Bumer — 2003-cü ildə Rusiyada döyüş filmi janrında çəkilmiş film. Filmin rejissoru Pyotr Buslovdur, film həm də rejissorun tam metrajlı ilk filmidir. Kinoteatrlarda premyera 15 avqust 2003-cü ildə, Televiziya premyerası 10 oktyabr 2004-cü ildə NTV kanalında baş tutub.[2][3] Filmin davamı olaraq 2006-cı ildə "Bumer. İkinci film" kinosu çəkilib.
Filmin musiqi mövzusu, filmdə əsas personajlardan birinin mobil telefonunun çağrı siqnalı idi. Film ekranlara çıxdıqdan sonra isə bu melodiya mobil telefon istifadə edən insanlar arasında çox populyar olur. Məhz bu populyarlıq musiqinin müəllifi Sergey Şnurova təxminən 1 milyon dollar qazandırır.[4]
Filmdə hadisələr 1999-cu ildə Moskva ətrafında baş verir. Filmin baş qəhrəmanı olan dostlar Kostya Kot, Dimon Opşarennıy, Lyoxa Killa və Petya Rama yolda baş vermiş mübahisəyə görə kriminal söhbətdə iştirak edirlər. Bu söhbətdən sonra dostlar izləndiklərini hiss edirlər. Onları izləyən naməlum şəxslərdən qurtulduqdan sonra dostlar şəhəri tərk etmək qərarına gəlirlər. Öz avtomobilləri artıq diqqəti cəlb etdiyindən onlar Petya Ramanın qaçırdığı BMW 750IL (Bumer) maşınından istifadə edirlər. Yolda onlar izlənməsinlər deyə öz mobil telefonlarını söndürmək qərarına gəlirlər, ancaq Kostya Kot öz telefonunu tapa bilmir. Şəhərdən çıxarkən yol polisi onları saxlayır və dostlar böyuk ölçüdə rüşvət verməyə məcbur olurlar. Pullarını tez bir zamanda xərclədikləri üçun filmin qəhrəmanları sonrakı səhnələrdə çox əziyyət çəkir və müxtəlif çətinliklər ilə qarşılaşırlar.
Filmin sonunda dostlar mağazadan çıxarkən atışma səhnəsinin şahidi oluruq. Dimon Osşparennıy dostlarının çətin vəziyyətdə olduğunu görüb maşın ilə qaçır. Lyoxa Killa isə polis ilə atışmada öldürülür. Petya Rama Kostyanı qorumaq üçun özünü güllə qabağına verir və həlak olur. Kostya Kot yaralı dostu Petya Ramanı xilas etmək istəyərkən yaralanır və həbs edilir.
Baş qəhrəmanlar
Filmin baş qəhrəmanları doxsanıncı illər rus mafiyasının nümayəndələridir. Onlardan heç biri özünü qanun pozucusu hesab eləmirlər. Ancaq dostlar soyğunçuluq, maşın oğurluğu, reketlik və quldurluq ilə məşğul olur, özlərində silah gəzdirir və tez tez digər quldurlarla ünsiyyətə olurlar.
Kostya "Kot"(Vladimir Vdoviçenkov) – Əsl adı və soyadı Konstantin Andreeviç Oqorodnikovdur. Qrupun lideridir. Cinayət məsələlərində diqqətli, danışıqları və münaqişələri sülh yolu ilə həll etməyə çalışır. Evlidir və qadını onu cinayət aləmi ilə münasibətləri pozmağa inandırır. Kostya cinayət aləmi ilə əlaqələrini kəsməyə razıdır, amma dostluq öz təsirini göstərir. Filmin sonunda ölümcül yaralı "Rama" Petyanı güllə altından çıxartmağa çalışarkən yaralanaraq həbs olunur.
Dimon "Oşparennıy" (Andrey Merzlikin) – Əsl adı Dmitri Alekseeviç Poşparin. Ləqəbi soyadla əlaqələndirilir, həm də personajın xarakterinə uyğundur. Çox təmkinsiz, tez özündən çıxan və tez tez dava salan dalaşqan bir tipdir. Klassik musiqini sevir, özünü ağıllı göstərir. Yolda etdiyi səhv bütün dostlarını zərbə altına qoyur. Filmin sonunda dostlarını xilas edə bilməyəcəyini anlayaraq onları təhlükəli vəziyyətdə qoyaraq qaçır.
