Barokko rəssamlığı — XlV-XVI əsrlər mədəniyyətindəki barokko dövrünə aid olan rəsm əsərləri. Bu cərəyan çox vaxt mütləqiyyət, əksreformasiya və katolik intibahı ilə əlaqələndirilsə də, Qərbi Avropanın mütləqiyyətçi olmayan və protestant dövlətlərində də barokko üslubunda əhəmiyyətli əsərlərin mövcudluğu barokkonun populyarlığını göstərir.
Barokko rəssamlığı insan və dünyanın harmoniyasını deyil, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Böyük Dünyanı birdəfəyə qavramaq heç də hamı üçün asan olmadığından rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə edərək əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verirdilər.
Barokkonun XVII əsr italyan incəsənətində, xüsusən memarlıq və heykəltəraşlığında hakim mövqe tutmasına baxmayaraq, realist üslub da özünəməxsus yer tuturdu. Bu üslub daha çox Avropa realist rəngkarlığının inkişafına misilsiz təsir göstərən Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini tapırdı. İtaliyanın özündə Karavaconun çoxlu ardıcılları meydana gəldi ki, onları karavacoçular adlandırırdılar. Bununla bərabər, karavacopərəstlər İtaliya sərhədlərindən uzaqlarda da mövcud idi. O dövrün dahi
rəssamlarından heç biri Avropa realist sənətində əsas mərhələ təşkil edən Karavacodan yan keçə bilmədi.
Karavaconun sərt pealizmi onun müasirləri, «yüksək sənət» təpəfdarları sarıdan başa düşülmürdü. Əsərlərinin bilavasitə təsir obyekti olan naturaya müraciət və onun izahının doğruluğu Karavacoya çoxlu düşmən qazandırmışdı. Bunların içərisində rəsmi şəxslər və ruhanilər də var idi. Karavaco sənətinin formalaşmasına XVI əsrin sonunda İtaliyada inkişaf edən parlaq və emosional ifadəli Venesiya rəngkarlığının ənənələri, həmçinin yaradıcılıq azadlığına can atan manyerizm güclü təsir göstərmişdi.
Karavaconın yaradıcılığında dini mövzular mühüm yer tutur. Məs. «Yudif və Olofern» (1599), «Fomanın inamı» (XVI əsrin 90-cı illərinin II yarısı), «Emmausda şam yeməyi» (1599). XVI-XVII əsrlər arasında Karavaco apostolların həyatına aid süjetlər əsasında 2 silsilə rəsmlər yaradıb. Bu əsərlərdən 3-ü apostol Matveyə həsr edilərək Romada San Luici dei Françezi kilsəsinin Kontarelli kapellası üçün çəkilmişdi (1597-1600). 1945-ci ildə bu əsərlərdən biri məhv olur. Karavaco daim məbədlər üçün sifarişlər alırdı. Santa-Mariya della Skala
kilsəsinin mehrabı üçün çəkdiyi «Məryəmin ölümü» əsəri buna misaldır (1605-1606). «Apostol Matveyin çağırışı» (1599-1600), «Savlın dönməsi» (1600-1601), «İsanın tabuta qoyulması» (1604) və s. əsərlər də maraq doğurur.
Karavaco Avropa incəsənətində ilk dəfə olaraq dəzgah natürmortları yaratmağa başladı. Bütün bunlarla yanaşı, Karavaconu həmçinin rəngkarlıqda da barokkonun banisi hesab etmək olar, çünki barokko dili və barokkoya məxsus dünya duyumu ona yad deyil.
Rəngkarlıqda barokko XVI-XVII əsrlərin 2 əsas bədii cərəyanın nəticəsi kimi yaranır. Bunlardan biri XVII əsrdə İtaliyanın ən məşhur rəssamı olan Karavaconun (1573-1610) sənəti ilə, digəri Karraççi qardaşlarının yaradıcılığı ilə bağlıdır.
