Ayçi Prefektura Kanalizasiya Elmi Muzeyi (愛知県下水道科学館?) – Yaponiyanın Ayçi prefekturasının İnazava şəhərində yerləşən kanalizasiya muzeyi.
Tarixi
Muzey 15 aprel 2000-ci ildə insanları kanalizasiya sistemləri barədə məlumatlandırmaq məqsədilə açılmışdır. 2017-ci ildəki sponsorluq razılaşmasına əsasən muzeyin rəsmi adı Metawater Ayçi Kanalizasiya Elmi Muzeyidir.[1]
Xüsusiyyətlər
Muzeyin mövzusu "bax, toxun, təsdiqlə"dir. Ziyarətçilər muzey eksponatları ilə interaksiyaya girərək kanalizasiya sistemləri haqqında məlumatlanırlar.[1]
Muzey ikimərtəbəlidir. Birinci mərtəbədə kanalizasiya sisteminin iş prinsipini göstərən bölmələr yerləşir. Birinci bölmədə suyun Yer üzündəki dövranını əks etdirən xüsusi eksponat quraşdırılıb. İkinci bölmədə şəhərlərin güclü yağışdan qorunmasını, tualet suyunun borulardan axması göstərilir. Üçüncü bölmədə çirkli suyun hara getdiyi nümayiş etdirilir. Dördüncü bölmə çirkli suyu təmizləyən sistemlər haqqındadır. Beşinci bölmədə Ayçi prefekturasında quraşdırılmış kanalizasiya qapaqları dizaynları sərgilənir. Altıncı bölmə virtual studiyadır. Ziyarətçilər planşet skanerləri ilə tapşırıqları yerinə yetirir və kanalizasiya sistemi haqqında məlumatlanırlar.[2]
Muzeyin ikinci mərtəbəsində xüsusi sərgi zalı, kitabxana və "Su teatrı" yerləşir. Muzey kitabxanasında 3100 kitab və 45 DVD saxlanılır.[3] Muzeyin açıq hava hissəsində oyun meydançası və biotop yerləşir.[4]
Muzeyin rəsmi talismanı Eppi adlı antropomorfik canlıdır. O, Epistylis adlı mikroorqanizmdir. Bu canlı çirkli suda olan çirklə qidalandığı üçün muzeyin talismanı seçilib.[5]
Qalereya
İstinadlar
Xarici keçidlər