Lyoxa "Killa" (Maksim Konovalov) – Filmdə dəstənin ən "quru" üzvü kimi göstərilib. Problemlərin həlli üçün güc metodlarını sevir, hər hansı bir anlaşılmaz vəziyyətdə tapança çıxarır və atəş açır. FSB zabitini öldürən və dostların gizlənməsinə səbəb olan Killadır. Filmin sonunda polislə atışmada öldürülür.
Petya "Rama" (Serqey Qorobçenko) – Yaxşı xasiyyətli, qəhrəman, güləşçi görünüşlü personajdır. Dostlarının həyatını bir neçə dəfə xilas edir. Filmin süjet xəttinin əsasını təşkil edən "bumer" avtomobilini oğurlayan o olur, lakin eyni avtomobilin şübhəli keçmişi tez bir zamanda dostların əlində olan bütün pulların bitməsinə səbəb olur. Dostların kənddə qaldığı müddətdə Katya adlı bir qız ilə münasibət qurur. Filmin sonunda bir soyğun zamanı, Kostyaya atılan güllənin qarşısını alaraq yaralanır və ölür.
Çəkiliş Qrupu
Ssenari müəllifləri: Pyotr Buslov və Denis Rodimin
Rejissor: Pyotr Buslov
Qruluşçu operator: Daniil Qureviç
Operator: Iqor Qrinyakin
Bəstəkar: Sergey Şnurov
Prodüsserlər: Sergey Selyanov , Sergey Çliyants , Vladimir İqnatiev
Qruluşçu rəssam: Ulyana Ryabova
Montaj: İvan Lebedev
Rəsm Direktoru : Timofey Nosik
Postprodakşn direktoru: Sergey Dolqoşeyn
Film hələ ümumi baxışa çıxmamışdan əvvəl filmi rejissor Sergey Bodrov izləyir və çox bəyənir. Buna görədə filmin çəkiliş hyətini yeni çəkiləcək "Svyaznoy" filminə dəvət edir. Karmadon yarğanında aparılan çəkiliş zamanı bədbəxt hadisə baş verir və çəkiliş heyətinin üzərinəə nəhəng buz parçası düşur. Hadisə nəticəsində yüzdən artıq insan buz altında qalır. "Bumer" filminin çəkilişlərində iştirak edən bir çox insanda orda həlak olur. Sonradan çəkiliş qrupunun həlak olan üzvlərinin xatirəsinə "Bumer. İkinci film" kinosu çəkilir.[6][7][8]
Tənqid
Film tənqidçilərin nəzərindən qaçmır. Kino tənqidçiləri Andrey Plaxov və Mixail Trofimenkov filmi "Roud-muvi" janrına daha uyğun olduğunu qeyd eləyirlər.[9] Tənqidçilər filmin səhnələrini həm də "Briqada" serialına bənzədiyi fikrini səsləndirir.
Andrey Plaxovun fikrinə görə filmdə daha çox rus xalq kinosunun yox, Amerika filmlərinin elementləri istifadə edilib. Tənqidçi "bu qədər söyüş və vulqar sözərin istifadəsi ilə məşhur olmaq olmaz" fikrini də səsləndirir.[10]
Digər bir film tənqidçisi Aleksey Eksler isə filmin "ürəkbulandıran, mənfur və qeyri-adi dərəcədə iyrənc bir zövq verdiyini" qeyd edir.[11]
Festival və Mükafatlar
Aprel 2004 — Ən yaxşı film musiqisinə görə "Nika" Mükafatı (Sergey Şnurov)
Yanvar 2004 — Xantı-Mansiyskdə keçirilən "Fire of Spirit" film festivalında ən yaxşı filmə görə əsas mükafat
Dekabr 2003 — Ən Yaxşı film musiqisinə görə "Milli Film Tənqidçiləri və Film Mətbuatı" təşkilatının "Qızıl Qoç" Mükafatı ( Sergey Şnurov)
Avqust 2003 — Vıborqda təşkil olunmuş On birinci "Avropaya Pəncərə" film festivalında "Ən yaxşı debüt" xüsusi hədiyyəsi
İyun 2003 — Moskvada təşkil olunmuş İyirmi beşinci "Moskva Beynəlxalq Film Festivalı"nda mükafat.