Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir.
Ümumi məlumat
Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır.
İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var".
On addım kənarda yatmayır təkə,
Gəzinir oylağa baş çəkə-çəkə.
Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər).
Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır. Bəzilərində 1 addımın təqribən 28,8 sm-ə, digərlərində 12 min addımın 1 fərsəngə bərabər olduğu göstərilir. 1 fərsəng 6 km-dirsə, burada 1 addım 0,5 m olur. Başqa bir ədəbiyyatda "1 addımın insanın boyunun yarısına bərabər olduğu" göstərilir. Bu, Azərbaycanda işlənən addımın ölçüsünə uyğun gəlir. Qədim insanın boyunun 2 m-ə yaxın olduğu (bu gün də belə ucaboylu insanlar var) nəzərə alınsa, onun yarısı 1 m olur. Elə buna görədir ki, bu gün Azərbaycanda xalq arasında addım 1 m-ə bərabər götürülür.
Dayaz çayları keçmək üçün hər metrdən bir iri daş qoymaqla düzəldilən addamaslar da addım sözündən yaranmışdır, çünki burada suya düzülən daşların arası təxminən 1 addım olur.
Mənbə
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 454. ISBN 978-9952-34-152-2
Xarici keçidlər
Həmçinin bax