Dövlət möhürü — Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində üzərində dövlətin adı və gerbi təsvir olunan əsas dövlət rəmzi.
Müsabiqənin elan olunması
Cümhuriyyət Hökuməti 1919-cu il martın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət möhürünün layihəsini hazırlamaq üçün müsabiqə elan olunması barədə qərar qəbul etdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-nə qədər poçt və teleqraf nazirliyinə təqdim edilməli idi. Lakin həmin müsabiqənin nəticələri barədə hələlik məlumat aşkar edilməmişdir. İkinci dəfə isə Cümhuriyyət Hökuməti 1920-ci il yanvarın 30-da Dövlət himni və gerbi ilə yanaşı, Dövlət möhürünün də layihəsini hazırlamaq barədə qərar qəbul etdi. Qərara əsasən, bu məsələ ilə bağlı müsabiqə elan olunması xalq maarifi nazirinə həvalə olundu. Xalq maarifi nazirliyi müsabiqə barədə qəzetlərdə verdiyi elanlarda Dövlət himni, gerbi və möhürü üçün müsabiqəyə təqdim olunacaq layihələrin həmin il mayın 1-nə qədər məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına göndərilməsini xahiş edirdi. Müsabiqənin nəticələri Azərbaycan İstiqlalının ikinci ildönümünə, yəni 1920-ci il mayın 28-nə qədər elan olunmalı idi. 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı müsabiqənin başa çatmasına imkan vermədi.[1]
AXC-nin hərbi ordenlərinin, milli himninin, gerbinin və möhürünün hazırlanması haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzlərinin yaradılmasına həsr olunmuş mühüm qərar. 1920-ci il yanvarın 30-da Cümhuriyyət Hökuməti tərəfindən qəbul edilmişdir. Qərar iki bənddən ibarət idi: birinci bənddə hərbi nazirə ordenlərin eskizlərinin, ikinci bənddə isə maarif nazirinə milli himnin, dövlət gerbinin və möhürünün layihələrinin hazırlanması ilə bağlı olaraq müsabiqələr elan etmək tapşırılmışdı.[2]
Həmçinin bax
Azərbaycan Xalq Cümhuriyyətinin realiyaları
Ədəbiyyat
- Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Законодательные акты (сборник документов), Б., 1998
İstinadlar
|
---|
Rəsmi | | |
---|
Qeyri-rəsmi | |
---|