1847-1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir.[1][2] Rus hökuməti ona təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə Tiflisdən oraya göndərirlər. Onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olmuşdur.[3][4]Birinci Dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etməmişdir.[5]
Məqbərə Azərbaycan RespublikasınınŞuşa şəhərində yerləşir. Məqbərə Bəhmən Mirzənin hələ sağlığında əmri ilə tikilmiş və ümumilikdə, 3 böyük otaqdan ibarətdir. Girişdəki geniş otaq foye və giriş üçün istifadə edilmişdir, ikinci otaq kitabxana, üçüncü otaq isə Bəhmən Mirzənin dəfn olunması üçün istifadə olunmuşdur. 1992-ci ilin may ayının 8-də Şuşanın erməni silahlıları tərəfindən işğal edilməsindən sonra bu şəhərdə yerləşən məqbərənin taleyi barədə uzun müddət məlumat olmamışdır.[6]