Azərbaycanda meteoroloji şərait−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır.[1]
Respublika üzrə orta çoxillik temperatur norması (1961 -1990) 12.3 0C təşkil edir. Son illərdə çoxillik norma ilə müqayisədə istər ayrı-ayrı yüksəklik intervalları, istərsə də ölkə üzrə temperatur göstəricilərində artım müşahidə edilməkdədir.
Çoxillik dövr ərzində orta çoxillik temperatur artımı Abşeron - Qobustan, Lənkəran -Astara, Böyük Qafqaz ərazilərində +0.70C, Kiçik Qafqaz, Kür –Araz, Naxçıvan MR-da isə +1.0, +1.10C müşahidə edilmişdir.
Çoxillik norma ilə müqayisədə yağıntıların azalması 200–500 m yüksəklik intervalına, yağıntının ən çox artımı isə, 500-1000 yüksəklik intervalına düşür.[1]
Dolu hadisələri
Azərbaycanda dolu əsasən Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal yamacında, Naxçıvan MR-də daha çox müşahidə edilir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində (2300–2800 m) il ərzində dolu düşən günlərin sayı 8 -10 günə, Kiçik Qafqazda dolunun təkrarlanması 10-12 günə (2300–2700 m yüksəkliklərdə), Naxçıvan MR-də (2800–3200 m yüksəkliklərdə) 5 -7 günə bərabər olur. Dağlıq Qarabağ ərazisində il ərzində dolu düşən günlərin sayı 3-4 gün, ölkənin digər ərazilərində isə (Kür-Araz, Şəki-Zaqatala, Lənkəran-Astara) 0.5-1 gün müşahidə edilir.
Aylar üzrə respublika ərazisində dolunun ən çox təkrarlanması oroqrafik şəraitlə bağlı temperatur və rütubətin, konvektiv proseslərin dinamikasının artması hesabına əsasən aprel və may aylarında baş verir.
Son illərdə qlobal iqlim dəyişmələrinin regional təsirlərindən ölkə ərazisində dolu hadisələri baş verən günlərin təkrarlanmasında azalma müşahidə olunsa da ayrı-ayrı illərdə lokal xarakterli nisbətən çox təsir gücünə malik, iri diametrli dolu, buz parçalarının düşməsi halına daha çox rast gəlinir.
Don hadisələri respublikanın yüksək dağlıq ərazilərində və ilin soyuq vaxtlarında dağətəyi və hətta düzən ərazilərdə qalır.
Daimi donuşluq ərazi Böyük Qafqazın yüksək və suayırıcı zirvələrində o cümlədən Babadağ, Şahdağ, Tufandağ massivlərindədir.
Ölkəmizdə də temperatur sıfır dərəcədən aşağı müşahidə olunan günlərin və şaxtalı dövrlərin davamiyyətində azalma müşahidə olunur.[1]
Şimşək hadisələri
Azərbaycanda şimşək hadisələri onun fiziki-coğrafi şəraitindən asılı olaraq regionlar üzrə müxtəlif xarakter daşıyır. Belə ki, il ərzində ən az şimşək hadisələri Xəzər dənizində və sahil zonasında 5-6 gün müşahidə olunmaqla, Lənkəran Təbii Vilayətində 15-20 gün, Naxçıvan MR-də 30-40 gün, (ayrı-ayrı illərdə Naxçıvanda 62, Ordubadda 61, Şahbuzda 53 gün şimşək hadisəsi müşahidə olunmuşdur), Kür-Araz ovalığında 10-15 gün, (ayrı-ayrı günlərdə Yevlaxda 45, Kürdəmirdə 26, Sabirabadda 22, Salyanda 16 gün şimşək olmuşdur), Böyük Qafqazın cənub yamacında 25-40 gün, (bəzi illərdə Əlibəydə 67, Zaqatalada 56, Şəkidə 51 gün şimşək müşahidə edilmişdir), şimal-şərq yamacında 25 -45 gün müşahidə edilir. Ölkə ərazisində şimşək hadisəsinin il ərzində ən çox təkrarlandığı aylar may-iyun aylarıdır.[1]
Dumanlar
Azərbaycanda dumanların ən çox müşahidə olunduğu ərazilər Böyük Qafqazın cənub yamacı, Dağlıq Qarabağ ərazisi, Lənkəran-Astara bölgələri hesab olunur.[1]