Balet

Koloradoda balet rəqsi

Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir.

Balet tarixi

Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir).[1]

Balet tamaşası elementi

Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var. Baletdə əsasən, klassik və xarakterik rəsqlərdən istifadə olunur. Ancaq bu sənət növündə pantomima da mühüm rol oynayır. Aktyorlar qəhrəmanların hisslərini, səhnədə baş verənlərin mahiyyətini pantomimanın köməyilə çatdırırlar. Həmçinin, müasir baletdə gimnastikaakrobatika elementlərindən də geniş istifadə olunur.

Balet intibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb (XVI əsr). Musiqi, söz, rəqs və pantomimanı birləşdirən ilk balet tamaşası "Çirçeya" və ya "Kraliçanın gülməli baleti" italiyalı baletmeystr Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib. O vaxtdan da Fransada saray baleti janrı inkişaf etməyə başlayıb. (maskaradlar, pastorallar, rəqs divertismentləri və intermediyaları). XIV Lüdovikin zamanında saray baletinin tamaşaları son dərəcə möhtəşəm səviyyəyə çatmış, tamaşalara əfsanəvi xarakter verən səhnə effektlərindən istifadə olunurdu.

XVII əsrin ikinci yarısında komediya-balet, opera-balet kimi teatral janrlar yaranır ki, onlarda baletə daha çox yer ayrılır və onun dramatikləşdirilməsinə cəhd olunur.

Balet, yalnız XVIII əsrin ikinci yarısında Fransız baletmeysteri J. J. Noverin həyata keçirdiyi islahatlar sayəsində səhnə sənətinin müstəqil növünə çevrilir. Fransız maarifçilərinin estetikasından ilhamlanan Nover, məzmunu bədii plastik obrazlar vasiləsilə açılan tamaşalar yaradaraq, musiqini "rəqqasın hərəkətlərini yönləndirən proqram" adlandırır.

Baletdə təadul çox önəmlidir

Baletin sonrakı inkişaf və çiçəklənmə dövrü romantizm dövrünə təsadüf edir. Müstəqil janr kimi balet XVIII əsrin axırında formalaşır. İnkişaf zamanında balet incəsənəti sonrakı üslub istiqamətlərini (klassisizm, barokko və s.) özündə əks etdirmişdir.[1] XVIII əsrin 30-cu illərində fransız balerinası Kamarqo yubkasını qısaldaraq dikdaban ayaqqabılardan imtina edir və rəqsə öz yeniliklərini gətirir. XVIII əsrin sonlarında balet kostyumu daha da yüngülləşir ki, bu da rəqs texnikasının inkişafına xeyli yardım edir. Rəqslərini daha havalı etməyə çalışan rəqqassələr barmaqlarının ucuna qalxmağa çalışırlar. Nəticədə puant ixtira olunur. İlk dəfə rəqsdə puantdan ifadə vasitəsi kimi rəqqasə Mariya Talyoni istifadə edib.

XIX–XX əsrin balet musiqisinin ən yüksək nailliyətləri Pyotr Çaykovskinin "Qu gölü", "Yatmış gözəl", "Şelkunçik", Aleksandr Qlazunovun "Raymonda", İqor Stravinskinin "Petruşka", "Müqəddəs bahar", Moris Ravelin "Dafnis və Xloya", Sergey Prokofyevin "Romeo və Cülyetta", "Zoluşka", "Daş gülü", Reynhold Qlierin "Şahsənəm", Azərbaycanda Əfrasiyab Bədəlbəylinin "Qız qalası", Qara Qarayevin "Yeddi gözəl", Fikrət Əmirovun "1001 gecə" adı ilə bağlıdır.[1]

Baletin müxtəlif növləri var: klassik, çoxaktlı təhkiyə baleti, drambalet, süjetsiz balet – balet –simfoniya, əfval-ruhiyyə baleti – miniatür. Janrına görə balet komik, folklor və qəhrəmanlıq baletlərinə bölünür. XX əsr isə baletə yeni formalar – cazz-balet və modern baleti gətirib.

2001-ci ildən bu, Türkmənistanda qadağan edilib.[2]

Azərbaycanda balet

Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən — Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır. Sonralar teatrın repertuarı "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q. Qarayev), "İldırımlı yollarla" (1961, Q. Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A. Məlikov), Qaraca qız"(1965, E. Abbasov), "Min bir gecə" (1979, Fikrət Əmirov), "Babək" (1986, Aqşin Əlizadə), "Ağ və qara" (2000, Xəyyam Mirzəzadə), "Eşq və ölüm" (2005, P. Bülbüloğlu) və s. əsərlərlə zənginləşmişdi.

Filmoqrafiya

  1. Əmək və qızılgül (film, 1962)
  2. Məhəbbət əfsanəsi (film, 1969)
  3. Yeddi gözəl (film, 1982)
  4. Əfsanələr aləmində (film, 1975)

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 Samirə Mir-Bağırzadə. İNCƏSƏNƏT TARİXİ (PDF). Bakı: MSA. 2012. səh. 88. ISBN 978-9952-440-33-5.
  2. "Un-Turkmen opera, ballet banned". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!