Annibale və Aqostino Karraççi qardaşları 1585-ci ildə Bolonyada yaratdıqları üçün onların adı ilə bağlı olan cərəyan "Bolonya akademizmi" adlanır. Burada rəssamlar xüsusi proqram üzrə dərs alırdılar, onlara yalnız praktik deyil, nəzəri dərslər də, məs. perspektiv (mənzərənin uzaqdan görünüşü), anatomiya, tarix, mifologiya, antik rəsm və heykəllərin şəklinin çəkilməsi və s. də keçilirdi. Annibale Karraççi «qəhrəmanlıq peyzajı» janrının yaradıcısıdır. Bolonyalılar hesab edirdi ki, təbiət özü-özlüyündə natamam, qeyri-kamil olduğu üçün incəsənətdə təmsil edilə bilməz, bunun üçün o, müəyyən səviyyəyə çatdırılmalıdır. Məhz bu məqsədlə Annibale Karraççi
özünün uydurduğu, ideallaşdırılmış təbiət yaradırdı. Beləliklə, Bolonya akademizminin əsas prinsipi naturanın patetizm və ideallaşdırma vasitəsilə təkmilləşdirilməsidir.
Rəngkarlıqda akademist cərəyan manyerizmə cavab kimi yaranmışdı. İtaliyada XVI əsrin 20-30-cu illərində yaranmış bu cərəyanın nəzəriyyəçiləri əsrin ortalarında olduqca böyük təsirə malik idilər. Onlar iddia edirdi ki, hamı üçün ümumi olan estetik ideal ola bilməz, sənətkar kortəbii şəkildə yalnız ilahi qüvvənin təsiri ilə yaradır. Bununla əlaqədar bədii təhsil də gərəksiz sayılırdı. Akademiya bu baxışları inkar edirdi. Ədəbi sənət idealının mövcudluğunu təsdiq edən Karraççi qardaşları bunun mənbəyini Antik və İntibah dövründə axtarırdı. Onlar təhsilə və intellektə də xüsusi fikir verir və məhz buna görə də tədris proqramlarına dünyəvi elmləri daxil
edilmişdi. Karavaco bir çox məsələlərdə Bolonya akademizminin antipodu olsa da bu iki müxtəlif üslubun əsasında
italyan barokkosu yaranır. Beləliklə, italyan barokko sənətkarları dünyanın mürəkkəb və sirlərlə dolu olmasını hamıdan əvvəl duydular.
Onlar insanın nə qədər aciz, təbiətinin mürəkkəb və ziddiyyətli olduğunu, ali mənəvi dəyərlərə çatmaq yolunda onu hansı çətinlik və iztiradlar gözlədiyini göstərməkdən qorxmadılar. Mərkəzdə mövcud olan rəsmi barokko cərəyanı ilə yanaşı, XVII əsrdə İtaliyanın ucqarlarında realizm ənənələrini davam etdirən rəssamlar da var idi. Bunlardan ən istedadlısı yaradıcılığı sonrakı dövrdə də davam
edən bolonyalı Cüzeppe Mariya Krespi idi (1664-1747).
XVI əsrdə dünyaya ağalıq edərək Niderland, Almaniya, İtaliyanı öz təsiri aliında saxlayan, Amerika müstəmləkələrini zəbt edən İspaniya özü heç nə istehsal etmədiyindən, tədricən artan yoxsulluq əhalinin qəzəbinə səbəb olurdu. XVI əsrdə Şimali Niderlandın (Hollandiyanın) ayrılması onun müflisləşməsinin başlanğıcı oldu. XVII əsrdə İspaniya artıq ikinci dərəcəli ölkələr sırasına keçdi.
İspan monarxiyası Fransadan fərqli olaraq mədəniyyəti öz qanadı altına ala bilmədiyindən rəssamlıq El Qreko, X.Ribyera, Surbaran,
D.Velaskes, Murilyo və başqalarının simasında yüksək inkişaf səviyyəsinə çatdı. XVII əsrin sonunda
incəsənətdə barokko üslubu bərqərar oldu.
