XI–XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur — onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər.
Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı.
Strateji təyinatı
Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi. Qıpçaqlarla alanlar da məğlub edildi.[1]
Çox guman ki, rusların Azərbaycandan qovulması işində Abşeron istehkamlarının böyük rolu olmuşdur. Aydın havada bürc və qüllələrdən açıq dənizdə olan gəmiləri uzaq məsafədən müşahidə etmək mümkün idi. Qüllədən görünən gəmilər haqqında dərhal şahın qərargahına xəbər verilirdi və düşmən, əsas üstünlüyü olan gözlənilməzlik amilindən məhrum olurdu. Bütün Abşeron yarımadası boyu yerləşən qalalar uzunmüddətli yaşayış üçün nəzərdə tutulmamışdı. Qərbi Avropanın qəsrlərindən fərqli olaraq Abşeron qalalarının yardımçı və xidmətçi tikilələri olan daxili, geniş həyəti yox idi. Belə tikililər qalaların xaricində yerləşirdi. Qalalar feodalın və onun vassallarının müvəqqəti sığınacağına və passiv müdafiə işinə xidmət edirdi. Abşeronun bütün qalaları vahid müdafiə sisteminə daxil idi. XVII-XVIII-ci əsrlərdə qalalar işarə funksiyasını yerinə yetirməyə başladı. Düşmən yaxınlaşanda qalalarda neft yandırılırdı və beləliklə əhali xəbərdar edilirdi. Qızıl Orda xanlarının yürüşləri və kazaklarının Xəzər sahillərinə basqınları zamanı da Abşeron qalaları müdafiə və xəbərdarlıq funksiyasını yerinə yetirmişdir.
Quruluşları və memarlıq xüsusiyətləri
Abşeron qalalarının çox ümumi cəhəti var. Onların hamısı kəndlərin kənarında və yaxud onlardan uzaqda yerləşir. Abşeronun dördkünc və yumru qalalrı, demək olar ki bütün hallarda eyni plana uyğundur. Onların hamısı dördkünc qala divarları ilə əhatələnib. Bürcün ətrafından qala divarlarına 20–25 metr məsafə var. Bürclər hündürlüyünə görə yaruslara(ikidən səkkizə qədər) bölünüb, onların arasındakı əlaqə divarın içindəki pilləkan vasitəsilə idi. İkinci qata pilləkən yoxdur və, yəqin ki, burada daşınan taxta nərdivanlardan istifadə edilirdi. Bütün qalaların birinci qatda eni 6,5–7 metr, yuxarı qatların — 3,5–4,5 metrdir. Dördkünc bürclərin divarlarının eni ilə yumru bürclərin diametrləri də ölçülərinə görə yaxındır (3,5–5,5 metr), divarın qalınlığı (2 metrə qədər). Bürclərin bütün müdafiə vasitələri onun yuxarı meydançasında cəmləşdirilirdi. Onun üzərində yerləşdirilən oxçular dişli pilləvari parapetlə müdafiə olunurdular. Bürcün bütün qatlarında içəriyə genişlənən mazğallar, əsasən ventilyasiya və işıqlandırma üçün nəzərdə tutulmuşdur. Sadə kanalizasiya xəttləri və su quyuları da bürclərin mühasirə zamanı üçün, müvəqqəti yaşayış yeri olduğunu bildirir.