Beynəlxalq Respublikaçılar İnstitutu

Tarixi

"Gəlin ilk əvvəl ən yaxşını qorumaq cəhdindən — gələcək nəslin taleyini həll edən azadlıq mübarizəsindən başlayaq. Sülh və ədalət naminə, gəlin elə dünyaya gedək ki, orada insanlar öz talelərini müəyyən etməkdə azaddırlar. Azadlıq bəxti gətirən çox az adamın nailiyyəti yox, bütün insanların ümumi beynəlxalq hüququ olmalıdır".

ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun rəsmi saytında qurumun yaranma tarixi haqda məlumat Amerikanın 40-cı prezidenti Ronald Reyqanın 1982-ci ildə Britaniya parlamentindəki çıxışı zamanı dediyi bu sözlərlə başlayır. Çünki Respublikaçılar İnstitutunun yaranmasına da bu çıxış səbəb olub. R. Reyqan həmin çıxışıyla ABŞ-nin dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparanlara dəstək kursunu elan edib və 1983-cü ildə ABŞ Konqresi Reyqanın çağırışına cavab verib: dünyada demokratiyanı dəstəkləmək haqda qərar qəbul edilib.

Bu işi görmək isə Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Demokratiyaya Milli Yardım Fondu (NED), Beynəlxalq Özəl Müəssisələr Mərkəzi (CİPE) və Amerika Beynəlxalq Əmək Həmrəyliyi Mərkəzi (ACİLS) kimi qurumlara həvalə olunub.

Respublikaçılar İnstitutu demokratiyanı ilk olaraq Latın Amerikasına yaymaq məqsədilə yaradılıb. Təşkilatın ilk ofisləri 1984-cü ildə Boliviya, Kolumbiya, Qrenada, Qvatemala və Portuqaliyada açılıb. "Soyuq müharibə"nin sonlarına doğru Respublikaçılar İnstitutu dünyada azadlıq və demokratiyanın dəstəklənməsi istiqamətində araşdırmalarını artırmağa başlayıb.

İnstitutun büdcəsi əsasən ABŞ Dövlət Departamentinin, Beynəlxalq İnkişaf Agentliyinin və Demokratiyaya Milli Yardım Fondunun qrantları hesabına formalaşır. 2008-ci ildə təşkilatın büdcəsinin 99,85 faizini bu qrantlar təşkil edib. Respublikaçılar İnstitutu özəl donorlardan da kiçik həcmdə qrantlar alır (0,15 faiz) ki, bunları da öz illik hesabatlarında göstərir.

Respublikaçılar İnstitutunun dünya üzrə 400 əməkdaşı var. Bundan əlavə, beynəlxalq treninqlər və seçkilərə nəzarət missiyası üçün qurum 100-dən çox könüllü ilə əməkdaşlıq edir.

İnstitutun Direktorlar Şurasına senator, 2008-ci ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmuş Con Makkeyn sədrlik edir. İnstitutun prezidenti isə Lorn Kranerdir – o, 2001–2004-cü illər ərzində ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi işləyib.

Beynəlxalq Respublikaçılar İnstitutunun saytında bildirilir ki, bu təşkilat siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının inkişafını, azad seçkiləri, yaxşı idarəetməni, qanunun aliliyini dəstəkləməklə dünyada azadlıq və demokratiyanın inkişafına kömək edir. Həmin məlumata görə, institut siyasi partiyaların, namizədlərin seçkilərə hazırlanması, yaxşı idarəetmə təcrübəsi, vətəndaş cəmiyyətinin inkişafı, QHT təhsili, qadınların və gənclərin idarəetmədə iştirakı, gənclərin və qadınların liderliyinin inkişafı, seçki islahatı, seçkiyə nəzarət, qapalı cəmiyyətlərdə siyasi ifadə sahələrində treninqlər təşkil etməklə demokratiyanı yayır.

Beynəlxalq Respublikaçılar İnstitutu dünyanın 100-dən çox ölkəsində öz proqramlarını həyata keçirib. Ən son məlumatda qurumun 69 ölkədə proqramlarını həyata keçirdiyi bildirilir.

Respublikaçılar İnstitutunun hansı ölkələrdə ofis açması ABŞ-nin həmin ölkədəki maraqları ilə əsaslandırılır. Postsovet məkanında institut ən geniş fəaliyyəti Baltik respublikalarında aparır. Buradakı Baltik-Avrasiya Beynəlxalq Parlamentlərarası Treninq İnstitutu Beynəlxalq Respublikaçılar İnstitutunun ən böyük proqramlarından biridir.

Keçmiş SSRİ ölkələrindən Qırğızıstan, Moldova, Rusiya, Qazaxıstan və Ukraynada da Respublikaçılar İnstitutunun ofisləri fəaliyyət göstərir.

Cənubi Qafqazda isə institutun iki ölkədə — Azərbaycan və Gürcüstanda nümayəndəliyi var.

Yaxın vaxtlarda Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı nümayəndəliyi bağlanır, institut Azərbaycandakı bütün proqramlarını dayandırır.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!