazını kəsərək onu öldürür. Tibb bacısı Merion isə xəstəxanaya yardım göndərmək üçün polis məntəqəsinə gedir. Həkim Lumis və Lori otaqların birinə sığınırlar. Bu zaman Maykl həmin otağa gəlir. Həkim Lumis atəş edəcəyi zaman silahının gülləsi qurtarmışdır. Maykl, Həkim Lumisi qarın nahiyəsindən bıçaqlayır. Həkim Lümis əvvəlcədən silahından birini Loriyə vermiş və Lori bu fürsətdən istifadə edərək, Mayklın kəllə nahiyəsinə iki dəfə atəş açır. Bu zaman güllələrdən biri Mayklın gözünə dəyir və onu kor edir. Həkim Lumis və Lori otaqdakı içi oksigenlə dolu olan qaz balonlarını açırlar. Bu zaman Həkim Lumis, Loriyə qaçmasını söyləyir. Lori çölə qaçır və Həkim Lumis çağmağını yandıraraq, otağı atəşə verir. Xəstəxanada partlayış baş verir və Lori, Mayklın alovlanmış bədəni ilə onun üzərinə yeridiyini müşahidə edir. Lakin Maykl sonda yerə yıxılır və bədəni yanır. Ardınca hadisə yerinə, polis və təcili yardım qrupları gəlir. Sabahısı gün, 1 noyabr tarixində, Lori təcili yardım maşını ilə başqa xəstəxanaya aparılır.