Firuz Kazımzadə (27 oktyabr, 1924, Moskva - 17 may, 2017, ABŞ ) — Amerika tarixçisi, Yel Universitetinin tarix üzrə əməkdar professoru, əslən azərbaycanlıdır [1].
Həyatı və təhsili
Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib.
Fəaliyyəti
1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib[2] O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır. Həmin dövrdə Kazımzadənin 27 yaşı var idi. Bu onun ilk kitabı idi. 1968-ci ildə Yell Universitetinin nəşriyyatında "Rusiya və İngiltərə İranda (1864-1914). İmperializmin tədqiqi" monoqrafiyası işıq üzü görmüşdür. Bu kitab 2004-cü ildə Moskvada rus dilində "İranda nüfuz uğrunda mübarizə. Rusiya və İngiltərə diplomatik qarşıdurma" başlığı ilə nəşr olunmuşdur. Kazımzadənin 3-cü əsəri "Böyük İvandan inqilabadək rus imperializmi" əsəri 1974-cü ildə çapdan çıxmışdır.15 may 1998-ci ildən 23 may 2003-cü ilə qədər ABŞ-də beynəlxalq dini azadlıq komisiyasının üzvü olmuşdur. Bəhai dinini qəbul etmişdir. Professor Kazımzadə Rusiya və İran tarixinə dair bir sıra kitabların, habelə nüfuzlu elmi jurnallar üçün çoxsaylı məqalə və rəylərin müəllifidir[3][4].
Ölümü
17 may 2017-ci ildə ABŞ-də vəfat edib[5].
İstinadlar
Lüğətlər və ensiklopediyalar | |
---|
|