Banqkok (UK: /bæŋ'kɒk/,[3][4] US: /'bæŋkɒk/[4][5]) — Tailandın paytaxtı. Əhalisi 6,7 milyon (aqlomerasiyada 9 milyon; 2005). Siam körfəzinin 30 kilometrliyində Manam çayı sahilindədir. Ölkənin əsas dəniz və çay limanıdır (yük dövriyyəsi ildə təqribən 50 milton ton).
Banqkok şəhəri tai dilində Krunq-Ther ("Mələklər şəhəri") adlanır.
Tarixi
Banqkok şəhəri I Rama adı ilə taxta çıxan sərkərdə Pya Çakri tərəfindən yeni paytaxtı (XVI əsrdən burada mövcud olmuş məskənin yerində) kimi 1732-ci ildə salınmışdır. XVIII əsrin sonlarından Banqkok iri ticarət və mədəniyyət mərkəzinə çevrilmişdir. II Rama (1809-1824) və III Ramanın (1824-1851) hakimiyyətləri dövründə coxsaylı Buddaməbədləri (vatlar), məktəblər, kitabxanalar, xəstəxanalar və məşhur kanallar salınmışdır. Banqkokun müasir görünüşü IV Ramanın (1851-1868) və şəhərləri abadlaşdıran, yol şəbəkəsi yaradan, o cümlədən ilk dəmir yolunu (1900) çəkən I Rama Çulalonqkornun (1868-1910) dövründə yaranmışdır.[6].
Şəhər memarlığı
Şəhərin planaalınması radial-dairəvi sxem üzrə kortəbii yaranmışdır. Menam çayının sağ sahilində Arun vatında ("Günəşin çıxması" məbədi) hündürlüyü 74 metr olan, çini parçaları və süni mərmərdən relyeflər ilə bəzədilmiş stupa-pranq uçalır; onun müqəddəs Mera dağını təcəssüm etdirən qülləvari silueti paytaxtın memarlıq rəmzinə çevrilmişdir. Tarixi solsahil hissəsində kral sarayları və məbədləri kompleksi, o cümlədən Phrakeu vatı (və ya "Zümrüd Budda" məbədi, XV əsrə aid, yarımqiymətli nefrit, yaxud jadeitdən düzəldilmiş və xüsusilə sitayiş olunan heykəlin adından; əsası 1782-ci ildə qoyulmuşdur) yerləşir. Çakri sülaləsindən olan kralların tunc heykəllərindən ibarət nadir kolleksiya da Phrakeudadır; hasar qalareyanın (XIX əsrin sonları; uzunluğu təqribən 500 metr) üzəri "Ramayana" mövzusunda rəsmlərlə örtülmüşdür. Ətrafına divar çəkilmiş monastırların (Pho, Suthat, Saket və s. vatlar) əsas tikililəri zal tipli və çoxqatlı rəngli kirəmit damları olan sentrik məbədlərdən, həmçinin qurtaracağı qızıl suyuna çəkilmiş stupalardan ibarətdir. Pho vatı uzanmış Buddanın qızıl suyuna çəkilmiş və laklanmış stukkodan hazırlanan 45 metrlik heykəli ilə məşhurdur. Milli muzeyin kompleksinə daxil olan Phutthaisavan məbədinin interyeri Buddanıntunc heykəli olan mehrabla (XIII əsr) və Buddanın həyatından bəhs edən divar rəsmləri (XVIII əsrin sonları) ilə bəzədilmişdir. Vihan Bentyamabophit (1899) İtaliyadan gətirilmiş mərmərlə işlənmişdir; onun qalareyasında dini heykəltaraşlıq ekspozisiyası yerləşdirilmişdir. Saray tikililəri içərisində özündə ənənəvi tay memarlığının və psevdorenessans Avropa üslubunun xüsusiyyətlərini birləşdirən Çakri Böyük sarayı (1867-1882) və bütövlükdə qızıl suyuna çəkilmiş hind palıdından tikilən Vimanmek (XX əsrin əvvəlləri) sarayı seçilir. XX əsrdən başlayaraq Banqkokda əcnəbi memarların layihələri əsasında Avropa üslubunda binalar inşa edilmişdir. Milli məclisin binası (1908-1916: qarşısında Siamdakı ilk monumental abidələrdən biri - kral Çulalonqkornun atlı heykəli qoyulmuşdur, 1930-cu illər), Zərif sənətlər İnstitutu və s., Demokratiya monumenti (1933), kral IV Ramanın abidəsi (1930-cu illər) beynəlmiləl üslubdadır; hər ikisinin müəllifi heykəltaraş S.Bhirasridir. memarlardan Sumet Cumsay (Millət Evi 1991), Trisuk Devakul, Ranqsan Torsuvan və b. XX əsrin sonlarında bir sıra diqqətəlayiq tikililər layihələndirmişlər.
Elm, təhsil və mədəniyyət
Banqkokda 20-dən çox elmi-ictimai assosiasiya, elmi-tədqiqat idarəsi, o cümlədən kral institutu (1933-cü ildən), Göte İnstitutu (Alman mədəniyyəti İnstitutu, 1960-cı ildən) fəaliyyət göstərir. Ən böyük universitetləri Çulalonqkorn (1917-ci ildən), Tammasart (1934-cü ildən), Kazetsart (1943-cü ildən), Asiya Texnologiya İnstitutu (1959-cu ildən), Beynəlxalq dini universitet (1969-cu ildən), Ramkhamhaenq universiteti (1971-ci ildən) və s.-dir. Milli kitabxana (1905), Milli muzey (1874-cü ildən, 1926-1932-ci illərdə Banqkok muzeyi; heykəltaraşlıq, boyakarlıq, dekorativ-tətbiqi sənət), Milli qalareya, "Kral barjları" "Suan Rakkad sarayı" - daimi ekspozisiyası olan XIX əsr yaşayış binaları; çoxsaylı müasir incəsənət qalareyaları; milli teatr planetari; zoopark; IV Rama parkı (nəbatət bağı və kral ailəsinin həyatını əks etdirən ekspozisiya) var.
Banqkokda Asiya oyunları (1966, 1978, 1998) keçirilmişdir.