XVI əsrin II yarısınadək ispan incəsənəti əsasən əyalət xarakteri daşıyıb. Rəngkarlıq İntibah dövrü sənətkarlarının zəif təqlidindən ibarət idi. İspan rəssamlarının çoxu antik irsə ehtiyat və qəzəblə yanaşaraq onu xristian ustalarına heç nə öyrətməyə qadir olmayan, yad, bütpərəst mədəniyyət hesab edirdilər. İspan rəngkarlığının fəaliyyəti inkvizisiya tərəfindən ciddi nəzarətdə saxlanırdı. Məsələn, çılpaq qadın bədəni çəkmək, Məryəm və digər müqəddəs qadınların təsvirlərində onların ayaqlarını göstərmək qadağan edilirdi.
İspaniyaya İtaliyadan keçən manyerizm üslubu geniş yayılmağa başladı, hətta qotika qalıqları da saxlanmışdı. XVI əsrin sonunda milli realist incəsənətin dirçəlişi başladı. Bu, öz əksini hər şeydən əvvəl rəngkarlıqda tapdı.
II Filippin sarayında işləyən portretçi-rəssamlardan daha çox fərqlənənləri Sançes Koelyo və Pantoxa de la Krusdur. Kral ailəsindən olanların və əsilzadələrin portretlərini çəkməklə onlar ispan saray portretinin italyan və fransızlarınkından fərqlənən yeni tipini yaratdılar. İspan əsilzadələri öz süni ciddiliyi və lovğalığı ilə fərqlənirdi. Onlar gözəl təsvir olunmalarını tələb etmirdilər. Əksinə, özləri ilə öz olduqları kimi fəxr edirdilər. Eyni zamanda istəyirdilər ki, portret onların irqi ləyaqətlərini çox yüksək formada ifadə etsin.
XVI-XVII əsrlərin ilk məşhur ispan rəsamı milliyətcə ispan olmayan El Qrekodur (1541-1614). Əsil adı Domeniko Teotokopuli olan bu rəssam əslən yunandır (buradan da – Qreko). Onun «Müq. Mavrikinin əzabları» əsəri II Filippin xoşuna gəlmədiyindən o, saray rəssamı olmur. Madrik sarayında müvəffəqiyyətsizliyə düçar olan rəssam İspaniyanın keçmiş paytaxtı Toledoya gedir. Burada o, San-Tome kilsəsi üçün «Qraf Orqasın dəfni» adlı monumental əsərini işləyir. Məhz bu şəhərdə El Qreko təkrarolunmaz, qeyri-adi rəssama çevrilərək həmişəlik incəsənət tarixində qalır. Onun yaradıcılığını hər hansı bir cərəyana aid etmək çətindir: son Renessans, manyerizm, barokko, Bizans, qotika, erkən ekspressionizm və s. Müqəddəslərin təsviri həm bütövlukdə ispan rəngkarlığında, həm də El Qreko yaradıcılığında mühüm yer tutur. «Apostol Matvey və Fransisk Assizski » (1590-1595), «Apostol Pyotr və Pavel» (1614), «Müqəddəs ruhun enməsi» və s. bu qəbildəndir. El Qreko gözəl rəng ustası olub, işıq, perspektiv, anatomiya qanunlarını da yaxşı bilirdi. Onun məkan və kompozisiya
quruluşu, obrazları digər ispan rəssamlarından fərqlənirdi. O, öz yaradıcılığında müasir ənənələrdən getdikcə
daha çox uzaqlaşdığı üçün onun davamçısı, demək olar ki, yoxdur. Ribyera (1591-1652) XVII əsr Avropa rəngkarlığında realist üslubun nümayəndəsi, hətta Valensiya realist məktəbinin ilk nümayəndəsi Karavaconun davamçısı sayılır. Xusepe Ribyera yaradıcılığının ilk dövrlərində zindanlardakı adamların həyatına aid dramatik əsərlər yaradır. 20-ci illərin sonundan isə tamamilə rəngkarlığa
keçir. Əsərlərinin mövzuları müxtəlifdir: antik tarix, Bibliya hadisələri, müqəddəslərin həyatından səhnələr, mifoloji
süjetlər və s. Məşhur əsərləri «Müqəddəs Varfolomeyin iztirabları» (1639), «Müqəddəs İnessa» (1641), «Topal» (1642), «Filosof Diogen», «Apostol Varfolomey» və s.
