Gübrə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər:
- tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr;
- tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr;
- tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr;
- torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr;
5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır.
Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Əkinçilikdə üzvü, mineral, bakterial və meliorativ (gips və əhəng) gübrələrdən istifadə olunur.
Gübrələrin tarixi
1798-ci ildə ingilis iqtisadçısı Tomas Maltus "Əhalinin məskunlaşma təcrübəsi" adlı kitabını çap etdirdi və burda özünün məşhur nəzəriyyəsini verdi: Dünya əhalisinin sayı həndəsi silsilə üzrə artdığı halda, mövcud olma vasitələri yalnız riyazi silsilə üzrə artır. Bu nəzəriyədən belə çıxır ki, gələcəkdə insanları aclıq gözləyir. Yüz il sonra Çarlz Darvinin dostu, onun nəzəriyyəsinin təbliğatçısı, ingilis alimi Tomas Heksli də bu nəticəni təsdiq etdi.
"Ölüm ağacından" qaçmaq üçün insanlardan məhsuldarlığı sürətlə artırmaq, bunun üçün isə bitkilərin qidalanmasını yaxşılaşdırmaq tələb olunurdu. Göstərilən istiqamətdə ilk təcrübəni XVII əsrin 30-cu illərində öz dövrünün tanınmış alimlərindən biri olan niderlandlı həkim və əlkimyaçı Yan Baptist van Helmont aparmışdır. O, 200 funt ağırlığında (80 kq-a yaxın) quru torpaq götürüb böyük dibçəyə doldurdu və ora söyüd budağı basdırıb mütamadi olaraq yağış ilə suladı. Budaq kök atıb böyüdü və ağaca çevrildi. Təcrübə 5 il davam etdi. Bütün bu vaxt ərzində bitkinin kütləsi 164 funt 3 unsiya (66 kq-a yaxın) artdı, torpaq isə cəmi 3 unsiya yəni 100q-dan az azaldı. Bu nəticədən van Helmont belə qərara gəldi ki, bitkilər qida maddələrini yalnız sudan alır. Sonrakı tədqiqatlar bunu təkzib etdi. Bitkilərin əsas kütləsini təşkil edən karbon elementi suyun tərkibində olmadığına görə belə çıxırdı ki, onlar karbon qazını udaraq "hava ilə" qidalanır. Bitkilərin "hava qidası" nəzəriyyəsini isveçrəli botanik və fizioloq jan Senevye (1742-1809) inkişaf etdirdi. O, təcrübi olaraq sübut etdi ki, bitkilərin yarpaqlarında karbon qazının parçalanması baş verir: oksigen ayrılır, karbon isə bitkidə qalır. Bəzi alimlər bu nöqteyi-nəzərlə razılaşmadılar, onlar belə hesab edirdilər ki, bitkilərin qidasının əsasını torpağın üzvi maddələri təşkil edir. Bunu əsirlərlə aparılan kənd təsərrüfatı təcrübələri təsdiq edirdi: çürüntü ilə zəngin, peyinlə yaxşı gübrələnmiş torpaq bol məhsul verir. Dahi alman kimyaçısı Yustus Libix ilk dəfə torpaqda mineral maddələrin tükənməsini və onların yenidən torpağa qaytarılmasının vacibliyini göstərmişdir.
Üzvi gübrə
Peyin, peyin şirəsi, quş zılı, torf, müxtəlif bitki kompostları, şəhər təsərrüfatlarının üzvü tullantıları (çirkab suları, çirkab suların çöküntüləri, şəhər zibilləri), sapropel, yaşıl gübrə (sideratlar) aiddirlər. Üzvü gübrələrin təsiri 3-4 il və daha artıq müddətdə müsbət təsirini göstərir.
