Antuan İsaak Silvestr de Sasi (fr. Antoine Isaac, Baron Silvestre de Sacy; 21 sentyabr 1758[1][2][…], Paris[7][5] – 21 fevral 1838[3][4][…] və ya 22 fevral 1838[5], Paris[7][5]) — fransız dilçisi və şərqşünası.
Həyatı
Məşhur fransız şərqşünası və dövlət xadimi Silvestr dö Sasi 1758-ci ildə Parisdə anadan olmuş, 1838-ci ildə orada vəfat etmişdir. Gənc yaşlarından şərqşünaslıqla məşğul olmuş, Şərq dillərini müəllim Don Bartrodan öyrənmişdir. 1781-ci ildə nümuzmatika üzrə məsləhətçi təyin edilmiş, sarayda qədim pulları oxumaqla məşğul imiş. Dörd ildən sonra qədim kitabələr və ədəbiyyat üzrə Fransa akademiyasına akademik seçilir. Fransa hökumətinin təkidilə yaradılmış "Şərq dilləri məktəbi"ndə (1795) ərəb dilindən dərs deyir.
"Kollej dö Frans"da fars dili üzrə professor olmuşdur. 1808-ci ildə Fransa senatına deputat seçilmişdir. Burbonlar hakimiyyəti dövrünün (1814–1830) ən fəal xadimlərindən idi.
Silvestr dö Sasi 1815-ci ildən Paris universitetinin rektoru, 1828-ci ildən "Kollej dö Frans"ın, daha sonra "Şərq dilləri məktəbi"nin rəhbəri işləmişdir. Elə həmin il ömürlük olaraq Fransanın "Əlyazmalar akademiyası"na katib seçilmişdir. Şərqşünasın dərin mühakiməsini və erudisiyasını yüksək qiymətləndirərək onu Fransada ərəb dilinin öyrənilməsi və yayılmasının banisi adlandırmışlar. Sasinin 1810-cu ildə çap-dan çıxan "Ərəb dilinin qrammatikası" əsəri dəyərli filoloji abidədir. Silvestr dö Sasi kopt dilinin və heroqliflərin bilicisi kimi tanınmışdır. O, "Məhəmməddən əvvəl ərəblərin tarixinə dair xatirələr" (Paris, 1785), zəmanəsinin məşhur şair və dilçisi harariyə (1054–1121) həsr edilmiş "hararinin təlimi" (Paris, 1822), "Ümumi qrammatikanın prinsipləri" (Paris, 1815), "Sasani sülaləsinin medalları və İranın qədim tarixi haqqında bəzi qeydlər" (Paris, 1793) əsərlərinin və dikər əsərlərin müəllifidir. "hararinin təlimi" kitabına ərəbcə geniş izahat yazmışdır.
Silvestr de Sasi həm də ustad mütərcim idi. 1798–1799-cu illərdə Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" əsərini fransızcaya tərcümə edərək "Şairlər haqqında xatirə" adı ilə nəşr etdirmişdir. Kitabda Nizami Kəncəvinin həyat və yaradıcılığı haqqında üç səhifəlik yazı verilmişdir. "Kəlilə və Dimnə" 1816-cı ildə (Parisdə) Silvestr de Sasinin tərcüməsində çapdan çıxmışdır.
Silvestr dö Sasidən sonra gələn bütün fransız şərqşünasları onun məktəbinin davamçıları və şagirdləri olmuşlar. Silvestr dö Sasi 1869-cu ildə Parisdə buraxılan "Müasir klassik müəlliflərin kitabxanası" əsərində Nizami Gəncəvidən də bəhs etmişdir. Silvestr dö Sasi əsasən Caminin "Leyli və Məcnun" əsərinin Şezi tərəfindən tərcümə olunmasından və əsərin keyfiyyətindən söhbət açmışdır.
İstinadlar
Xarici keçidlər
Lüğətlər və ensiklopediyalar | |
---|
|