Bu adın digər istifadə formaları üçün bax:
Bayan.
Bayan — Azərbaycan Respublikasının Oğuz rayonunda Bayan kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Bayan kəndi Oğuz şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bayan kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Toponimikası
Bayan kəndinin adı 24 Oğuz qəbiləsindən biri olan bayandurların adı ilə bağlıdır. "Bay"ın "dövlətli, zəngin, varlı", "böyük, ali" mənaları da (Azərbaycan dilinin izahlı lüğəti) ilkin mənadan törəmişdir. "Bayan" sözündəki "an" cəmlik bildirir. 1917-ci ildə Boyan variantında qeydə alınmışdır.
Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım; varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.[2]
Coğrafiyası və iqlimi
Kənd rayon mərkəzindən 6 km. cənubda, Şəki–Qəbələ şose yolunun kənarında, Xalxalçayın (Əlican çayın sağ qolu) sahilində, Alazan-Həftəran vadisində, dəniz səviyyəsindən 450 m. yüksəkdə yerləşir.
Əhalisi
1842-ci il Şəki qəzasının Xaçmaz sahəsinin kameral təsvirinə əsasən Bayan kəndində 26 təsərrüfatda 146 nəfər əhali yaşayırdı ki, onların da 74 nəfərini kişilər, 72 nəfərini isə qadınlar təşkil edirdi.[3]
1863-cü il Şəki qəzasının Xaçmaz sahəsinin kameral təsvirinə əsasən Bayan kəndində 32 təsərrüfatda 133 nəfər əhali yaşayırdı ki, onların da 75 nəfərini kişilər, 58 nəfərini qadınlar təşkil edirdi.[4]
1873-cü ilə dair Şəki kameral təsvirinə əsasən isə Bayan kəndində 38 təsərrüfatda 171 nəfər əhali yaşayırdı ki, onların da 94 nəfəri kişilərdən, 58 nəfəri qadınlardan ibarət idi.[5]
2017-ci il 1 yanvar siyahıyaalınmasına görə Bayan kəndinin əhalisi 1886 nəfərdir.
Tanınmış şəxsləri
- Mehdi Tacı oğlu Kərimov — 1974-cü il dekabr ayının 10-da Oğuz rayonunun Bayan kəndində anadan olmuşdur. Hərbi xidmətdə sonuncu döyüşləri Kəlbəcərin kəndləri uğrunda olub. 28 yanvar 1992-ci ildə qəhrəmancasına şəhid olmuş.
İqtisadiyyatı
Kənd əhalisi əsasən əkinçilik, heyvandarlıq, tərəvəzçilik və bağçılıqla məşğul olur.
Mədəniyyəti
Kənddə orta məktəb, uşaq bağçası, texniki-peşə məktəbi, klub, kitabxana, poçt, 200 yerlik ATS, feldşer-mama məntəqəsi, XIX əsrin əvvəllərində tikilmiş məscid, ticarət və iaşə obyektləri var. Kəndin ərazisində turizm-istirahət obyektləri yaradılmışdır.
Din
Kənddə Bayan kənd məscidi dini icması fəaliyyət göstərir[6].
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|