Alan Uruzmaqoviç Oqoyev (oset. Огъуаты Уырызмаджы фырт Алан; 21 yanvar 1978, Orconikidze) — Rusiya iqtisadçısı, iqtisad elmləri doktoru, professor. 2017-ci il aprelin 11-də K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin rektoru seçilib.
Həyatı
Alan Oqoyev 1999-cu ildə Şimali Osetiya Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Burda maliyyə və kredit ixtisası üzrə təhsil alıb.[1]
2002-ci ildə Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir.
2010-cu ildə Sankt-Peterburq Dövlət İqtisadiyyatı və Maliyyə Universitetində "Regional investisiya prosesinin maliyyələşdirilməsi strategiyası" mövzusunda doktorluq dissertasiyasının müdafiəsi olmuşdur.[1]
Alan Oqoyev 2003–2009-cu illərdə — Şimali Osetiya Respublikası Milli Bankında mütəxəssis, planlaşdırma və investisiya dəstəyi şöbəsinin müdiri, bank tənzimlənməsi və nəzarəti departamentinin rəis müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən Şimali Osetiya Dövlət Universitetində dərs deməyə başlamışdır. Burada o, Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının baş müəllimi, dosent, professor, 2009-cu ildən — maliyyə və iqtisadiyyat üzrə prorektor vəzifələrində çalışmışdır.
2008-ci ildə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasını "Biznesin idarə edilməsi üzrə magistr" əlavə ixtisası ilə fərqlənmə diplomu ilə bitirmişdir.[1]
Alan Oqoyev 2008-ci ildə dördüncü çağırış Şimali Osetiya-Alaniya Respublikası Parlamentinin deputatı seçilmişdir.
2011-ci ildən — Şimali Osetiya Respublikasının təhsil və elm naziri, Şimali Osetiya Respublikasının təhsil və elm naziri vəzifəsinin icraedicisi olmuşdur.
Alan Oqoyev Şimali Osetiya Başçısının 8 oktyabr 2015-ci il tarixli 53 saylı Fərmanı ilə Şimali Osetiya-Alaniya Respublikası Hökuməti sədrinin müavini təyin edilmişdir. Lakin 22 iyul 2016-cı ildə işdən çıxarılmışdır.
22 iyul 2016-cı ildən Alan Oqoyev K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin rektoru vəzifəsinin icra edicisi təyin olunmuşdur.
12 may 2017-ci ildə o, universitetin rektoru seçilmişdir.[2]
Alan Oqoyev Rusiya Coğrafiya Cəmiyyətinin Şimali Osetiya Respublikası üzrə bölməsinin sədridir.[1]
Cənubi Osetiya Respublikasının əməkdar elm xadimidir.[1]
Alan Oqoyev evlidir, beş uşaq atasıdır.
Elmi fəaliyyəti
Alan Oqoyev 2002-ci ildə namizədlik, 2010-cu ildə Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir.[1]
İstinadlar
Xarici keçidlər