Adelaida Universiteti[1] (ing.University of Adelaide) — AvstraliyanınCənubi Avstraliya ştatının Adelaida şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
1872-ci ildə Cənubi Avstraliya Baptist, Konqreqasional və Presviterian kilsələri orta məktəbi bitirmiş gənclərə ali təhsil vermək üçün Kollec İttifaqı yaradırlar. Həmin il zəngin maldar və mis mədəni sahibi Valter Uotson Hyuz universitet yaradılması məqsədilə o dövr üçün böyük məbləğ hesab edilən 20000 funt-sterlinq yardım edir.
Adelaida Universitetinin rəsmi açılışı 1874-cü il noyabrın 6-da baş tutur. Universitetin ilk kansleri hüquqşünas Riçard Hanson, vitse-kansleri isə yepiskop Avqust Şort seçilir. Adelaida Universitetində ilk bakalavr dərəcəsi 1876-cı ildən verilməyə başlanır. Bu universitet 1881-ci ildə Avstraliyada ilk dəfə qız tələbələri qəbul edən ali məktəb olur. Universitetin ilk məzunu da qız olub. Onu adı Edit Emili Dornvell idi. Adelaida Universiteti həm də Avstraliyanın ilk elmi dərəcə verən və musiqi konservatoriyası açan ali təhsil müəssisəsidir.
1915-ci ildə Adelaida Universitetinin professoru Uilyam Breqq fizika üzrə Nobel mükafatına layiq görülüb. 1936-cı ildə sahibkar Lenqdon Bonitonun universitetə etdiyi yardım nəticəsində ali məktəbin əsas binası Boniton Holl tikilir.
1945-ci ildə ali məktəbin məzunu Hovard Flori penisillinin istehsalı və tətbiqinə görə tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görülür. 1996-cı ildə universitetin maşınqayırma üzrə məzunu Endi Tomas "Endeavour" kosmik gəmisinin 10 günlük uçuş missiyasına komandanlıq edir. Həmçinin o, NASA tərəfindən "Shuttle-Mir" elmi-tədqiqat layihəsinin işlənilməsi üçün seçilir. Hazırda isə Endi Tomas Astronavtlar İdarəsinin müdir müavini vəzifəsində çalışır. 2005-ci ildə Adelaida Universitetinin digər məzunu Robin Uorren "Helicobacter Pylori" bakteriyasının kəşfinə, onun qastrit və xora xəstəliklərində roluna görə tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görülür.
Müasir vəziyyəti
Adelaida Universitetinin kampusu Adelaida şəhərinin mərkəzində yerləşir və dörd hissədən — Nort-Terras, Ueyt, Rozvorti, Tebarton şəhərciklərindən ibarətdir. Əsas hissə Nort-Terras adlanır və Cənubi Avstraliya Bədii Qalereyası, Cənubi Avstraliya ştatı Dövlət kitabxanası, Cənubi Avstraliya Muzeyi, Cənubi Avstraliya Universitetinin "Şərq şəhəri" kampusu ilə qonşuluqda yerləşir. Universitetin akademik binaları Nort-Terras kampusunda cəmlənib. Kampusdakı binaların əksəriyyəti qum daşından olan tikililərdir. Kampusdakı binalara Boniton Holl, Mitçell, Elder Holl, Nepier, Ligertvud, Barr Smit kitabxanasını və s. qeyd etmək olar. Nort-Terras kampusunda mütəmadi olaraq musiqi və mədəni tədbirlər təşkil olunur. Nort-Terras kampusundan şərqdə Adelaida Park ərazisində universitetin enologiya kursları təklif edən şərab istehsalı mərkəzi yerləşir.
Ueyt kampusunda kənd təsərrüfatı elmləri, seleksiya və biotexnologiya üzrə müəssisələr cəmlənib. Bu kampus Adelaidanın cənub-şərqi dağ ətəyində 174 hektar ərazidə yerləşir. Həmçinin bu kampusda Ueyt Tədqiqat Məntəqəsi, Cənubi Avstraliya Elmi-Tədqiqat İnstitutu, Elmi və Tətbiqi Tədqiqatlar Birliyi, Avstraliya Funksional Genomika zavodu yerləşir. Kənd Təsərrüfatı, Qida və Şərab Məktəbi də bu kampusda, Errbro Kənd Təsərrüfatı Məktəbinin yanındadır.