Respublikanın bütün bölgələrində əsas üzvü gübrə peyindir. Peyin kənd təsərrüfatı heyvanlarının döşənəkli və döşənəksiz bərk və sulu ifrazat formasıdır. Döşənək - Peyinin zəruri tərkib hissəsi olmaqla onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır. Döşənəyin böyük zoogigiyenik və aqronomik əhəmiyyəti vardır. О heyvanlar üçün yumşaq, quru yataq əmələ gətirməklə yanaşı onların quru və bərk ifrazatlarını özündə saxlayır, pəyələrdəki zərərli qazları udur və peyin çıxımını artırır. Döşənəklə birlikdə peyinə əlavə qida maddələri daxil olur ki, bunlar da mikrobioloji proseslərin təsiri ilə bitkilərin daha yaxşı mənimsəyə biləcəyi formaya keçir. Döşənək üçün müxtəlif materiallardan о cümlədən küləş, torf, saman, xəzəl, iynəyarpaq, ağac kəpəyi və s. istifadə olunur. Küləş döşənəyi üzərində hazırlanan peyin küləşli peyin, torf döşənəyi üzərində hazırlanan peyin isə torflu peyin adlanır. Bəzi şərq ölkələrində döşənək üçün çürüntülü torpaqdan da geniş istifadə olunur. Bu cür peyinə torpaqlı peyin deyilir. Döşənək olmadıqda və уa çatışmadıqda pəyələrdə döşənəksiz peyininin tərkibində olan qidalı maddələrin xeyli hissəsi itir. Bu döşənəklərin heyvanın duru ifrazatlarını özlərinə müxtəlif səviyyədə hopdurma xüsusiyyətinə malikdir Peyinin tərkibində bitkiyə lazım olan bütün qida maddələri olduğu üçün onu tam gübrə adlandırmaq olar. Onun keyfiyyəti heyvanın növündən, yemin tərkibindən, döşənəyin keyfiyyət və kəmiyyətdən, yığılma və saxlanmasından asılıdır.
Döşənəkli peyin - 25% quru, 75% su ilə təmin olunub. Orta hesabla belə peyinin tərkibində 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% kalsium vardır.
Peyin torpağa verildikdə torpaq mikroflorası faydalı bakteriya qrupları ilə zənginləşir.
Atların və qoyunların peyinində mikrobioloji proseslərin tez getməsi nəticəsində üzvü maddələrin parçalanması nəticəsində yüksək miqdarda istilik alınır. Atlara nisbətən iri buynuzlu malların peyini daha nəm olduğu üçün onda parçalanma gec gedir.
Peyinin saxlanması üsulu onun keyfiyyətini təyin edir. Əgər peyin boş yığılarsa ora çoxlu hava daxil olduğu üçün o tez parçalanır, çoxlu azot və üzvü maddələr itirir. Belə saxlanma üsul isti üsul adlanır.
Əgər peyin iri tığlarla və kip yığılmışdırsa (eni 3–4 m, hündürlüyü 1,5 m ) onda peyinə hava daxil olması çətinləşir. Bu halda peyinin parçalanması tədricən gedir, azot və üzvü maddə itkisi az olur. Peyinin soyuq saxlaması üsulu daha səmərəlidir, bu təsərrüfatlarda geniş tətbiq olunur.
Parçalanma dərəcəsinə görə peyin təzə, zəif parçalanmış, yarımyanmış, çox yanmış və çürümüş olur.
Təzə peyin heyvandarlıq binalarından götürülür. Onu dərhal torpağa vermək olmaz, çünki, əks halda sahələrdə alaq otlar bitər və heyvanların epidemik xəstəlik törədiciləri geniş yayıla bilər. Onu peyin anbarına və ya sahələrə daşıyaraq iri tığlar şəklində yığırlar. İki və ya iki ay yarımdan sonra təzə peyin zəif parçalanmış olur. Onun tərkibindəki küləş öz rəngini və möhkəmliyini qismən saxlayır. Belə peyindən müxtəlif kompostların hazırlanmasında istifadə olunur. Tığda 3-4 ay müddətində kip şəkildə saxlandıqdan sonra yarımyanmış peyin alınır. Onun tərkibindəki samanın rəngi tünd qəhvəyi rəngli olub asanlıqla parçalanır. Belə peyinin çəkisi ilk çəkisinə nisbətən 15-30 % az olur: onun əsas əkini altına verirlər.
Çox yanmış peyin qara rəngli,azca rütubətli, bircinsli kütlədir. Küləşin ayrı-ayrı hissələri tamamilə parçalanmışdır və bir-birindən seçilmirlər. İlk çəkisinə nisbətən itkisi 50 %-dir. Belə peyin, əgər payızda əsas gübrə verilməyibsə yazda müxtəlif bitkilər altında verilə bilər.
