Elektron elm — elmi məsələlərin həlli ilə məşğul olan və lazımi informasiya kommunikasiya infrastrukturuna malik, yüksək sürətli İnternet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini nəzərdə tutan konsepsiyadır.
Elmi fəaliyyət zamanı şəbəkə vasitəsilə çoxlu sayda məlumatları əldə etmək, yadda saxlamaq, emal etmək (yəni hesablamaq, məntiqi nəticə çıxarmaq, mülahizə irəli sürmək, analiz və sintez etmək, dinamikasını tədqiq etmək və s.), daha sonra isə onu lazımi formada təqdim etmək, başqa sözlə, çap etmək, vizuallaşdırmaq, ötürmək və s. tələb olunur. Bütün bunları yerinə yetirmək üçün İnternet əvvəllər mövcud olmayan unikal imkanlar yaradır.
E-elmin əsasını telekommunikasiya, informasiya və hesablama resursları kimi üç əsas komponent təşkil edir. Əlaqələndirilmiş və tənzimlənən bu komponentlər birlikdə elə bir elektron infrastruktur formalaşdırır ki, nəticədə tədqiqat işinin xarakteri tamam dəyişir. Həmin infrastruktur, alimlərə onlayn rejimdə texniki resurslardan birlikdə və əlaqəli şəkildə istifadə etmək imkanı verir, hesablama resursları və verilənlər arxivi kimi əsas tədqiqat alətlərindən istifadəsini sadələşdirir[1].
Elektron elmin xüsusiyyətləri
- elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür;
- ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır;
- elektron elmi kitabxanalar şəbəkəsi yaradılır;
- müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır.
Mənbə
- İnformasiya cəmiyyəti problemlər, 2012: İNTERNETİN MAHİYYƏTİ, XÜSUSİYYƏTLƏRİ VƏ TƏSİR İMKANLARINA DAİR
BƏZİ BAXIŞLAR*
- ↑ Hacırəhimova, M. Ş. Elektron elm: beynəlxalq qurumlar, təşəbbüslər və hüquqi baza/M. Ş. Hacırəhimova, T. X. Fətəliyev.// — B. : İnformasiya texnologiyaları, 2010, — s.92 — ISBN 978-9952-434-27-9