Ateroskleroz

Ateroskleroz
Aterosklerozun damarda inkişaf etməsi
Aterosklerozun damarda inkişaf etməsi
XBT-10-KM I70
DiseasesDB 1039
MeSH D001161
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ateroskleroz arteriyaların daxili hissəsinin ateroma ( lipidlər , kalsium və digər mənşəli damar daxili tıxanmalar) yığılması səbəbindən daraldığı bir xəstəlikdir.[1] Başlanğıcda ümumiyyətlə heç bir simptom olmur. Şiddətli dövrü başladıqda isə hansı arteriyaların tıxanması təsirindən asılı olaraq koronar arteriya xəstəliyi, insult, periferik arteriya xəstəliyi və ya böyrək problemləri ilə nəticələnə bilər.[2] Simptomlar ümumiyyətlə orta yaşa qədər özünü göstərmir.

Profilaktik tədbirlərə sağlam qidalanmaq, idman etmək, siqaret çəkməmək və normal çəki saxlamaq aid olunur.[3] Lakin xəstəlik əgər müəyyən edilərsə müalicəsi statinlər kimi xolesterolu azaltmaq üçün dərmanlar, qan təzyiqi dərmanları və ya aspirin kimi laxtalanmanı azaldan dərmanları əhatə edə bilər. Eləcə də müəyyən əməliyyat müdaxilə prosedurlar da həyata keçirilə bilər.[4]

Tarix

İlk dəfə 1575-ci ildə təsvir olunması vəziyyətin 5000 ildən çox əvvəl insanlarda meydana gəldiyini təsəvvür etməyə imkan verir.[5] Ateroskleroz xəstəliyinin adı səhiyyəyə ilk dəfə 1904-cü ildə F. Marşan tərəfindən tətbiq edilmişdir. 1911-ci ildə isə patoloq N. N. Aniçkov eksperimental yolla ateroskleroz xəstəliyinin əsas məzmununu öyrənmiş və göstərmişdir ki, ateroskleroz hiperlipidemiya zamanı qanda olan xolesterinlərin damar divarına infiltrasiyası nəticəsində baş verir. Ona görə də ateroskleroza bəzən Marşan-Aniçkov xəstəliyi də deyilir.

Aterosklerozun yaranması və inkişafı

Ateroskleroz ümumiyyətlə gənc yaşda başlayır və yaşla irəliləyir.[6] Demək olar ki, bütün insanlar 65 yaşa qədər müəyyən dərəcədə təsirlənir.[7] İnkişaf etmiş ölkələrdə ölüm və əlilliyin bir nömrəli səbəbidir.[8]

Damar divarlarında əsasən xolesterinin yığılması ən geniş yayılmış patologiyanın – ateroskleroz xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Birləşdirici toxumalarının ətrafında xüsusi lipid lövhələri yaranır. Bunun da nəticəsində damarda zədələnmə baş verir. Damarlar elastikliyini itirir, bərkiyir və toxumalarda qanın təchizı pozulur. Damarda yaranan tıxanma qanda olan yağ, xolesterin, kalsium və digər maddələrdən ibarətdir. Damarların daralması oksigenlə zəngin qanın bədənin hissələrinə axınını məhdudlaşdırır. Diaqnoz fiziki müayinə, elektrokardioqramma və digər üsullara əsaslanır.[9]

Qiperlipoproteinlərin nəticəsində ateroskleroz inkişaf edir. Damarların divarına xilomikronlardan başqa bütün lipoproteidlər daxil olur, lakin zülal və fosfolipidlər ilə zəngin olan α-lipoproteinlər damar divarlarında parçalanır və ya kiçik ölçüdə olduqlarına görə oraya yığılmırlar. Lakin β-Lipoproteinlərin hamısı, pre-βlipoproteidlərin bir hissəsi xolesterinlə daha zəngindir. Bu sinif lipoproteinlərin qanda miqdarının artması damarların divarının tıxanması və orada aterogen lipoproteinlərin toplanmasına gətirib çıxarır. Nəticədə ateroskleroz xəstəliyinin yaranmasına səbəb olur. Xolesterin mübadiləsinin pozulması ateroskleroz, öd daşı, ksantomatoz və s. xəstəliklərin əsasını təşkil edir. Ateroskleroz xəstəliyi qanda xolesterinin artması ilə müşahidə olunur. Öd daşlarının ümumi kütləsinin 90 %-ni xolesterin təşkil edir. Xolesterin normal halda ödün tərkibində məhlul halında olur. Xolesterin kristallaşaraq çöküntüyə keçməsi nəticəsində öd daşları əmələ gəlir.