Peyin uzun müddət saxlandıqdan sonra (bəzən bir neçə il müddətinə) çürümüş peyin alınır. O yumşaq, tökülən bircinsli kütlə olub, tünd rəngli, ilk çəkisini 75 %-ə qədərini itirmiş olur.
- Çürümüş peyinin tərkibindəki qiymətli üzvü maddələrin və azotun (20-25 %) xeyli hissəsi itmiş olur. Quru vəziyyətdə onun tərkibində 12 %, su və 88 % quru maddə vardır ki, onda azot 1,5 %; P2O5 -0,7-1,6%; K2O-1,5-2,8% arasında olur. Çürümüş peyindən bakterial və mikrogübrələr hazırlanaraq səpinlə birlikdə tətbiq olunması üçün istifadə olunur.
Quş zılı
Bu üzvi gübrə öz gübrələyici keyfiyyəti ilə peyindən yüksəkdir və tez təsir etməsinə görə isə mineral gübrələrdən heç də geri qalmır.
Quş zılı qiymətli, xeyli qatı və tez təsir göstərən üzvi gübrədir. Peyin kimi onun da tərkibində bitkilərə lazım olan bütün əsas qidalı maddələr vardır. Lakin quş zılında bunlar daha çoxdur. Buna səbəb quşların daha qüvvəli yemlərlə qidalanmasıdır (cədvəl 1). İl ərzində 100 toyuqdan 6-8 sentner, həmin sayda ördəkdən 8-9 sentner və qazdan 10-12 sentner zıl yığmaq mümkündür. Qida maddələrinin miqdarı quşların növündən və yemin keyfiyyətindən asılıdır[1].
Quş zılının kimyəvi tərkibi,%
Quşun növü |
H2O |
N |
P2O5 |
K2O |
CaO |
MgO |
SO3
|
Toyuq |
56 |
1,5 |
1,8 |
0,9 |
2,4 |
0,8 |
0,5
|
Ördək |
71 |
0,8 |
0,9 |
0,6 |
1,7 |
0,2 |
0,3
|
Qaz |
78 |
0,6 |
0,5 |
1,0 |
0,7 |
0,3 |
1,1
|
Torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün mineral gübrələrdən istifadə etmək lazım gəlir. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.
Məlumdur ki, mineral gübrələr tərkibindəki qida elementlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür. Əslində bütün mineralgübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium,maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdəbitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər.
Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır, odur ki, azot gübrələriəkinçiliyin kimyalaşdırılmasının əsas komponentlərinə aiddir. Lakin qida elementlərinin balanslaşdırılmaması, su rejimi pozulduqda, kifayət qədər işıqlanma olmadıqda və digər əlverişsiz şəraitdə azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. Azot gübrəsinin dozasının artırılması, həm əldə olunan məhsulda nitratların artmasına səbəb olur, həm də məhsulda «C» vitamininin, şəkərin və digər maddələrin azalmasına, bununla da, onların bioloji dəyərinin aşağı düşməsinə səbəb olur.
- Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla (ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, gübrənin dozası və s.) baş verir.
Gübrə veriləndən əvvəl torpaqda əhəngləmə aparılmalıdır, bu torpağın turşuluğunu aşağı salır və nitratların bərpa olunma prosesini aktivləşdirir
Nitratların toplanmasında gübrənin verilmə vaxtı mühüm rol oynayır. Kökmeyvəlilərin və kələmin kütləvi yetişdiyi dövrdə azot gübrəsinin verilməsi tövsiyə olunmur
- Ammonyak şorası — azot gübrəsidir, tərkibində 33-35% azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, şitillik torpaqları əlavə yemləndirmələrdən ötrü əlverişlidir.Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan aralıda saxlamaq lazımdır.
- Sidik cövhəri — azot gübrəsidir, tərkibində 46% azot elementi var, suda asan həll olur, əksərən əlavə yemləmələrdə istifadə edilir, yaxşı olar ki, quru yerdə saxlanılsın.
