"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb.
Məzmun
Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur:
- - Həkim, siz məni sağalda bilərsiz?
- - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik..
Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir. Onu xəstəxanaya gətirən həkimin əvvəlcə istəyi sadəcə Merriki digər həmkarlarına göstərmək və üzərində tibbi araşdırma aparmaq olur. Lakin sonradan o, bu varlığın daxili dünyasının tamamilə fərqli olduğunu anlayır və onu istedadlı, xeyirxah bir insan kimi sanki yenidən kəşf edir. Hətta xəstəxanaya gələn məşhur bir aktrisa Con Merrikin söylədiyi sətirləri dinlədikdən sonra ona belə deyir:
- - Cənab Merrik, siz heç də fil adam deyilsiz… Siz Romeosunuz!
Filmdə Frederix Trivzi Entoni Hopkins, Con Merriki isə Con Hört canlandırıb. Rejissor Devid Linçin bu ekran əsəri Avropada "BAFTA" (Böyük Britaniya) və "Sezar" (Fransa) mükafatlarına layiq görülüb. ABŞ-də isə 8 nominasiyada "Oskar"a namizəd olsa da, kinoakademiklərdən bir heykəlcik belə qazana bilməyib.
İstinadlar
Xarici keçidlər