AMEA Mərkəzi Elmi Kitabxana və ya qısaca: AMEA MEK — Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana.[1]
Mərkəzi Elmi Kitabxana Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətləri, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılmasını, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılmasını, dünya elmi, tarixi və mədəniyyətini təbliğ edir. MEK, mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası tərkibində informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərir. MEK əsas prioritet fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 №-li Fərmanı və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 – 2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifə və öhdəliklər ilə uyğunlaşır.
Kitabxananın direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynovdur.
Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin[2] nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb.[3] Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur.[4] Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında böyük rol oynamış professor Abuzər Xələfov "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərsliyinin II hissəsində bu faktı belə xarakterizə edir:
Cəmiyyətin nizamnaməsində təşkili zəruri hesab edilən kitabxananın əsası elə 1923-cü ilin dekabrında qoyuldu. Cəmiyyət yarandığı gündən onun təşəbbüskarları cəmiyyətin kitabxanasını yaratmaq işini ön plana çəkmiş, kitabxana üçün kitab toplamağa başlamışdılar... Bu kitabxananın yaranmasında 1924-cü ildə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Biblioqrafik büronun mühüm rolu olmuşdu... Biblioqrafik büroya professor A.B.Baqri rəhbərlik edirdi... Büro Cəmiyyətin kitabxanasının formalaşması sahəsində də ciddi iş aparırdı.[5]
1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı olur.
Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923–1924-cü illərdə həyata keçirilmişdir.[6] 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır.[7] AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır. Əsaslı Kitabxana 1984-cü ildən Mərkəzi Elmi Kitabxana (MEK) adlanır.[8]
AMEA Mərkəzi Elmi Kitabxana (MEK) ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən Mərkəzi Elmi Kitabxana (MEK) elmi müəssisə statusu almışdır.[9]
1925-ci ildə Hənəfi Zeynallının rəhbərliyi ilə yaranan Mərkəzi Elmi Kitabxana (MEK) 90 illik fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək elmin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynamışdır.[10] Mərkəzi Elmi Kitabxanaya müxtəlif illərdə S. M. Yəhyazadə, Y. İ. Tahirov, Nazim Axundov, Rasim Kazımov, Məhbubə Həsənova, Əmin Əfəndiyev, Aybəniz Əliyeva-Kəngərli, Leyla İmanova ,[11] Sevil Zülfüqarova, Məmməd Əliyev rəhbərlik etmişdir.[12] 2024-cü il aprel ayının 2-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika elmləri doktoru dosent Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin olunub.[13]
Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 1304686 nüsxəyədək ədəbiyyat saxlayan zəngin, universal kitab fonduna malikdir.[14]
Rəhbərlik
Direktor
Hüseyn Cəlil oğlu Hüseynov
Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini
Oruc İslam oğlu Quliyev
Kitabxana işləri üzrə direktor müavini
Şəhla Tahir qızı Quliyeva
Ümumi işlər üzrə direktor müavini
Yusif Rəsul oğlu İsmayılov
Elmi katib
Şəbnəm Ayaz qızı Rüstəmova
Baş mühəndis
Rafiq Savalan oğlu Aslanov
Beynəlxalq əlaqələri
Mərkəzi Elmi Kitabxana respublikada beynəlxalq kitab mübadiləsi mərkəzidir. AMEA MEK ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, MDB dövlətləri və digər ölkələrin təşkilatları (Akademiyalar, ali təhsil müəssisələri, kitabxanalar, xüsusi təşkilatlar, muzeylər, ayrı-ayrı alimlər, yazıçılar, ictimai xadimlər) ilə əlaqə yaradaraq ədəbiyyat və informasiya mübadiləsi aparır.[15]
MEK 37 ölkənin 108 təşkilatı ilə beynəlxalq mübadilə aparır. Beynəlxalq mübadilə nəticəsində qarşılıqlı olaraq oxucuların sorğusuna əsasən sifarişlər edilir və fondlar zənginləşdirilir. Aktiv təşkilatlar arasında ABŞ Konqres kitabxanası, Fransa Milli Kitabxanası, Rusiya Dəqiq Elmlər EA Kitabxanası, Milli Kitabxanası, Qazaxıstan Akademiya Kitabxanası, Belarus MEK, Moldova EA Kitabxanası, Özbəkistan Milli Kitabxanası, Bosniya və Hersoqovina — Akademiya Kitabxanası, Qazi Xosrov kitabxanası, Türkiyə — Türk Dil Qurumu, Türk Ocaqları, Türk Dünyası Araşdırmaları Vəqfi, Türk Tarix Qurumu, İldırım Bəyazid Universiteti, Böyük Millət Məclisi kitabxanası, Milli Kitabxana, Çin Milli Kitabxanası, Almaniyanın Fraye Universiteti, Senkenberq Araşdırmalar İnstitutu, Macarıstan Elmlər Akademiyasının Kitabxanası, Rusiya, Belarus, Bolqarıstan, Rumıniya Milli Kitabxanaları vardır.