Kənd təsərrüfatında tətbiq olunan fosfor gübrələri, əsasən bitki tərəfindən asan mənimsənilən, suda həll olan növlərdən ibarətdir. Bura superfosfat və ikiqat superfosfat, həmçinin mürəkkəb gübrələr - ammofos, diammofos, nitroammofoska, karboammofoska daxildir.
- Dənəvərləşdirilmiş ikiqat superfosfat — fosfor gübrəsidir, tərkibində 42-50% fosfor elementi var, isti suda daha yaxşı həll olur, çöküntü verir, saxlama zamanı yapıxmır, payızda, yaxud erkənyazda əsas yemləmədə (səpmə və əkmə zamanı cızlara və çalalara) istifadə olunur, əlavə yemləmələrdə nadir hallarda işlədilir.
- Presipitat — fosfor gübrəsidir, tərkibində 38% fosfor elementi vardır, suda həll olmur, payızdan torpağı əsas gübrələmə üçün istifadə edilir; yaxşı saxlanılır.
- Fosfor mühüm biogen elementlərə aiddir. Canlı orqanizmlərin fosfora olan tələbatı azotdan təxminən 10 dəfə az olmasına baxmayaraq, o, bitki üçün yalnız qidalanma mənbəyi deyil, həmçinin enerji mübadiləsində və artım prosesində əsas rol oynayır
Tam yararlı məhsul alınmasına əlverişli şərait yaratmaq üçün torpaqda kifayət qədər mənimsənilən fosfor olmalıdır.
Lakin bununla yanaşı, fosfor gübrələri ilə birlikdə torpağa çoxl sayda torpaq mühitində az hərəkətdə olan toksik elementlər də daxil olur. Superfosfat tərkibində daha çoxlu miqdarda çirkləndirici maddələr olması ilə fərqlənir .
Bundan başqa fosfor gübrələrinin tərkibində ftor toksik birləşmələri də olur. Gübrə kimi istifadə olunan fosforun xeyli hissəsi torpaqda qalır, belə ki, torpaqda olan Ca, Al və Fe-la birləşir. Aparılan tədqiqatlar təbii fosfatların tərkibində radioaktiv elementlərin (uran, radium) olmasını təsdiq edir.
Ən çox yayılan kalium gübrələrinə kalium-xlorid, kalium-sulfat, təbii kalium duzu xammalı (əsasən silvinit) və b. aiddir. Bu gübrələr həmçinin ətraf- təbii mühitə mənfi təsir göstərir.
- Kalium gübrələrin tərkibində ballast elementləri (Cl, Na) də olur, yüksək dozada sistematik gübrələmə apardıqda onlar torpaqda toplanaraq onun münbitliyini aşağı salır.
Kalium gübrələrinin tərkibində olan metallar (Cd, Hg, Pb,Al) canlı orqanizmlərdə toplana və qrunt sularına daxil ola bilərlər.
Kaliumun yuyulması su rejimi tipindən, torpağın qranulometrik tərkibindən, tərkibindəki humusun və kalium ehtiyatının miqdarından asılıdır. Kaliumun və digər qida elementlərinin itirilmə miqdarına, həmçinin bitki örtüyünün mövcudluğu, aqrotexniki qaydalara riayət olunması, suvarma norması, torpağın turşuluğu və yerin relyefi təsir göstərir.
Kaliumun çox itməsinin, səth və qrunt sularının çirklənməsinin qarşısını almaq üçün kalium gübrələri torpağın əsas becərilməsinin (şumun) altına verilməlidir.
- Kalium-sulfat — ən yaxşı kalium gübrəsidir, tərkibində 45-50% kalium elementi vardır, suda yaxşı həll olur və saxlanılır. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və əlavə yemləmələrdə istifadə olunur. Əlavə olaraq, tərkibində 18% kükürd vardır.
Həmçinin mineral gübrələrin qarışığından ibarət gübrələrdən də geniş istifadə olunur.
- Maqnezium-sulfat — maqnezium gübrəsidir, tərkibində 10% maqnezium elementi var, suda yaxşı həll olur və saxlanılır, torpağın əsas yaz hazırlanması, şitillik və istixana torpaqlarının hazırlanması zamanı vəəlavə yemləmələrdə işlədilir. Əlavə olaraq, tərkibində 13% kükürd vardır.
