Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub[2].
Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur[3].
1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir[4].
1993-cü ildə Kəlbəcər–Ağdərə döyüşlərində könüllü iştirak etmişdir.
Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir[5].
Şeirləri "Sovet Ermənistanı", "İnşaatçı" və "Sovet kəndi" qəzetlərində işıq üzü görmüşdür. Zəngin yaddaşı, rəvan təbi, səlis danışıqı, şirin natiqliyi ilə el məclislərində masabəyi kimi məclisləri yola salmışdır.
Aqil İmanın 2015-ci ilin yanvar ayında "Bu dünya görüş yeridi" adlı kitabı (224 səh.) "OL" nəşriyyatında (ISBN 978-9952-494-40-2) çap olunmuşdur. Kitabının redaktoru və ön söz müəllifi tənqidçi Əsəd Cahangirdir. Kitabda Aqil İmanın müxtəlif illərdə yazdığı şeirləri və onun haqqında qələm adamlarının mətbuatda çap olunmuş məqalələri toplanmışdır.[7]