Arif Əziz

Arif Əziz
Digər adı Arif Əzizov
Doğum tarixi 3 yanvar 1943(1943-01-03) (81 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam, mühazirəçi
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992 Azərbaycan LKGİ mükafatı
"Şöhrət" ordeni — 2018 "Şərəf nişanı" ordeni — 1986
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2023
arifazizart.com

Arif Möhübəli oğlu Əzizov (3 yanvar 1943, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.[1] Azərbaycan Respublikasının xalq rəssamı (2018). Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri.[2]

Həyatı

Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakı şəhərində dünyaya göz açıb. Onun erkən uşaqlıq çağları ağır müharibə dövrünə, həmçinin müharibədən sonrakı çətin, məhrumiyyət dolu illərə təsadüf edib. Lakin o, bütün bunlara baxmayaraq təhsil almış, ürəyində rəssam olmaq arzusu yetişmişdi. Doğma torpağın isti rəngləri, çağlayan Xəzərin göy suları, çılğın xəzrinin soyuq nəfəsi, Abşeronun üstü günbəzli kənd evləri, qumlu Bakı bağlarının əncir-üzümü, bol nemətləri… ta uşaqlıqdan onun gözləri önündə canlanır, onu duyğulandırır, hafizəsinə həkk olurdu. Bəlkə elə bu erkən təəssüratların, romantik duyğuların təsirindəndir ki, rəssam sonralar "Abşeron məktəbi" adlanan bədii istiqamətə, üsluba meyillənmiş, tablolarında Abşeron torpağını, Bakı görüntülərini dönə-dönə kətan üzərinə köçürmüşdür.

Arif Əziz 1960–1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanır və Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olur. Bu, həmin o ali məktəb idi ki, vaxtilə qraf Stroqanovun adı ilə tanınırdı. "Stroqanov məktəbi" ifadəsi dillərdə bu gün də gəzir və əslində bu nüfuzlu ali təhsil ocağının yaxşı tanınan "vizit vərəqəsi"nə çevrilib.

1966–1971-ci illərdə Moskvada ali təhsil alan gənc rəssam sonra Bakıya qayıdır və elə 1971-ci ildən etibarən o zamankı M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) rəssamlıq sənətindən dərs deməyə başlayır. İstedadlı rəssamın bundan sonrakı fəaliyyəti bədii yaradıcılıqla pedaqoji işi üzvi surətdə özündə birləşdirir. Bu illər ərzində o, həm rəssam kimi məhsuldar çalışır, həm də hazırlıqlı pedaqoq kimi gənc rəssamlara ixtisas fənlərini tədris edir. Bu dövrdə o həm də SSRİ Rəssamlıq Akademiyasının akademik kurslarında SSRİ xalq rəssamları, akademiklər Mikayıl Abdullayev və Yevgeni Kibrikin rəhbərlik etdikləri yaradıcılıq emalatxanasında təhsilini davam etdirir. Bu gün Arif Əziz 45 ildən artıq çalışdığı ali məktəbin ən nüfuzlu, təcrübəli pedaqoqlarından biri, universitet elmi şurasının üzvüdür. Professor Arif Əziz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Rəssamlıq" fakültəsi "Dekorativ-tətbiqi sənət" kafedrasının müdiridir.[3]

Yaradıcılığı

Arif Əzizin yaradıcılığı zəngin və çoxşaxəlidir. Yaradıcılığının erkən mərhələsini təşkil edən qrafika dövründə o, çoxlu sayda plakatlar çəkmiş, ekslibrislər, loqolar, dizayn eskizləri, həmçinin uşaq kitabları üçün illüstrasiyalar işləmişdir. Rəssam həm bədii, həm də sənaye qrafikası sahələrində məhsuldar çalışmışdır. Arif Əzizin o dövrdə işlədiyi reklam plakatları seriyası diqqətəlayiqdir. Bu plakatlar sadəcə təşviqat vasitəsi olmayıb maraqlı kompozisiya və rəng həllinə görə seçilirlər. XX əsrin 60–70-ci illərində plakat sənətində "fotorealizm" deyilən bir əhvali-ruhiyyə hökm sürürdü ki, bu da plakatın bədii imkanlarından yetərincə istifadə etməyə maneçilik törədirdi. Artıq o illərdə öz novatorçu dəst-xətti ilə seçilən Arif Əziz plakat janrına dekorativlik daxil etmiş və onu daha da zənginləşdirmişdir. Sənətşünaslıq doktoru, professor Nurəddin Həbibov rəssamın plakatlarını təhlil edərək yazmışdır ki, o, əvvəllər plakat janrında geniş yayılmış nəqlvari təsvirçilikdən uzaqlaşır, müasir səpkidə işləyir, obrazlı təfəkkürə, rəmzi elementlərə əsaslanır.