- Kalsium şorası — kalsium gübrəsidir, tərkibində 22% kalsium elementi var, suda yaxşı həll olur, yalnız quru yerdə örtülü qablarda saxlanmalıdır, əlavə yemləmələrdə istifadə edilir. Tərkibində, əlavəolaraq, 15% azot vardır.
Kalium şorası — kalium-azot gübrəsidir, tərkibində 38% kalium və 13% azot vardır, suda yaxşı həll olur, saxlanır, istixanalarda bitkilərin əlavə yemləndirilməsindən ötrü ən yaxşı gübrədir.
- Kalimaqneziya — kalium-maqnezium gübrəsidir, tərkibində 26-28%» kalium və 16% maqnezium vardır, çöküntü ilə həll olunur, əsas hazırlanmalarda və əlavə yemləndirmələrdə istifadə edilir.
- Nitrofoska — tərkibində 11%» azot, 10% fosfor, 1 P/o kalium vardır. Yaxşı saxlanır, suda həll edildikdə fosfor birləşməsi şəklində çöküntü əmələ gətirir, çox vaxt bitkilərə ləng təsir etdiyi üçün əsasən əsas hazırlamalarda, az hallarda əlavə yemləmələrdə istifadə olunur.
- Ammofos — fosfor-azot gübrəsidir, tərkibində 39% fosfor və 18% azot vardır, suda yaxşı həll olur, saxlanır, əsas hazırlamalarda bütün bitkilərin altına verilir, istixanalarda tez-tez istifadə edilir. Fosfor çatışmazlığıböyük olduqda əlavə yemləmələrdə də istifadə edilir.
- Karbamid — azot gübrəsidir, tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Əksərən əlavə yemləmələrdə istifadə olunur. Suda asan həll olur. Turş olmayan torpaqlar üçün məsləhət görülür. .
- Rastvorinlər — tərkibində 10%-dən 20%-dək azot, 5%-dən 40%-dək fosfor, 6%-dən 20%-dək kalium olan mürəkkəb gübrələrdir. Rastvorinin bir növünün tərkibində 6% maqnezium vardır. Yaxşı saxlanır və suda tamhəll olurlar. Bitkilərə tez təsir göstərdiyi üçün yalnız əlavə yemləmələrdə istifadə edilməsi məsləhətdir.
- Maye gübrələr — Maye halında olan yerli (peyin şirəsi) və zavodlarda istehsal edilən (maye halında olan ammonyak, ammonyaklı su və s.) gübrələrdir. Maye halında olan gübrələri əksər hallarda, bitkilərin kökdənxaric (yarpaqlarla) yemlənməsi üçün suda həll olan gübrələrdən (şoralardan, kalium xlordan və s.) hazırlayırlar. Maye halında olan ammonyakın (tərkibində 82,3% azot vardır.) və ammonyaklı suyun (tərkibində 20-25% azot vardır) gübrə kimi işlədilməsi böyük perspektivə malikdir. Maye ammonyakda olan azotun qiyməti, ammonium şorası və digər gübrələrdə olan azotdan bir neçə qat ucuzdur. Lakin maye halda olan ammonyakın daşınması, saxlanması və səpilməsi üçün, 30 atmosfer təzyiqə qarşı davamlı olan xüsusi cihazların lazım olması, onun geniş surətdə tətbiq edilməsini çətinləşdirir. .
- Tam gübrələr — Tərkibində müxtəlif nisbətlərdə 3 qida maddəsi (azot, fosfor, kalium) olan gübrələrdir. Belə gübrələrə nitrofoska, ammofoska, üzvi gübrələrdə isə peyin aiddir. Tam gübrələr qarışıq və mürəkkəb gübrələr qrupuna ayrılırlar.
Gübrə sistemində üzvi gübrələr mühüm əhəmiyyət kəsb edir. Lakin yüksək məhsuldar torpaq yaratmaq yalnız üzvi gübrələrin hesabına mümkün deyildir. Təsərrüfatda kifayət qədər üzvi gübrələrdən istifadə edildikdə torpaqda humusun balansı müsbət ola bilər. Lakin mineral gübrələrdən istifadə etmədən torpaqda fosfor və kaliumun balansmı təmin etmək qeyri-mümkündür.