Rozvorti kampusu Adelaida şəhərinin şimalında 16 km² ərazidə yerləşir və burada da kənd təsərrüfatı tədqiqatları aparılır. Adelaida Universitetinin elmi-tədqiqat parkı kimi tanınan Tebarton kampusunda mühəndislik, biotexnologiya, ekoloji xidmətlər, informasiya texnologiyaları, sənaye dizaynı, lazer/optika texnologiyaları, mühəndislik əlaqələri, radar sistemlər, telekommunikasiya və neft xidmətləri müəssisələri fəaliyyət göstərir. Eyni zamanda Sinqapurda universitetin Ngee Ann təhsil mərkəzi mövcuddur.
Adelaida Universitetində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə proqramlar təklif edən Mühəndislik, riyaziyyat və informatika, Sağlamlıq elmləri, Humanitar və sosial elmlər, Dəqiq elmlər, İxtisaslar fakültələri fəaliyyət göstərir.
Mühəndislik, riyaziyyat və informatika fakültəsi Kompüter elmləri, Mühəndislik, Riyaziyyat elmləri, İnnovasiya və sahibkarlıq departamentlərindən, Avstraliya Neftçilər, Kimya Maşınqayırması, Vətəndaş, Ekologiya və Dağ-mədən Mühəndisliyi, Kompüter Elmləri, Elektrik və Elektron Maşınqayırma, Riyaziyyat elmləri (Tətbiqi riyaziyyat, Riyaziyyat, Statistika bölmələri), Maşınqayırma məktəblərindən, Avtomobil Təhlükəsizliyi Tədqiqatları, Sahibkarlıq, Kommersiyalaşdırma və İnnovasiya mərkəzlərindən ibarətdir.
Sağlamlıq elmləri fakültəsinə Stomatologiya, Tibb elmləri (Anatomiya və patalogiya, Əczaçılıq, Fiziologiya bölmələri), Tibb (Təcili tibbi yardım, Tibb, Oftalmologiya və vizual elmlər, Ortopediya və zədə, Psixiatriya, Cərrahiyyə bölmələri), Tibb bacısı, Pediatriya və Reproduktiv Sağlamlıq (Mamalıq və ginekologiya, Pediatriya), Əhalinin Sağlamlığı və Kliniki Təcrübə (Ümumi təcrübə, İctimai səhiyyə, Kənd rayonlarında səhiyyə, Tibb, tədris və təhsil qrupu, Zədə stresi problemləri tədqiqatı, Yaitya Purruna bölmələri), Psixologiya məktəbləri aiddir.
Humanitar və sosial elmlər fakültəsində İncəsənət, Tədqiqatların inkişafı, Ekoloji siyasət və menecment, Yerli əhali, Beynəlxalq tədqiqatlar, Media, Musiqi, İctimai elmlər departamentləri, Elder Musiqi Konservatoriyası (Aborigen Musiqi Tədqiqatları Mərkəzi), Tarix və Siyasət (Tarix, Siyasət bölmələri), Humanitar elmlər (Klassika, ingilis dili, Avropa, Fransız, Alman tədqiqatları, Linqvistika, Media, Fəlsəfə bölmələri), Sosial Elmlər Ali (Antropologiya, Asiya tədqiqatları, Gender, fəaliyyət və sosial məsələlər, Coğrafi və ekoloji tədqiqatlar bölmələri) məktəbləri mövcuddur.
Dəqiq elmlər fakültəsi Kənd təsərrüfatı, Dəqiq elmlər departamentlərindən, Kənd Təsərrüfatı, Qida və Şərabçılıq, Heyvandarlıq və Baytarlıq Elmləri, Kimya və Fizika, Yer və Ekologiya Elmləri, Molekulyar və Tibbi-bioloji Elmlər məktəblərindən ibarətdir.
İxtisaslar fakültəsinə Memarlıq, landşaft memarlığı, şəhər dizaynı, Biznes, iqtisadiyyat və maliyyə, Təhsil, Hüquq, İqtisadiyyat məktəbləri aiddir.
