Hacıağa Mütəllib oğlu Abbasov (16 iyun 1888, Maştağa, Bakı qəzası – 7 may 1975, Bakı) — Azərbaycan teatr aktyoru və təşkilatçısı, dramaturq, Azərbaycan SSR xalq artisti (1932).
Həyatı
Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906–1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.
Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib.
1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929–1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.
Əsas rolları: Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Mehdi xan, Şamdan bəy ("Nadir şah" və "Şamdan bəy", Nəriman Nərimanov), Ağa Kərim xan, Hacı Qəmbər ("Ağa Kərim xan Ərdəbili" və "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Qubad ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Osip ("Müfəttiş", Nikolay Qoqol), Moisey ("Yəhudilər", Yevgeni Çireov).
Aktyor Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.
Sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Hacıağa Abbasov 14 noyabr 1930-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 26 may 1932-ci ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülüb.
Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.
Xatirəsi
2018-ci ildə aktyorun 130 illik yubileyi qeyd olunub.[1]
Filmoqrafiya
- Hacı Qara (film, 1929) — Bayraməli Bəy (Sonanın atası)
- Səhnə veteranı (film, 1974)
İstinadlar