Rəssamın qrafika sahəsindəki işlərindən danışarkən onun "Bakının əmək qəhrəmanları" adlanan, 40 ədəd ağ-qara üslubda işlənmiş portretlərdən ibarət albomunu yada salmamaq olmaz. Arif Əziz rənglərin dili ilə danışmağı yaxşı bacardığı kimi, ağ kağız üzərində qara rənglə də mükəmməl işləməyi mənimsəyən, qara tuşla kolorit, ritm, həcm effekti yarada bilən rəssamdır. O, ağ-qara kompozisiyalarında, xüsusilə portretlərdə insanın daxili aləmini, onun emosionallığını, quruluşun ekspressivliyini məharətlə əks etdirir. Arif Əziz mədəniyyət xadimlərinin də silsilə obrazlarını yaradıb. Rəssamın Qara Qarayev, Fikrət Əmirov, Süleyman Rüstəm, maestro Niyazi və başqalarının ofort texnikasında işlənmiş qrafik portretləri obrazların dolğunluğu, canlı təsir bağışlaması ilə diqqəti cəlb edir. Arif Əzizin sənətində dekorativizmə meyl güclüdür. Bu dekorativlik kompozisiyanın quruluşunda, məişət elementlərində, milli səciyyə daşıyan əhvalı-ruhiyyədə, doğma torpağın şux, əlvan rənglərində özünü büruzə verir. Rəssam müxtəlif rəng çalarlarından məharətlə istifadə edərək duyğularını, yaşadığı hissləri insanlara çatdırır. "Pir", "Qala kəndi", "Qobustan", "İçəri şəhər" kimi tablolarda, bir çox natürmort, mənzərə və tematik əsərlərdə zəngin koloritli milli ruh hakimdir. Bu tablolarda doğma torpağın əlvan rəngləri insanların gözünü, könlünü oxşayır.[3]

"Seneqal panoramı"

Arif Əziz iki dəfə – 1983 və 1987-ci illərdə Seneqalda olmuş və onun "Seneqal maskaları", "Oyanma", "Dakarda məscid", "Rəqs" və "Seneqal mənzərələri" adlı əsərləri əvvəl Dakarda, daha sonra isə Moskvada, Bakıda uğurla nümayiş olunmuşdur.[2] Həmin vaxt onun "Seneqal panoramı" sərgisi qardaşlaşmış Dakarla Bakının sıx əlaqələrini ifadə edirdi.[2]

Ruhun Rəqsi Fərdi Sərgisi

Arif Əzizin "Ruhun rəqsi" adlı fərdi sərgisi Almaniyanın paytaxtı Berlin şəhərindəki "Gallery Schulz" qalereyasında keçirilib. M. Şults A. Əzizin yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında bağlayıcı kimi dəyərləndirib: "Arif Əzizin çoxşaxəli yaradıcılığı hər zaman dəyişən və abstrakt olub. Onun sənəti ilə yaxından tanış olduqda, onun bədii yaradıcılığının inkşafını və düşüncə tərzini anlamaq olar". Berlinli sənətsevərlər qarşısında çıxış edən əməkdar incəsənət xadimi A. Əziz bildirib ki, Sovetlər Birliyi dövründə incəsənətin bir istiqaməti sayılan abstraksionizm üslubuna muraciət etmək yasaq idi: "Əsas kimi isə "Sosialist realizmi" götürülürdü. Azərbaycan müstəqil dövlət olandan sonra rəssamların yaradıcılığına yeni nəfəs verildi. Bütün qadağalar aradan götürüldü". A. Əziz fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiətini, caz musiqisini tərənnüm edən obrazlar haqqında bəhs edib. Bu mövzulara onun daha çox müraciət etdiyini qeyd edib. Daha sonra qeyd edilib ki, karyerasının əvvəlində A. Əzizin işləri sosialist realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus realistik incəliklərlə seçilir. Bu baxımdan onun əsərləri öz müstəqil dilini inkişaf etdirib və onların Azərbaycan incəsənətində məxsusi yeri var. O, hər zaman insan obrazını Azərbaycandakı müxtəlif memarlıq üslubları ilə sintez etməyə çalışıb və buna nail olub. Bu sintez incəsənət aləmində yeni istiqaməti inkişaf etdirib və bir çox gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.[4]

Mükafatları

1986-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.[2]

4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 9 yanvar 2018-ci ildə "Şöhrət" ordeni ordeni ilə, 27 may 2018-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür.[5]

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.[6]

İstinadlar

  1. "Simurq-az.org - Arif Əziz". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  2. 1 2 3 4 Savalan Fərəcov. Ağ rəngin işığında: Arif Əziz Arxivləşdirilib 2019-09-04 at the Wayback Machine. "Mədəniyyət" qəzeti. 25 aprel 2012, səh. 10. anl.az (az.)
  3. 1 2 "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
  4. "Arxivlənmiş surət". 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
  5. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  6. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!