Ölkələr arasında ABŞ partnyor sayına görə 1-ci yeri tutur (80-dən çox təşkilat). Aktiv partnyorlar sırasında Vaşinqton şəhərində yerləşən Konqres Kitabxanası, Miçiqan Universitetinin Kitabxanası, Los-AncelesdəKaliforniya Universiteti, İllinois Universitetinin kitabxanasının adlarını çəkmək olar. Həmçinin Avropa ölkələri — London Coğrafiya İnstitutu, Asiya Cəmiyyəti, İngiltərənin Britaniya muzeyi, Parisdə Milli Kitabxana, Hamburqda Zoologiya İnstitutu, Tokio şəhərində yerləşən Yaponiyanın Zəlzələ Araşdırmalar İnstitutu, Riyaziyyat İnstitutunun Kitabxanası və digərləri ilə kitab mübadiləsi müvəffəqiyyətlə həyata keçirilir.[16]
Bu əlaqələr çərçivəsində Mərkəzi Elmi Kitabxana 2015-ci il ərzində Azərbaycanda fəaliyyətdə olan bir neçə səfirliklərin nümayəndələri ilə görüşlər keçirmişdir.
— Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami (09 aprel, 2015)
— Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandaki səfirliyinin missiya rəhbərinin müavini Abdulla Yasim Əl-Şəmsi (21 aprel, 2015)
— Əfqanıstan İslam Respublikasının Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili (23 aprel, 2015)
— İsveç Krallığının Azərbaycandaki səfirliyinin müvəqqəti işlər üzrə vəkili Tomas Danestad (30 aprel, 2015)
— İraqın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak (04 may, 2015)
— Türkmənistanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov (05 may, 2015)
— Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim (06 may, 2015)
— Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-inn (20 may, 2015)
— Kolumbiyanın Azərbaycandakı səfirliyinin daimi işlər vəkili Assad Xose Xater Penya (29 may, 2015)
— Rusiyanın Azərbaycandaki səfirliyinin baş müşaviri Aleksandr Qladkov (29 may, 2015)
MEK-in bir qrup əməkdaşı 8 yanvar 2015-ci ildə Birləşmiş Krallığa səfər edib. Səfər zamanı Britaniya Kitabxanasının London və York şəhərlərində yerləşən bölmələrində bir sıra mühüm görüşlər keçirilib və kitabxana təcrübəsi öyrənilib.
MEK-in bir qrup əməkdaşı 28 sentyabr 2015-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində keçirilən X Beynəlxalq kitab sərgi-yarmarkasında və "Kitab tərəqqi və əməkdaşlıq yoludur" adlı beynəlxalq elmi konfransda iştirak edib.
MEK 7 noyabr 2015-ci ildə Türkiyədə keçirilən 34-cü beynəlxalq kitab sərgisində təmsil olunub.
