Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs.
Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir.
Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər. Bununla belə, müasir birjalarda brokerlər nadir hallarda təkbaşına işləyir. Sırf vasitəçilik məqsədlərindən ötrü onlar güclü broker şirkətlərinə birləşir. Qiymətli kağızlarla əməliyyatlardan başqa, broker şirkətləri informasiya və konsaltinq (məsləhət) xidmətləri də göstərir.[1]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər