AzerTelecom MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsi xidmətlərini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. AzerTelecom MMC Azərbaycanı beynəlxalq internet şəbəkəsinə qoşan və beynəlxalq internet trafikini Azərbaycana gətirən magistral (backbone) internet operator şirkətidir və bu istiqamətdə müvafiq lisenziyaya malikdir.
AzerTelecom MMC səsli rabitə, internet, VoİP (İP şəbəkəsi üzrə səsin ötürülməsi), VPN (virtual şəxsi şəbəkə) və mövcud ümumi istifadəli telefon şəbəkəsi xətlərinin inteqrasiyası daxil olmaqla müxtəlif sabit xidmətlər üzrə lisenziyalara malikdir.
AzerTelecom MMC-nin missiyası müştərilərə innovativ texnologiya əsasında müasir telekommunikasiya xidmətləri göstərməklə onların biznesinin daha da inkişaf etməsini və uğurlu olmasını təmin etməkdir.
AzerTelecom MMC telekommunikasiya sahəsi üzrə müxtəlif yerli və beynəlxalq sərgi, seminar və müşavirələrdə iştirak edib və bu istiqamətdə fəaliyyətini bu gün də davam etdirir. Şirkət Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC), Amerikanın Azərbaycandakı Ticarət Palatasınının (AMCHAM)[1] və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan)[2] üzvüdür.
Şirkət Keyfiyyəti İdarəetmə Sistemini icra edərək və 13 may 2011-ci il tarixində Beynəlxalq İSO 9001:2008 Standartları üzrə Uyğunluq Sertifikatını əldə edib.
AzerTelecom 2019-cu ildə dünya üzrə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan "Trend Micro", "Symantec", "ESET", "Quest" və "One İdentity" şirkətlərinin rəsmi tərəfdaşı statusunu əldə edib[3].
Xidmətlər
AzerTelecom MMC B2B (business-to-business) sektorunda korporativ müştərilərə bir sıra qabaqcıl telekom xidmətləri təqdim edir. Bu xidmətlər aşağıdakılardır:
İnternetin Topdansatışı
AzerTelecom MMC beynəlxalq internet trafikini Azərbaycana gətirib onu yerli internet provayder bazarlarında satmaq üzrə lisenziyaya malikdir. Şirkətin təqdim etdiyi yüksək keyfiyyətli və dayanıqlı internet xidməti tam şəkildə mühafizə olunur. Şirkət alış həcminə əsaslanmaqla internet provayderlərə sərfəli və ədalətli qiymətlər təklif edir. Provayderlər eləcə də kanalların həcminin çevik idarə olunması imkanlarından da yararlana bilirlər.
Ayrılmış kanal xidməti
Şirkətin təqdim etdiyi ayrılmış kanal xidmətləri Azərbaycan Respublikası daxilində (Naxçıvan Muxtar Respublikasını da əhatə edən) müxtəlif tutumlarda şirkət və dövlət qurumlarının uzaq məsafələrini birləşdirmək məqsədilə təqdim edilə bilər ki, bunun nəticəsində də onların fəaliyyəti daha da səmərəli həyata keçə bilər. AzerTelecom MMC müştərilərə "bir nöqtə ilə digər nöqtəni", yaxud "bir nöqtə ilə digər nöqtələri" əlaqələndirən xidmətlər təklif edir ki, bu da məlumatların yüksək sürətlə ötürülməsini təmin edir, yaxud korporativ şəbəkələrin təşkil olunmasına kömək edir.
Mobil şəbəkələrdə nəqletmə
AzerTelecom MMC mobil şəbəkələrdə nəqletməni xidmətini də təqdim edir. Bu xidmət geniş DWDM/SDH şəbəkələr vasitəsilə təmin edilir. Xidmət Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, əsas regional mərkəzləri əhatə edir. Şirkət mobil şəbəkələrdə nəqletməni paket texnologiyalar vasitəsilə də təmin etmək imkanına malikdir.
Beynəlxalq tranzit
AzerTelecom MMC hazırda müştərilərə tranzit xidmətlər təklif edən müasir DWDM və SDH şəbəkəsinə də sahibdir[4]. Bu şəbəkə Rusiya, Gürcüstan və İran operatorları ilə əlaqələrə malikdir və bundan sonra hər hansı beynəlxalq daşıyıcılarla birləşə bilər. Bu da milli backbone operatorunun müştərilərinə Azərbaycan ərazisindən keyfiyyətli tranzit vasitə kimi istifadə etmək imkanını yaradır.
Eyni zamanda şirkət müştərilərə FTTB (Fiber To The Building), SİP Telefoniya, DDOS hücumundan mühafizə[5], Data Mərkəz xidmətləri, VPN (Virtual Private Network) Korporativ şəbəkə xidməti və s. təqdim edir.