MEK-in bir qrup əməkdaşı Rusiya Dövlət Kitabxanası və Yeltsin adına Prezident Kitabxanasına səfər edib. Səfər nəticəsində əməkdaşlar Rusiyalı həmkarların kitabxana idarəetməsi, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində təcrübələri ilə tanış olub.
— Rusiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri MEK-i ziyarət edib (30 yanvar, 2020)
— Cenevrə professoru Vera Slaveykova, Rusiyanın Həştərxan Dövlət Universitetinin professorları Mixail Yeqorov və Olqa Yeqorova MEK -i ziyarət ediblər (05 mart, 2020)
2021-ci il ərzində kitabxananın büynəlxalq əlaqələri genişlənmiş yeni əməkdaşlıq müqavilələri imzalanmışdır:
2021-ci il mayın 5-də Mərkəzi Elmi Kitabxana ilə Rusiya Elmlər Akademiyasının Dəqiq Elmlər Kitabxanası arasında əməkdaşlıq haqqında saziş bağlanmışdır.
2021-ci il sentyabrın 1-də MEK-in baş direktoru M. Əliyev ilə Moldova Respublikası "A. Lupan" Elmi Kitabxanasının direktoru K. M. Manolake arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
2021-ci il noyabrın 1-də Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin müəssisəsi olan "Qələm Ordası" ilə əməkdaşlıq haqqında saziş imzalayıb.
2021-ci il noyabrın 25-də Belarus Milli Elmlər Akademiyasının Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
25 noyabr 2021-ci ildə MEK Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (1993-cü ildə Kiyevdə təsis edilmiş, rus.MAAH) üzvü seçilmişdir (24 Elmi Şuradan Kitab mədəniyyəti, kitab nəşri, kitabxana Elmi Şurasının üzvü seçilmişdir).
30 may 2024-cü il tarixində ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazim Çavuşoğlu, ŞKTC-nin Bakıdakı nümayəndəsi Ufuk Turqaner Mərkəzi Elmi Kitabxanada yaradılan "Şimali Kipr Türk Cümhuriyyəti" diplomatik guşəsinin açılışında iştirak ediblər. MEK-in direktoru Hüseyn Hüseynov dünyanın 46 ölkəsi və 126 təşkilatı ilə əməkdaşlıq edən kitabxana haqqında nazirə ümumi məlumat verib.[17] Açılış zamanı qonaqlar "Akademik zal"da yaradılan guşədə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin MEK-ə hədiyyə etdiyi ədəbiyyatlarla tanış olublar.
31 may 2024-cü ildə Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Səncər Mərkəzi Elmi Kitabxananı ziyarət etmiş, buradakı yeniliklərlə yaxından tanış olmuşdur.[18]
27 iyun 2024-cü ildə Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov ilə Özbəkistanın Ürgənc Dövlət Universitetinin rektoru Bəhram Abdullayev arasında əməkdaşlığa dair memorandum imzalanıb.[19]
Kitabxananın fond və şöbələri
Azərbaycan dilində ədəbiyyat və Mübadilə fondu — Kitabxananın balansında olan sənədlərin fondlarda yerləşdirilməsi, mühafizəsi, Xidmət şöbəsi vasitəsilə oxucu sorğularının cavablandırılması, istifadə müddəti bitmiş ədəbiyyatın geri qaytarılması və müvafiq fondlarda yerləşdirilməsi, zərurət yarandıqda bərpasını təmin edir. Burada 150873 nüsxə qorunur. Mübadilə fondu kitabxanaya daxil olmuş çoxsaylı ədəbiyyatı qəbul edir, onları yerləşdirir, siyahısını və kartotekasını hazırlayır. Fondun əsas məqsədi kitabxanada mövcud olan ədəbiyyatı (kitab, jurnal, qəzet və s.) mühafizə etməkdir. 45226 nüsxə Mübadilə fondunda qorunur.
