Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Aydın Hacıyev.
Aydın Cəfər oğlu Hacıyev — professor.
Həyatı
Aydın Hacıyev 1936-cı ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. O, 1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın Hacıyev 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V. İ. Lenin adına (indiki N. Tusi adına) ADPÜ-nin fiologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir.
A. Hacıyev ölkəmizin qocaman ali məktəbində professor M. Rəfilidən, akademik Ə. Dəmirçizadədən, professor A. Abdullayevdən, S. Əfəndiyevdən, professor Ə. Seyidovdan elmlərin əsaslarını dərindən öyrənməyə səy göstərmişdir. A. Hacıyev 1957–62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim sonra isə direktor vəzifəsində çalışmışdır.
A. Hacıyev 1962-ci ildə V. İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, V–VIII siniflərdə lirik şerlərin tədrisi metodikası adlı dissertasiya mövzusu üzərində tədqiqat işləri aparmış, 1966-cı ildə bu dissertasiyanı uğurla müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən o, bir alim kimi H. Tusi adına ADPU –nin fiologiya fakültəsində həm müəllim kimi, həm də tədqiqatçı kimi fəaliyyətə başlamışdır.
Aydın Hacıyev 1975-ci ildən başlayaraq "Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920–1960)" adlı doktorluq dissertasiyası üzərində işləmişdir. Tədqiqatın nəticələrini o, 1989-cu ildə M. Rəsulzadə adına Bakı dövlət Üniversitetinin ixtisaslaşdırılmış sırasında müdafiə edib, fiologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır.
Professor Aydın Hacıyev öz elmi tədqiqatını 3 istiqamətdə aparmışdır:
1. Ədəbiyyatın tədrisi metodikası sahəsində: bu istiqamətdə ali və orta məktəblər üçün dərs vasaitləri, proqramlar və sanballı məqalələr çap etdirmişdir.
2. Pedaqoji-əxlaqi-tərbiyəvi istiqamətdə: bu sahədə o silsilə qəzet və jurnal məqalələri nəsr etdirmişdir. Tərbiyə işində səriştəsi az olan valideynlər üçün bu məqalələrin böyük əhəmiyyəti vardır.
3. Aydın Hacıyev uşaq ədəbiyyatının müxtəlif problemlərinə həsr etdiyi monoqrafiya, dərslik, dərs vəsaitləri və proqramlar ədəbiyyatşünaslıq elmimizin inkişafında böyük əhəmiyyət kəsb edir. Professor Aydın Hacıyev üniversitetinin ictimai həyatında da fəal inkişaf etmişdir. O, 1970-ci ildən – 1980-ci ilə qədər filologiya fakültəsi qiyabi şöbəsinin dekan müavini , 1988-ci ildən 2006-cı ilə qədər Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Kitablar
1. V–VIII siniflərdə lirik şerlərin tədrisi Bakı 1966.
2. Ana dili və ədəbiyyat dərslərində vətənpərvərlik tərbiyyəsinə dair. Bakı 1974.
3 Uşaq nəsri tədrisinin bəzi məsələləri Bakı 1977.
4. Orta məktəbdə lirik şerlərin tədrisi B. 1982
5 Məktəb ədəbiyyat kursunun məzmunu və tədrisinin təşkili məsələləri. B. 1985
6. Ədəbiyyat dərslərində şifahi və yazılı nitqin inkişaf etdirilməsi. B.1990
7. Ədəbi əsərlərin təhlili yolları. B. 1992
8. Ədəbiyyat dərslərində əyanilikdən istifadə B. 1993
9. Uşaq nəsri tədrisinin bəzi məsələləri. B. 1977.
10. Azərbaycan sovet uşaq ədəbiyyatı. B. 1984.
11. Azərbaycan uşaq ədəbiyyatı tarixi. B.1986.
12. Azərbaycan uşaq nəsri. B. 1993.
13. Azərbaycan ədəbiyyatının tədrisi metodikası 2003.
14. Azərbaycan uşaq ədəbiyyatı tarixi B. 2004.
80 qəzet məqalələri, 15 Jurnal məqalələri
Xaricdə çap edilən əsərlər
1. Azərbaycan uşaq ədəbiyyatında folklor motivləri. Tehran 1995. "Varlıq" jurnalı IV 4,5
2. Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü. Təbriz 1995. "Azadlıq beşiyi" 10 fevral
3. Uşaq ədəbiyyatının oxucuları kimlərdir? Təbriz 1995. "Azadlıq beşiyi" 21 mart
4. Uşaq ədəbiyyatında folklor motivləri. (I məqalə) Təbriz 1995 . "Azadlıq beşiyi " 15 aprel
5. Uşaq ədəbiyyatında folklor motivləri (II məqalə) Təbriz 1995. "Azadlıq beşiyi" 16 may. Türkiyə "Zaman" qəzeti 1995. 5 nömrəsi, nümunəvi testlər.
İstinadlar