Surbaran (1598-1664) yaradıcılığının yetkin dövründə əsasən monastırların sifarişi ilə müqəddəslərin həyatından olan süjetlərə monumental silsilələr işləyir. Belə əsərlərdən biri – bizədək çatmayan «Akvianlı Fomanın müq. Bonaventuraya baş çəkməsi» (1629) tablosudur. Digər əsərləri: «Müq. Lavrenti» (1636), «Müq. Kasilda» (1640), «Dörd qabla natürmort» (1632-1634), «Məryəmin yeniyetməliyi» (1660) və s.-dir. Diyeqo Velaskes (1599-1660). Bu rəssamın əsərləri XVII əsr İspan rəngkarlığının zirvəsi hesab edilir.
Əsas əsərləri: «Səhər yeməyi» (1617), o dövr ispan incəsənətitndə ilk çılpaq qadın təsviri olan «Venera güzgü qarşısında» (1650), «Saray xanımları» («Meninlər», 1656), «Toxucular» (1657) və s.-dir. Rəssam portretlərə daha çox üstünlük verirdi. Məs. «IV Filippin portreti», «İnfanta Ferdinandın portreti», «İnfanta Baltasura Karlosun atlı portreti» (1635), «Papa X İnnokentinin portreti» (1650), «İnfanta Marqarita» (1660).
Murilyo (1618-1862) janr rəngkarlığına daha çox fikir verirdi. Əsas əsərləri: «Oğlan itlə» (1650), «Meyvə satan» (70-ci illər) və s. Murilyonun ölümü ilə sanki ispan rəngkarlığı da öz fəaliyyətini dayandırdı.
Hələ XVII əsrin əvvəllərində flamand incəsənəti orta əsrlərə məxsus dini forma və janrlarla həmişəlik vidalaşmışdı. Qeyri- dini janr və süjetlər geniş yayıldı: tarixi, alleqorik, mifoloji, portret, məişət, peyzaj və s. İtaliyadan əvvəlcə manyerizm, sonra Bolonya məktəbinin akademizmi və karavacizm daxil olur. Karavacizm və qədim niderland rəngkarlığının realist ənənələrinin qovşağından realist cərəyan və monumental barokko üslubu inkişaf edirdi. Niderlandın cənub hissəsi, indiki Belçika ərazisi olan Flandriyanın ən iri mədəni mərkəzi
XVI əsrin II yarısından başlayaraq Antverpen oldu. Flamand incəsənəti hər şeydən əvvəl Rubensin adı ilə bağlıdır. Həmin dövrdə Flandriyada digər dahi rəssamlar yaşasalar da onlar «Rubens məktəbi» adı ilə tanınaraq, Rubens gunəşi ətrafında fırlanan planetlər kimi başa düşülür.
Flamand rəngkarlıq məktəbinin banisi olan Piter Paul Rubens (1527-1640) flamand barokko məktəbini İtaliyadakından sonra deyil, onunla paralel yaradıb. Flamand Barokkosu italyan barokkosundan getdikcə fərqlənməyə başlayır: flamand barokkosunda dini mövzular əvvəlcə azalır, sonra isə tamamilə yox olur. Rubens həm dini, həm də antik mifologiya süjetlərini eyni ustalıqla qələmə alırdı. Hər iki halda o, «bütpərəst» təsiri bağışlayırdı. Lakin Rubensin daimi və əsas sifarişçisi yezuit ordeni (cəmiyyəti) idi. Əsil barokko rəssamı kimi
Rubens çılpaq və yarıçılpaq təsvirlər yaradırdı. Çılpaq qadın bədənini isə o, xüsusi ustalıqla yaradırdı. Rubensin Antverpen mərhələsinə aid olan ilk əsərlərində Venesiya və Karavaco təsiri duyulur. 1630-cu ildən sonra Rubens yaradıcılığının yetkin dövrü başlayır. Bu tarix onun I arvıadı İzabella Brantın ölümü və onun Yelena Fourmenlə evlənməsi ilə başlayır. Dünyaya 3 mindən çox əsər bəxş edən Rubensin ən məşhur əsərləri bunlardır: «Persey və Andromeda» (1620-1621), «Levkippin qızlarının oğurlanması» (1619-1620), «Yunanların amazonkalarla
döyüşü» (1615-1619), «Arvadı İzabella Brant ilə avtoportreti» (1609), «Yelena Fourmen uşaqları ilə» (1636), «Şuba» (1638-1640), «Ər-arvad Rubenslərin portreti» (1631), «Göldən qayıdan kəndlilər» (1635), «Kəndli rəqsi» (1636-1640), «Qulluqçu İnfanta İzabellanın portreti» (1625), «Mariya Mediçi və Fransa kralı IV Henrixin kəbini» (1622-1625), «Mariya Mediçinin tacqoyma mərasimi» (1622-1625) və s.