Xarici dillərdə ədəbiyyat fondu — Azərbaycanın və dünyanın elmi, tarixi və mədəni dəyərə malik qədim, klassik və müasir kitabxana sənədlərinin mühafizə və istifadəsini təşkil edir, milli-mədəni sərvət sayılan kitab abidələri, dövri mətbuat, habelə digər sənədlərin mühafizəsini, bərpasını, qorunmasını həyata keçirir. Fondda ümumilikdə 1004262 nüsxə kitab jurnal və qəzet mühafizə olunur. Xarici dillərdə ədəbiyyat fondunda 997759 nüsxə qorunur. Orta əsrlərdən başlayaraq dövrümüzə kimi müxtəlif elmi və bədii ədəbiyyatı, lüğətləri və mətbuat səlnamələrini əhatə edir. Fondda ingilis, alman, fransız, macar, italyan, polyak, danimarka, bolqar, rum, ispan, yapon və s. dillərdə qorunan ədəbiyyatlar zənginliyi və nəşr olunma illərinin qədimliyinə görə fərqlənir.[20]
Nadir kitablar və qiymətli nəşrlər fondu — 1998-ci ildə yaradılıb. Fonda kitablar nəşr tarixinə, region və ölkə əhəmiyyətinə, tərtibatına, ölçülərinə görə (ən iri, ən kiçik) və digər meyarlar əsasında seçilib və unikal nəşrləri özündə birləşdirir. Burada Azərbaycan Respublikasının kitabxanaları arasında ən qədim 22 kitab mühafizə olunur. Kitabların dili ölü dil hesab olunan latın dili, mövzuları isə qədim Roma imperiyasına, tarixə, kilsəyə və dinə aiddir. Qədim nəşrlər 1502-1572-ci illəri əhatə edir. Kitablar “Azərbaycan Respublikasının Kitab Abidələri”nə daxil edilib. Bu nəşrlər arasında ən qədimi 1502-ci ilə aid “Heptalogium ex diversis paginis atque auctorum officinis congestum” kitabıdır. Nadir kitablar və qiymətli nəşrlər fondunda 11644 nüsxə qorunur.
"Qarabağ müharibəsi qəhrəmanları" fondu — Fondun rəsmi açılış mərasimi 2021-ci il iyunun 24-də baş tutub. "Qarabağ müharibəsi qəhrəmanları" fondu 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, "Qarabağ Azərbaycandır!" guşəsində 50-ə yaxın müharibə iştirakçısının fotoları, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, Azərbaycan Respublikasının xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu "Zəfər memarları" guşəsi, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı 500-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, 1000-dən artıq kitab, qəzet, jurnal, məqalələr, sənədli və bədii filmlər toplanaraq oxucuların istifadəsinə verilib. Fondda, həmçinin oxucuların rahatlığı və tədbirlərin təşkili üçün də lazımi şərait yaradılıb.[21] Fondda 1308 nüsxə qorunur.
Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi — Ümummilli lider Heydər Əliyevin zəngin irsinə, Azərbaycanın zəngin dövlətçilik tarixinə dair, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyətinə, I Vitse-Prezident Mehriban Əliyevanın sosial-humanitar sahədə fəaliyyətinə, Azərbaycanın dünyada təbliğinə həsr olunmuş ədəbiyyatın kitabxana fondlarında komplektləşdirilməsi, rəqəmsallaşdırılması, məlumat bazalarının hazırlanması işini təşkil edir, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, mövzu və şəxsi biblioqrafik göstəricilərin hazırlanması, görkəmli dövlət xadimi Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur, bu sahədə elmi-tədqiqat işlərinin informasiya təminatını həyata keçirir. Şöbədə 1480 nüsxə qorunur.[20]
Reproqrafiya şöbəsi — Azərbaycanın bədii, elmi, fəlsəfi kitablarını, o cümlədən klassik ədəbiyyat nümunələrini, müəlliflər tərəfindən verilən kitab nüsxələrini, qəzet, jurnal və məqalələri müxtəlif tipli skan aparatları vasitəsilə elektron formata salıb, sonra xüsusi nazimproqramda konvertasiya edib bir formatda elektron bazaya salıb oxucuların istifadəsinə verilməsi işini görür. Əsas fəaliyyət istiqamətləri kitabxananın elektron bazasını yaradaraq, oxuculara xidmət etmək olan reproqrafiya şöbəsi ildə 1000-dən artıq müxtəlif elmi məzmunlu nəşrlərin elektron formatda elektron bazaya yerləşdirilməsinə xidmət edir. Ümumi olaraq 2021-ci il ərzində skan edilmiş səhifələrin sayı 70 mindən, konversiya edilmiş səhifələrin sayı isə 103 mindən çox olub. Nəşrlər sırasında kitab, qəzet, jurnal materialları yer alır. Şöbənin məqsəd və vəzifələrinə Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, ədəbiyyatların siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid olunması işinin icra edilməsi, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resurslarının, elmi məqalələrin Mərkəzi Elmi Kitabxananıne-kataloquna daxil edilməsi aiddir.[22] Reproqrafiya şöbəsi universitetlər, akademik tədqiqat institutları və s. elm qurumlarında mövcud olan fiziki və elektron elmi materialların bir bazada cəmləşməsini və istifadəyə verilməsini, Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş , görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri münasibətilə onların həyat və yaradıcılığını əks etdirən məlumatların hazırlanması və virtual sərgiyə təqdim edilməsini, AMEA Mərkəzi Elmi Kitabxananın fondlarında qorunub saxlanılan nadir nüsxələrin skan vasitəsilə rəqəmsallaşdırılması, PDF formatına çevrilməsi və bazada yerləşdirilib saxlanılmasını təmin edir.[22]
Azərbaycanşünaslıq və milli rəqəmsal yaddaş şöbəsi — Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, elmi işlənməsi, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili və aparılması, Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədi ilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması işini nəzərdə tutur. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşması, ədəbiyyat siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid olunması işinin icra edilməsi, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ardı davam edən nəşrlərdəki müxtəlif dillərdə elmi məqalələrin Mərkəzi Elmi Kitabxananın e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, İRBİS proqramından çap olunmuş kartoçkaların kartotekaya yerləşdirilməsi, AMEA İnstitutlarından göndərilən MRY-a aid ədəbiyyatların elektronlaşmasının təmin edilməsindən ibarətdir.[20]
