Falçı qadın (it. Buona ventura) — Mikelancelo Merisi de Karavacco tərəfindən 1594–1595-ci illərdə ərsəyə gətirilən rəsm əsəri. Karavacco bu əsəri iki dəfə rəsm etmişdir. Bunlardan ilki (1594) hal-hazırda Romada Kapitoli muzeyində, bir digəri (1595) isə Parisdə Luvr muzeyində saxlanılır.
Təsviri
Mikalencelo Karavacco məişət janrında olan əsərlərini daha çox Sezari emalatxanasından ayrıldıqdan sonra rəsm etmişdir. Bu müddətərzində o ətrafı nəzərdən keçirmiş və gördüklərini rəsmlərinə əks etdirmişdir. Kompozisyada falçı qadın və cavan bir oğlan rəsm edilmişdir. Rəsmdə falçı qadın kələkbaz və hiyləgər nəzərlərlə belində qılınc olan cavan oğlanın əlini tutur. Gəncin digər əli isə qılıncın üzərində, belindədir. Qadın oğlanın diqqətini çəkmədən barmağındakı üzüyü çıxarmağa çalışır.
Rəsmdəki obrazların günahkar və ya məsum olduqları simalarından seçilir. Karavacco sünilikdən uzaq duran bir rəssam olduğu üçün çəkdiyi obrazları günlük həyatda gördüyü insanlardan təsirlənərək və modelin simasında dəyişiklik etmədən rəsm etmişdir.
Digər versiya
Rəsmin ilk versiyası böyük rəğbətlə qarşılansa da Manciniyə görə Karavacco bu dövrdə yoxsulluq içində idi və buna görə də rəsmi 8 skudiyə (italyan pul vahidi) satmaq məcburiyyətində qalmışdı. Karavacco çox keçmədən bu səhnəni yenidən canlandırmaq qərarına gəlmiş və 1595-ci ildə əsəri ikinci dəfə rəsm etmişdir.
1595-ci ildə Karavacco artıq Kardinal del Montenin evində yaşayırdı və rəsm onun sifarişi əsasında ərsəyə gətirilmişdi. Bu versiyanın ilkindən fərqi sadəcə dəyişdirilmiş arxa plan rəngi deyildi. Burada rənglər daha canlı, obrazlar daha incə formada təsvir edilmişdi.
İstinadlar