Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası.
Həyatı
Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır. O, "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə ifa etmişdir.
Bədəl bəy Bədəlbəyli 12 sentyabr 1932-ci ildə vəfat edib.[1]
Nəsil şəcərəsi
Mənbə
- Ənvər Çingizoğlu, Bədəlbəylilər (Miriyevlər), "Soy" еlmi-kütləvi dərgi, 2009, № 5, səh.34–48;
- Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
İstinadlar
- ↑ Əlamətdar və tarixi günlər təqvimi — 2015, S.347