Avropa İttifaqı–Özbəkistan münasibətləri |
---|
|
|
Avropa İttifaqı–Özbəkistan münasibətləri — Avropa İttifaqı ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Özbəkistan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlər 15 aprel 1992-ci ildə Özbəkistan Respublikası Hökuməti ilə Avropa İcmaları Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması ilə başladı. 16 Noyabr 1994-cü ildə tərəflər arasında diplomatik münasibətlər qurulmuşdur[1] . Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ilin iyun ayında Florensiyada dövlət başçıları səviyyəsində imzalanmışdır.
Ticarət
Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Aİ və Özbəkistanı bir-birinə aşağıdakı sahələrdə ən çox dəstəklənən ölkə ilə təmin etməyi öhdəsinə götürür:
idxal və ixrac olunan mallara gömrük rüsumları və vergiləri;
idxal olunan malların birbaşa və dolayı vergiqoyması
daxili bazarda malların ticarəti, alınması, daşınması, paylanması və istifadəsi qaydaları[2].
Avropa İttifqı Özbəkistanın vacib ticarət və iqtisadi tərəfdaşıdır və respublikanın xarici ticarətində beşinci yerdədir. 2013-cü ilin sonunda Aİ ölkələri ilə ticarət 1.655 milyon avro təşkil etmişdir (bu Avropa İttifqı ilə Gürcüstan və Moldova kimi ölkələr arasındakı ticarətin təxminən yarısıdır). Özbəkistan üçün ixrac 247 milyon dollar, idxal isə 1.408 milyon dollar təşkil etmişdir. 2012-ci ilə qədər dövriyyənin artımı 10,2 % olmuşdur[3] .
Digər əməkdaşlıq sahələri
Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi müddəalarının daha bir tətbiqi olaraq qeyd etmək lazımdır ki, Özbəkistan və Aİ 2011-ci ildə enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalamışdır. Həmçinin 31 may 2011-ci il tarixində Aİ-nin Daşkənddəki diplomatik nümayəndəliyinin yaradılması ikitərəfli münasibətlərin daha da irəliləməsinə kömək etmişdir. 28 noyabr 2012-ci ildə Özbəkistanı Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Ketrin Eşton ziyarət edərək Prezident İslam Kərimov tərəfindən qəbul edilir[4]. Özbəkistan üçün Aİ tərəfindən maliyyələşdirilən layihələr hal-hazırda məhkəmə və hüquqi islahatlar, sosial xidmətlərin yaxşılaşdırılması, xüsusilə ana və uşaq sağlamlığı, kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlıq, ətraf mühit, ictimai inkişafın idarəetməsi və s-dir.
İstinadlar