Kitabxana sistemi
Adelaida Universitetinin kitabxana sisteminə Barr Smit, Elder Musiqi, Hüquq, Rozvorti, Ueyt kitabxanaları daxildir. Barr Smit, Elder Musiqi, Hüquq kitabxanaları Nort-Terras, Rozvorti kitabxanası Rozvorti, Ueyt kitabxanası isə Ueyt kampusunda yerləşir. Universitet kitabxanalarında ümumilikdə tibb, biologiya, fizika, ətraf mühit və digər elmləri əhatə edən 2 milyondan çox kitab, 25 milyon jurnal, 20000 elektron jurnal və digər materiallar var. Barr Smit universitetin əsas kitabxanasıdır və əsas kolleksiya bu kitabxanaya məxsusdur. Barr Smit kitabxanası 1899-cu ildən Universitet Şurasının qərarı ilə Cənubi Avstraliya xeyriyyəçiləri, uzun illər Adelaida Universitetinə yardım edən Barr Smit ailəsinin adını daşıyır. Bu kitabxana Tədqiqat və soraq, Kreditləşmə və sənədlərin çatdırılması, Kitablar və jurnallar, Metadata, Kitabxana administrasiyası bölmələrindən ibarətdir. Elder Musiqi kitabxanası 2002-ci ildən fəaliyyət göstərir və Cənubi Avstraliyada bu sahəni əhatə edən ən zəngin kitabxanadır. Burada 30000 kitab, 5400 jurnal, 120000 musiqi əsəri, 22000 səsyazma saxlanılır.
Media
Adelaida Universitetində "On Dit" tələbə jurnalı, "Adelaidean" universitet qəzeti, "Lumen" məzun jurnalı dərc olunur. Universitetin "Adelaide" radiosu 1972-ci ildən fəaliyyət göstərir və Cənubi Avstraliyanın ilk ictimai radiostansiyalarından biridir.
İdarəçilik
Adelaida Universiteti Universitet Şurası tərəfindən idarə olunur. Şura universitetin inkişafı, strateji planının, əsas siyasətinin nəzarəti və analizi məsələlərini həyata keçirir. Şura 21 üzvdən ibarətdir. Şuraya universitetin kansleri sədrlik edir. Universitetin kansleri 2010-cu il aprelin 9-dan Avstraliyanın sabiq müdafiə naziri və BMT-dəki sabiq nümayəndəsi cənab Robert Hilldir. Ali məktəbin vitse-kansleri və prezidenti professor Ceyms MakUhadır. O, universitetin əsas icraçı direktoru hesab olunur. Prezidentin akademik məsələlər üzrə müavini professor Paskal Quester, tədqiqatlar üzrə müavini isə professor Mayk Bruksdur. Universitetdə 5 fakültə fəaliyyət göstərir və onlara icraçı dekanlar rəhbərlik edirlər.
Kontingent
Universitetdə ümumilikdə 1353 müəllim çalışır.
Adelaida Universitetində 25000-dən çox tələbə təhsil alır. Onların 5500-ə qədərini dünyanın 95 ölkəsindən olan əcnəbi tələbələr təşkil edirlər.
Adelaida Universiteti tələbələrə universitet yataqxanaları və özəl yataqxanalarda otaqlar təklif edir. Universitet yataqxanalarında qalmaq tələbə həyatını təhlükəsiz edir, tələbə və müəllimlərlə dostlaşmaq, əməkdaşlıq etmək imkanı yaradır, tələbənin akademik uğurlarını təmin edir. Yataqxanalar universitetə və ictimai nəqliyyatın daha sıx olduğu yerə yaxın yerləşir. Yataqxanaların bütün otaqları mebellə, işıqlandırma və İnternetə çıxış ilə təmin olunub. Adelaida Universiteti tələbə kəndi şəhərin sıx məskunlaşmış Vest-İnd rayonunda yerləşir. Burada universitetin 400-dən çox tələbəsi qalır. Adelaida şəhərinin şimalında Mattanya, Barossa vadisinin kənarında Rozvorti yataqxana kompleksləri yerləşir. Eyni zamanda Adelaida Universiteti tələbələri yerləşdirmək üçün əlavə 5 müstəqil kollecə (Aquinas, Linkoln, Sent Enn, San-Marko, Ketlin Lamli) malikdir. Kollecləri Nort-Terras kampusundan 15–20 dəqiqəlik piyada, Ueyt və Tebarton ərazilərindən isə avtobusla 15–25 dəqiqəlik yol ayırır. Yataqxanalar, əsasən bir və ya iki otaqdan ibarətdir. Kommunal, istilik, kondisioner, elektrik, təmizlik, qidalanma və s. xərclər də ümumi yataqxana xərclərinə daxildir. Otaqlar telefon, səsli poçt xidməti və İnternet ilə təchiz olunub.