Van Deyk (1599-1641) Rubensin yaxın köməkçisi idi. Flamand realizminə sadiq qalan rəssam XVII əsrin II yarısında kübar cərəyanın inkişafına təkan verdi. Əsas əsərləri: «Ailə portreti» (1618, 1626), «Müq. Martin və dilənçilər» (1620-1621), «Tikanlı bitkidən tacqoyma» (1620), «Filipp de Rua, Sinyor de Ravelin potrteti» (1630), «Filadelfiya və Yelizaveta İortonun portreti» (XVII əsrin 30-cu illərinin II yarısı), «Tomas Çaloneranın portreti» (1630), «Kişi portreti» (1620), «Mariya Luiza de Tassisin portreti» (1627-1632), «I Karlın portreti»
(1635), «Avtoportret» (XVII əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəli), «Markiza Balbinin portreti» (1622-1627), «Tomas İortanın portreti» (30-cu illərin II yar.) və s.
Yakob Yordans (1593-1678) dini və mifoloji süjetləri xoşlayır, yaradıcılığında karavaco təsiri duyulurdu. Əsas əsərləri: «Satir kəndlilərin qonağıdır» (1620-ci il. Satir – qədim yünan mifologiyasında məhsuldarlıq allahı, üzümçülük və şərabçılıq allahı olan Dionisin köməkçisi- S.Ş.), «Paxla kralı bayramı» (1638), «Kral içir» (1656), «Dioqen» (1643), «İordanslar ailəsi» (1621), «Paxla kralı» (1638) və s.-dir. XVII əsrdə natürmort müstəqil janra çevrildi. Monumental dekorativ natürmortun ən parlaq nümayəndəsi Frans Sneyders (1579-1657) idi. «Qu quşu ilə natürmort», «Meyvə piştaxtası», «Balıq piştaxtası» onun əsas əsərlərindəndir.
Monumental rəngkarlıqla yanaşı Flandriyada dəzgah rəngkarlığı da inkişaf edirdi ki, bunun da ən populyar janrı məişət janrı idi. Çox da iri həcmli əsərləri olmayan Brauver (1605-1632) əsasən «Kart oyunu zamanı dua», «Donuzların kəsilməsi bayramı», «Acı dərmanlar», «Xoşagəlməyən atalıq borcu», «Çiyində cərrahiyyə əməliyyatı», «Kiçik yeməkxana səhnəsi» (1631), «Kvartet» və s. əsərləri ilə tanınır.
XVII əsrin II yarısında flamand rəssamlığının məzmunu məhdudlaşır. İdeallaşma tendensiyaları artır. Bu baxımdan Kiçik David Tenirsi göstərmək olar. Xalq bayramları onun ən çox sevdiyi mövzudur. «Kənd bayramı» (1646), «Brüssel ətrafında mənzərə» və s. onun əsas əsərləridir.
Holland incəsənətinin əsas xüsusiyyətlərindən biri rəngkarlığın digər sənət növləri içərisində üstünlüyü idi. Rəssamlıq peşəsi nadir peşə sayılmırdı. Rəssamların sayı o qədər çox idi ki, onların arasında rəqabət yaranmışdı. Buna görə də onların çoxu rəssamlıqla çörək qazana bilmir və ayrı işlər də görməli olurdular. Rəngkarlığın inkişafı yalnız bu əsərlərlə divarlarını bəzəmək istəyənlərin sayının artmasından deyil, həm də ondan gəlir mənbəyi kimi istifadə edənlərin, onlarla alver edənlərin çoxalmasından irəli gəlirdi. Əvvəlləp əsas
sifarişçisi olan Katolik kilsədən və ya nüfuzlu mesenant-feodallardan canını qurtaran rəssamlar bütünlüklə bazarın tələblərindən asılı olur. Hər janrın özünün şaxələri mövcud idi. Məsələn, peyzajistlər arasında marinistlər – dənizi təsvir edənlər,düzənlik, meşə, qış peyzajı, ay işığı peyzajı çəkənlər, natürmortçular içərisində «səhər yeməyi», «desert» və s. təsvir edənlər mövcud idi. Yalnız ən məşhur rəssamlar bir neçə janrda işləyirdi.