Aterosklerozun etio-patogenezi

Əksər ürək-damar sistemi xəstəlikləri, o cümlədən də ateroskleroz üçün etioloji amillər ümumidir və bunlara risk faktorları deyilir. Aterosklerozun inkişafında xüsusi əhəmiyyət kəsb edən risk faktorlarına aşağıdakılar aiddirlər: psixo-emosional gərginlik və sinir amili, irsi-genetik amillər, etnik amillər, yaşın və cinsin təsiri, arterial hipertenziya, siqaret çəkmə, hipodinamiya, piylənmə, qeyri-sağlam qidalanma, maddələr mübadiləsinin ekzogen və endogen səbəblərdən pozulması, hormonal pozğunluqlar, damar dəyişiklikləri, şəkərli diabet və s. [10]

Beləliklə, polietioloji xəstəlik hesab edilən aterosklerozun inkişafında bu və ya digər dərəcədə rol oynaya biləcək bütün faktorlar nisbi olaraq 3 qrupa bölünə bilər: 1) Xarici mühit; 2) Qidalanma; 3) İrsi və ya daxili faktorlar.

Aterosklerozun morfogenezi və morfologiyası

Ateroskleroz xəstəliyi elastiki və əzələ-elastiki tipli arterial damarların, daha doğrusu iri və orta kalibrli arteriyaların divarında aterosklerotik düyünlərin meydana çıxması ilə xarakterizə olunur. Çox az hallarda bu düyünlərə kiçik kalibrli – əzələ tipli arteriyalarda rast gəlinir. Bir sözlə ateroskleroz ən çox və ilk növbədə döş aortasında və qarın aortasında, ürəyin tac arteriyalarında, baş beyin əsasının damar kələfində, böyrək arteriyalarında, aşağı ətraf arteriyalarında və s. meydana çıxır. Ağımtıl rəngə və bərk konsistensiyaya malik olan bu düyünlər müxtəlif ölçülü ocaqlar şəklində çox zəif sürətlə və tədricən inkişaf edir. Eyni bir xəstənin bir damarında tamamilə ayrı-ayrı inkişaf mərhələlərində olan aterosklerotik dəyişikliklər müşahidə oluna bilər.

Ateroskleroz öz inkişafında makroskopik (gözlə görünən) və mikroskopik səviyyələrdə konkret mərhələlər keçirir.

Makroskopik olaraq aterosklerozun inkişafında 4 mərhələ ayırd edilir.

  1. Piy ləkələri mərhələsi
  2. Fibroz düyünlər mərhələsi
  3. Yaraların əmələ gəlməsi mərhələsi və ya ağırlaşan zədələnmələr mərhələsi
  4. Aterokalsinoz mərhələsi

Aterosklerotik dəyişiklikləri mikroskopla müayinə etdikdə isə damar divarında nəinki yuxarıda göstərilən və gözlə görünən makroskopik dəyişikliklərin histoloji mahiyyəti aydınlaşır, digər tərəfdən gözlə görünməyən yeni patohistoloji dəyişikliklər və hətta yeni mərhələlər də müəyyənləşdirilmiş olur.

Aterosklerozun mikroskopik mərhələləri, o cümlədən də morfogenezi və xarakter mikroskopik patohistoloji dəyişiklikləri aşağıdakılardan ibarətdir:

  • Arterial damarların zədələnməsi ilə əlaqədar onun keçiriciliyinin pozulması, mikrotromb kütlələrinin əmələ gəlməsi
  • Bu dəyişikliklərlə əlaqədar intimada (arteriya və ya venanın daxili qatı) reaktiv olaraq turş qlikozaminqlikanların toplanması və intimanın ödemi
  • Endotel hüceyrələrdə, daxili qatın bazal membranında və lifli strukturlarda destruktiv dəyişiklərin baş verməsi, keçiriciliyin daha da pozulması, külli miqdarda lipoproteidlərin intimaya infiltrasiyasının başlanması, intimada və intima ilə media (damarların əzələ hüceyrələri) arasında saya əzələ hüceyrələrinin və makrofaqların proliferasiyası
  1. Lipoidoz mərhələsi
  2. Liposkleroz mərhələsi
  3. Ateromatoz mərhələ
  4. Yaralanma mərhələsi
  5. Aterokalsinoz

Ateroskleroz əsasən elastik tipli arteriyalarla (məs, aorta, yuxu və qalça arteriyaları)böyük və orta ölçülü əzələ tipli arteriyalarda (məs, koronar və dizaltı arteriayalar) olur.