Adelaida Universitetinin Tələbə Təşkilatı 1895-ci ildən fəaliyyət göstərir. Bu təşkilata Adelaida Universiteti Tələbə Nümayəndələr Şurası, Adelaida Universiteti Magistr və Doktorant Tələbələr Assosiasiyası, Rozvorti Kənd Təsərrüfatı Kampusu Tələbə Təşkilatı daxildir. 2009-cu ildən universitetin idman komandalarından ibarət Tələbə İdman Assosiasiyası Tələbə Təşkilatının filialından çıxaraq müstəqil fəaliyyət göstərməyə başlayır. Assosiasiyaya tələbələrə geniş spektrdə idman imkanları verən 37 idman klubu daxildir.
Adelaida Universitetinin məşhur müəllim və məzunları arasında bir neçə Nobel mükafatı laureatı, 110 nəfər Rods təqaüdçüsü var.[2] Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin atası Leo Bleyer də bu ali məktəbdə hüquq dərsləri keçib. Hər il oktyabr ayında universitetdə məşhur tənqidçi Edvard Saidin şərəfinə Edvard Said mühazirələri təşkil olunur.
Xarici əlaqələri
Adelaida Universiteti bir çox beynəlxalq şirkətlər, federal, dövlət və yerli hökumət orqanları ilə geniş tədqiqat sazişləri həyata keçirir. Ali məktəbdə, əsasən, müdafiə elmləri və texnika, Cənubi Avstraliyada şərabçılığın, kənd təsərrüfatının inkişafı üzrə tədqiqatlar aparılır. Yüksək keyfiyyətli tədris, mühüm tədqiqatlar, güclü ictimai fəaliyyət ənənələri hesabına Adelaida Universiteti beynəlxalq nüfuz qazanıb və sürətlə inkişaf etməkdədir.
Adelaida Universitetinin illik gəlirləri 2009–2010-cu tədris ilində 669216000 Avstraliya dollarına bərabər olub. Həmin il ali təhsil ocağının illik xərcləri isə 601217000 Avstraliya dolları təşkil edib.
Təhsil haqqı
Adelaida Universitetində təhsil haqqı tələbənin oxuduğu fakültədən asılı olaraq dəyişir. Əcnəbi tələbələrin təhsil haqqı bakalavr səviyyəsində ildə 19950–54000, magistratura və doktorantura səviyyələri üzrə 11500–42500, tədqiqatçılar üçün isə 21000–28000 Avstraliya dollarıdır.
Adelaida Universitetində oxuyan əcnəbi tələbə həftə ərzində təqribən 290–475 Avstraliya dolları xərcləyir. Belə ki, bu məbləğin 98–268 Avstraliya dollarını yataqxana və ya kirayə, 87–100 Avstraliya dollarını qidalanma, 15–28 Avstraliya dollarını kommunal, 15–20 Avstraliya dollarını nəqliyyat, 23–32 Avstraliya dollarını telefon, poçt, 40 Avstraliya dollarını isə digər (paltar, əyləncə və s.) xərclər təşkil edir.
Universitetdə oxuyan tələbələrə bir sıra təqaüdlər təklif olunur. Bakalavr səviyyəsində təhsil alan tələbələr üçün universitetdə müxtəlif məbləğli Adelaida Universitet, Endi Tomas, Birlik, Kouen və s. 50-yə qədər təqaüd, əlaçı tələbələrə 30-a qədər, magistratura və doktorantura səviyyələrində təhsil alanlar üçün Tədqiqat, Beynəlxalq, Səyahət, Kurs işi və s. təqaüdlər mövcuddur. Eyni zamanda universitetdə maddi durumu çətin olan, əlil, aborigen, region və kəndlərdən olan tələbələrə xüsusi təqaüdlər verilir.
Hovard Flori – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
Robin Uorren – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı.
Uilyam Henri Breqq – fizik, kimyaçı, riyaziyyatçı və fəal idmançı idi; Breqq 1915-ci ildə oğlu Uilyam Lorens Breqq ilə birlikdə Fizika üzrə Nobel Mükafatını qazanmışdı.