Realist holland incəsənəti italyanlaşan cərəyanla və manyerizmlə mübarizədə formalaşırdı. Holland incəsənətinin formalaşmasının 1609-1640-cı illəri əhatə edən ilk mərhələsində realist tendensiya daha çox portret və məişət janrında özünü gösiərir. Frans Hals (1580-1666) holland realist portretinin banisidir. Onun portretləri mövzu və obraz cəhətdən rəngarəngdir. Qrup portretləri də rəssamın yaradıcılığında mühüm rol oüynayır. Məs. «Qocalar evi naibinin portreti». Ən məşhur əsəri «Qaraçı qız»dır (1630).
Rembrandt (1606-1668) – Dünya rəngkarlığının zirvələrindəndir. «Həkim Tulpun anatomiya dərsi» (1632) əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. Burada bütün personajlar psixoloji cəhətdən Tulpa tabedir. Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləyir. Məs. «İbrahimin qurban kəsilməsi» (1635). O, tez-tez Saskiyanı və oğlunu təsvir edir. Məs. «Saskiyanın portreti» (1634), «Avtoportret» (1634).
Daha məşhur əsərləri «Danaya» (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitajın laboratoriyasında əsəri rentgen şüaları vasitəsilə tədqiq etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun üzərində yenidən işləyib), «Gecə qarovulçusu», «Müqəddəs ailə» (1645), «Xəstələri dirildən İsa» (1649), «Xendrikke pəncərə önündə», «Avtoportret» (1652), «Xendrikke Stoffelsin portreti» (1656-1657), «Yəhudi gəlini» (1666), «Səfil oğulun qayıtması» (1668-1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, «Titusun portreti» (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir. Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir. Yan Vermeyer (1632-1675) Hals və Rembrandtdan sonra 3-cü Holland rəssamıdır (bəzi ədəbiyyatlarda rəssamın adı Vermer kimi işlədilir). Onun bədii irsi o qədər də zəngin deyil, çünki rəssam hər əsəri üzərində uzun müddət işləyirdi. Delfli rəssamın müəlliminin kim olması məlum deyil. Əsas əsərləri: «Aradüzəldənin yanında» (1656), «Qız məktubla» (1657), «Mirvari sırğalı qız», «Hərbçi və gülən qız» (1657), «Qulluqçu süd dolçası ilə» (1658), «Delft mənzərəsi» (1660), «Sevgi məktubu» (1667), «Rəngkarlıq sənəti» (1656-1667) və s.-dir. Rəssam ömrü boyu cəmi 40-a yaxın əsər yaradır və onların heç birinə tarix qoymur. Tədqiqatçılar bunu təqribi müəyyən
edib. XVII əsr Holland ustalarının sənəti Avropa rəngkarlığına güclü təsir göstərdi. İngiltərə ilə müharibələrdən xeyli zəifləyən Hollandiya öz gücünü həm iri ticarət dövləti kimi, həm də zəngin bədii mərkəz kimi itirməyə başladı.
Beləliklə, XVII əsrdə Avropanın kapitalizm yolu ilə inkişaf edən İtaliya, İspaniya, Flandriya və Hollandiya kimi ölkələri mədəniyyət tarixini, xüsüsən də bədii mədəniyyəti əsrarəngiz gözəlliklərə malik olan sənət əsərləri ilə zənginləşdirdilər. Bu prosesdə barokko üslubu həlledici rol oynadı.
Mənbə
M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. "Mədəniyyət tarixi və nəzəriyyəsi". Ali məktəblər üçün dərslik. (Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)