Biblioqrafik nəşrlər şöbəsi — 1923-cü ildə təşkil olunmuş “Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyəti”nin nəzdində 1924-cü ildə “Biblioqrafiya bürosu” kimi fəaliyyətə başlayıb. 1925-ci ildə “Elmi Kitabxana” ilə “Biblioqrafiya bürosu”nun fəaliyyəti birləşdirilib. 1959-cu ildə “Məlumat-biblioqrafiya”, 1967-ci ildə “Elmi biblioqrafiya”, 1973-cü ildə “Elmi-texniki informasiya”, 2003-cü ildə “Biblioqrafiya şöbəsi” adı altında fəaliyyət göstərən şöbə 2015-2020-ci illərdə “Kitabxana-xidmət şöbəsi”nin tərkibində “Biblioqrafik sorğular bölməsi”, 2020-ci ildə isə kitabxanada baş verən struktur dəyişikliyinə əsasən yenidən “Biblioqrafiya şöbəsi” adlandırılıb. 2024-cü ilin may ayından etibarən şöbə iki yerə bölünərək “Biblioqrafik nəşrlər” və “Biblioqrafik və elektron informasiya xidməti” şöbələri kimi fəaliyyət göstərir. Şöbənin əsas vəzifəsi tematik mövzularda elmi biblioqrafik göstəricilərin, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından şəxsi biblioqrafiyaların tərtibi və redaktəsidir.[20]
Avtomatlaşdırma və proqram təminatı şöbəsi — kitabxana-informasiya xidmətinin modernləşdirilməsinə, informasiya təminatının optimallaşdırılmasına, zaman və məkan məhdudiyyəti olmadan Mərkəzi Elmi Kitabxananın e-kataloqu və e- kitabxanası mek.az saytı vasitəsi ilə uzaq məsafədən elektron informasiya xidmətini göstərir. Şöbə kitabxanada tətbiq edilən İRBİS64+AKİS (Avtomatlaşmış Kitabxana İnformasiya Sistemi) İnzibatçılığı və onun texnoloji proseslərinin tənzimlənməsi, əlavə və dəyişikliklərin tətbiqi məsələləri ilə də məşğuldur.[20]
Komplektləşdirmə şöbəsi — müxtəlif növ ədəbiyyatların təhvil alınması, sənədləşdirilməsi, inventar nömrələrinin verilməsi, e-kataloqa daxil edilməsi və müvafiq fondlara göndərilməsi işini həyata keçirir. Şöbənin iş prinsiplərinə: qəbul olunan ədəbiyyatın sənədləşdirilməsi, təşkilat və idarə tərəfindən daxil olunanlara təhvil-təslim aktı və ya müəlliflərə tələblərinə uyğun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmək üçün və yaxud tələb olunan orqana arayışın hazırlanması; elektron formatda təqdim olunan sənədlərə (CD, PDF) Müəllif hüquqlarını qorumaq məqsədilə "Müəllif müqaviləsi"nin tərtibi, qəbul olunan ədəbiyyatın yoxlanılması, fondda mövcud olanlar və ya fondda 4 nüsxədən artıq olan əddəbiyyatın aktlaşdırılması və akt üzrə Mübadilə fonduna təhvil verilməsi daxildir.[20]
Kitabxananın zalları
Kitabxananın hər mərtəbəsində olmaq şərtilə, ümumilikdə 14 oxu zalı var. Hər oxu zalının özünüqeydiyyat (selfchek) avadanlığı, skaneri, açıq kitab fondu, elektron və ənənəvi kataloqa çıxışı və istirahət otağı var. Oxu zalları eyni zamanda 1000-dən çox oxucuya xidmət edə bilir. Kitabxana kiçik konfrans zalları, yeni nəşrlər zalı, sərgi zalı, oxucu və personalın istirahəti üçün internet kafe ilə təchiz olunub.
Akademiklərin zalı — Elmlər Akademiyasının həqiqi üzvü olan alimlərə xüsusi iş şəraiti yaradır, elmin ali səviyyədə sahələrarası əlaqələndirilməsinə və gənc alimlərə bu sıradan olan əməkdaşlıq nümunəsini nümayiş etdirir.
Dissertasiya zalı. — Dissertasiya zalının açıq kitab fondunda dissertasiya və avtoreferatlar istifadə üçün təqdim olunur. Zalda vaxtaşırı müdafiələr həyata keçirilir.
"Zəkalı" müzakirə otağı — müasir avadanlıqla təchiz olunub. VHV ekranı fasilitator vasitəsilə eyni zamanda 20 ekspertin təklif, düzəliş, dizayn və s. fikirlərini cəmləyib əks etdirə bilir, sürətli müzakirə və rəylərin hamısının "eşidilməsi" üçün imkanlar yaradır. İdarə heyəti üzvlərinin, ekspertlərin, dizaynerlərin, işçi qrupların müzakirələri zamanı istifadə olunur.
Şuşa zalı — ölkə və beynəlxalq miqyasda tədbirlər, elm xadimləri, yazıçılar ilə görüşlər, yubileylər, konfranslar, elmi araşdırmaların təqdimatları xüsusi formatda həyata keçirilir.
Sərgi zalı — MEK-ə daxil olan yeni ədəbiyyatların sərgisi təşkil edilir və bu ədəbiyyatlar 15 gün ərzində sərgilənir. Eyni zamanda görkəmli şəxsiyyətlərin yubleyləri, əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri burada təşkil edilir.