Üzvi və mineral gübrələrin bitkiyə və torpağa təsiri müxtəlifdir. Mineral gübrələrdən (xüsusilə azot, qismən kalium gübrələri) qida maddələri bitkilər tərəfindən gübrə veriləndən sonra demək olar ki, dərhal maksimum, üzvi gübrələrdən isə üzvi maddələrin minerallaşması prosesində tədricən istifadə olunur. Odur ki, lazım gəldikdə bitkinin qidalanması üçün mineral gübrə verilməlidir. Əgər mineral gübrələr, əsasən torpağın qida rejimini yaxşılaşdırırsa, üzvi maddələr isə bununla yanaşı, həm də torpağı humusla zənginləşdirir, onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır, torpaq mikroflorasının aktivliyini artırır. Üzvi və mineral gübrələrin birlikdə verilməsi, onların eyni miqdarda ayrılıqda verilməsi ilə müqayisədə öz müsbət təsirinə görə daha effektli nəticə əldə olunur.
Əkin sahələri üçün gübrələmə sistemi tətbiq etdikdə, əkin dövriyyəsində ayrı-ayrı bitkilər üçün və mineral gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək olduqca mühüm məsələdir.
Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı (cərgələrə, yuvalara) və səpindən sonra (əlavə gübrə) gübrələmə tətbiq edilir.
Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən, inkişaf edən və ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək üçündür. Buna görə səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir. Kotanla basdırılan gübrə torpağın dərin, daha çox rütubətli qatına düşür və buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli istifadə edir. Səpindən əvvəl gübrələr, torpağın becərilmə sistemindən aılı olaraq, müxtəlif vaxtlarda verilə bilər. Əgər torpaq payızda dərin becərilib yazda yalnız səpinqabağı kultivasiya edilərsə, gübrələr dondurma şum altına verilir.
Səpin vaxtı gübrələrin cərgələrə və ya çalacıqlara verilməsi əsasən bitkiləri inkişafın ilk dövründə qida ilə təmin etmək üçündür. Buna görə bu üsulla gübrələr kiçik doza ilə verilir. Bitkilər ilk inkişaf fazasmda əlverişli olmayan şəraitə, о cümlədən qida elementlərinin çatışmazlığına xüsusilə çox həssas olurlar. Səpin vaxtı gübrələrin kiçik dozasının cərgələrə və ya çalacıqlara verilməsi cavan bitkilərin qidalanması üçün əlverişli şərait yaradır; bunun nəticəsində bitkilər sürətlə inkişaf edir və əlverişli olmayan şəraitə, məsələn, rütubətin müvəqqəti çatışmazlığına, ziyanvericilər və xəstəliklərdən zədələnməyə dözümlü olur, həm də, sonra alaq otları ilə asanlıqla mübarizə apara bilirlər.
Yüksək məhsul götürmək və onun keyfiyyətini yaxşılaşdırmaq işində əlavə gübrələnməyin (səpindən sonra) böyük əhəmiyyəti var. Bu üsul bitkilərin inkişafının müəyyən dövründə onların qidalanmasını gücləndirməyə imkan verir.
Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır. İçməli suda və ya ərzaq məhsulunda nitratların konsentrasiyası təyin olunmuş normadan artıq olduqda insanın sağlamlığı üçün təhlükəlidir
Hər bir təsərrüfatçı gübrələrdən daha yaxşı və necə istifadə etməyə nail olmaq üçün (gübrələrin suvarma suyu ilə verilməsi və s.) müəyyən təcrübə toplamalı və yeni mütərəqqi üsullardan istifadə etməlidir.
İstinadlar
- ↑ A.M.Hüseynov, N.V.Hüseynov, K.Y.Məmmədova. Aqrokimya. Bakı: Qanun. 2018. səh. 440.
Ədəbiyyat
- R.Q.Hüseynov” Azərbaycanda gübrələmə sisteminin aqrokimyəvi əsasları”,Bakı,1961
- М.П.Петухов,Е.А.Папова,Н.Х.Дудина ” Агрохимия и система удобрения.Москва, 1979
|
|