Atatürkü Anma Gənclik və İdman Bayramı[1] (türk.Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı) — Hər il mayın 19-da qeyd olunan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma bərəsi ilə Samsuna endi və həmin gün müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə hədiyyə edib. Uzun illər "Gənclik və İdman Bayramı" olaraq qeyd olunan bayram, 1981-ci ildə dövrün prezidenti Kənan Evrenin qəbul etdiyi və elan etdiyi dəyişikliklə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı.[2][3]
Tarixi
Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda Qazi Günü adı ilə qeyd olundu və 24 May 1935-ci ildə Atatürk Günü adı ilə rəsmiləşdi. Atatürk gününü bütün gənclərə aid etmək olar. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" kimi adlandırılmışdır.
12 Sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, bu ili Atatürk ili elan edib. Bayram tədbirləri çərçivəsində “Gənclik və İdman Bayramı”nın adı dəyişdirilərək “Atatürkü Anma, Gənclik və İdman Bayramı” oldu.[4][5]
19 may 2012-ci ildə TRT-nin kanalı olan TRT 1-in loqosu bu bayram münasibətilə dəyişdirildi.[6]