Aterosklerozun yaranmasının və sonrakı inkişafının qarşını alan əsas faktorlar aşağıdakılardır:

  • xəstəliyin profilaktikası, düzgün və vaxtında müalicə olunması;
  • siqaret və alkoqol içkilərdən imtina etmək;
  • arterial təzyiqin və qanda şəkərin miqdarının normallaşdırılması;
  • ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirən, arterial təzyiqi normallaşdıran və s. qoruyucu dərman preparatlarının qəbul edilməsi;
  • düzgün qidalanma (rasionda duzlu, yağlı, qızardılmış yeməklərin kəskin şəkildə məhdudlaşdırılması; təzə meyvə, tərəvəz, sıyıqlar, yağsız süd məhsullarına əsas yer verilməsi);
  • artıq çəki ilə mübarizə aparmaq;
  • fiziki aktivlik.

Aterosklerozun klinik-morfoloji formaları

Aterosklerozun morfoloji dəyişiklikləri həmişə bütün şəxslərdə bütün arterial damarlarda eyni intensivliklə və eyni dərəcədə inkişaf etmir və bununla da əlaqədar eyni dərəcədə klinik əhəmiyyət kəsb etmir. Aterosklerotik dəyişikliklərin hansı arterial damarda daha çox üstünlük təşkil etməsindən, bununla da əlaqədar hansı müvafiq üzv və toxumada morfoloji dəyişiklərə səbəb olmasından və klinikada müvafiq əlamətlərlə müşayiət olunmasından asılı olaraq ateroskleroz xəstəliyinin aşağıdakı klinik-morfoloji formaları ayırd edilir:

  1. Aorta forması;
  2. Ürək forması;
  3. Beyin forması;
  4. Böyrək forması;
  5. Müsariqə forması;
  6. Ətraf forması;
  7. Universal və ya müştərək (kombinə olunuş) forma

Aterosklerozun bu klinik-morfoloji formaları içərisində ən geniş yayılanları və daha çox klinik əhəmiyyət kəsb edənləri aorta, ürək və beyin formalarıdır.

Ədəbiyyat

  1. S. F. Qarayev, P. Ş. Məmmədova, A. Q. Nəbiyeva. Biokimyanın əsasları, Bakı, Təfəkkür, 2000, 359 s.
  2. A. Quliyev, T. Həsənov, S. Güləhmədov. Bioloji kimya (statika), BDU-nun nəşriyyatı, Bakı 2004.
  3. A. M. Məhərrəmov, M. Ə. Allahverdiyev. Üzvi kimya, Bakı, Bakı Universiteti nəşriyyatı, 2007, 382 s

İstinadlar

  1. "What Is Atherosclerosis? - NHLBI, NIH". www.nhlbi.nih.gov (ingilis). 22 June 2016. 2 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2017.
  2. "What Are the Signs and Symptoms of Atherosclerosis? - NHLBI, NIH". www.nhlbi.nih.gov (ingilis). 22 June 2016. 5 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2017.
  3. "How Can Atherosclerosis Be Prevented or Delayed? - NHLBI, NIH". www.nhlbi.nih.gov (ingilis). 22 June 2016. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2017.
  4. "How Is Atherosclerosis Treated? - NHLBI, NIH". www.nhlbi.nih.gov (ingilis). 22 June 2016. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2017.
  5. Shor, Allan. Chlamydia Atherosclerosis Lesion: Discovery, Diagnosis and Treatment (ingilis). Springer Science & Business Media. 2008. 8. ISBN 9781846288104. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  6. "What Causes Atherosclerosis? - NHLBI, NIH". www.nhlbi.nih.gov (ingilis). 22 June 2016. 23 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2017.
  7. Aronow, Wilbert S.; Fleg, Jerome L.; Rich, Michael W. Tresch and Aronow's Cardiovascular Disease in the Elderly, Fifth Edition (ingilis). CRC Press. 2013. 171. ISBN 9781842145449. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  8. Topol, Eric J.; Califf, Robert M. Textbook of Cardiovascular Medicine (ingilis). Lippincott Williams & Wilkins. 2007. 2. ISBN 9780781770125. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  9. "How Is Atherosclerosis Diagnosed? - NHLBI, NIH". www.nhlbi.nih.gov (ingilis). 22 June 2016. 5 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2017.
  10. "Who Is at Risk for Atherosclerosis?". www.nhlbi.nih.gov (ingilis). 22 June 2016. 5 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2017.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!