Azerbaijan Digital Hub proqramı
AzerTelecom 2018-ci ildə Azərbaycanın mövcud Enerji və Nəqliyyat Mərkəzləri statusuna əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub Proqramının icrasına başlayıb[6]. Proqramının əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin İnternetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, Bakının dünyanın İnternet xəritəsinə daxil edilməsi və burada İnternet Mübadilə Mərkəzinin yaradılması, perspektivdə Azərbaycanın regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən "Made in Azerbaijan" brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır.
Proqram çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.
Proqram çərçivəsində ölkə daxilində magistral infrastrukturun qurulması üçün Azərbaycan Dəmir Yolları QSC ilə mövcud dəmir yollarının mühafizə zolağı boyunca dayanqılı fiber-optik kabel xəttinin çəkilişi icra edilir[7].
"Digital Hub" proqramı çərçivəsində şirkət 2019-cu ildə həmçinin Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinə başlayıb[8]. Bu layihənin bir hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş[9] imzalanıb və saziş Azərbaycan dövləti tərəfindən təsdiq edilib[10]. 17 may 2019-cu il tarixdə isə dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib[11]. Ümumi uzunluğu 380–400 km olacaq xəttin çəkilişi Azərbaycan tərəfdən "AzerTelecom", Qazaxıstan tərəfdən isə "Transtelecom" və "KazTransCom" telekommunikasiya operatorları tərəfindən icra ediləcək.
19 noyabr tarixində isə Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri tədbirdə iştirak ediblər[12][13].
2019-cu ilin 25–27 Aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində "Bir Kəmər, Bir Yol" strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu çərçivəsində AzerTelecom şirkəti ilə Çinin China Telecom və Huawei şirkətləri arasında Əməkdaşlıq barədə Memorandum imzalanıb. Bu sənədlər AzerTelecom ilə China Telecom və Huawei arasında "Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə əks etdirir[14][15] .
28 noyabr tarixində isə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş "Türkməntel 2019" — 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində layihənin ikinci istiqaməti — Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan və Türkmənistan arasında dövlətlərarası saziş imzalanıb[16]. Sazişə əsasən, Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişi Azərbaycan tərəfdən magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək[17]. Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək, Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək[18].
Şirkətin şəbəkəsi
Daxili şəbəkə
Şirkətin malik olduğu dayanqılı fiber optik kabel şəbəkəsi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir[19]. Bu şəbəkə həmçinin Bakı şəhərini üç əsas istiqamət üzrə sərhədlərlə birləşdirir. Şəbəkə Bakı şəhərini şimal istiqamətində Rusiya ilə, cənub istiqamətində İranla və qərb istiqamətində Gürcüstan və Türkiyə ilə birləşdirir. Sərhəd nöqtələrində şəbəkə şirkətin beynəlxalq tərəfdaşları ilə birləşir. Qabaqcıl texnologiya əsasında qurulmuş bu şəbəkə DWDM texnologiyasına əsaslanır.
Beynəlxalq şəbəkə
Şirkətin beynəlxalq şəbəkəsi beynəlxalq qoşulma nöqtələrinə iki əsas istiqamət vasitəsilə birləşir. Birinci istiqamət şimal istiqamətində Moskvaya, Stokholma və Frankfurta birləşmədir. Bu istiqamət üzrə AzerTelecom MMC həmçinin Rusiyanın və MDB ölkələrinin bütün iri şəhərləri ilə birləşir.
İkinci istiqamət qərb istiqamətində birləşmədir. Bu bağlantı İstanbul vasitəsilə Frankfurta, Mərkəzi və Şərqi Avropanın cənub hissəsinə qoşulur. Bu şəhərlərdə milli backbone internet operatorunun şəbəkəsinə qoşula biləcək bütün beynəlxalq operatorlar fəaliyyət göstərir.
Cənub istiqamətində AzerTelecom MMC İrana və İran vasitəsilə bütün Yaxın Şərq regionuna birləşir və daha uzaq nöqtələrə də qoşula bilər. Naxçıvan Muxtar Respublikası həmçinin Türkiyə və İran vasitəsilə birləşir.
AzerTelecom MMC-nin beynəlxalq şəbəkəsi dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir və şirkət Azərbaycan ərazisindən keçən və ya Azərbaycana birləşdirilən istənilən növ məlumat və ya səs tranziti üçün hazırdır.
Tərəfdaşlar
AzerTelecom MMC bir sıra yerli və xarici şirkətlərlə tərəfdaşlıq əlaqələrinə malikdir. Şirkətin tərəfdaşları sırasında Bakcell, Azerfon, Aztelekom, Bakı Telefon Rabitəsi MMC, CISCO, Megafon, Transtelecom, KazTransCom, Turkmentelekom, Türk Telekom, Huawei, ZTE, PCCW Global, TATA Communication, Equinix, Silknet, T-Mobile, Newtelco, Neterra, Riedel, Vodafone, MTT, Linxtelecom, Interoute kimi qurumlar vardır.